"Xalq artisti olmasam da, xalqın əsl artistiyəm"

 

Qocaman tarzən Firudin Ələkbərov ad almasa da, hökumətin ona bugünkü diqqətindən razılıq edir

 

Hər bir milləti millət kimi formalaşdıran, tanıdan onun qədim köklərə malik milli mədəniyyəti, tarixi, irsi və adət-ənənələridir. Sadalanan bu atributlar bir-biri ilə sıx və qırılmaz əlaqələrlə bağlıdır. Musiqi aləmi isə zaman-zaman xalqların ən dəyər verdiyi bir sahə hesab olunub. Bizim musiqimizin milli atributlarından biri və bəlkə də birincisi tardır. O tar ki, bizə "tarın atası" adlandırılan Sadıqcandan, Qurban Pirimovdan və digər böyük tarzənlərdən miras qalıb. Hətta ölməz şairimiz M.Müşfiq tarın bu füsunkarlığına heyran qalaraq, həyatını təhlükəyə atıb "Oxu, tar" şerini yazdı.

Göründüyü kimi, milli musiqi alətlərimizin şahı sayılan bu alətə verilən qiymət zaman-zaman böyük olub. Ancaq vəziyyət bu gün nə yerdədir? Biz qədim musiqi alətimizə və tarzənlərimizə layiq olduqları qiyməti və diqqəti ayıra bilirikmi? Əfsuslar olsun ki, yetərincə yox. Bu gün şou meydanında "yarıçılpaq" xanımların və qulağı sırğalı kişilərin "xalq artisti" adı altında "at oynatdığı" meydanda Firudin Ələkbərov kimi qocaman tarzənlərimiz "əməkdar artist" adı ilə kifayətlənməyə məcburdurlar. Səbəbi isə yəqin ki, çoxlarına aydındır. Bizimsə borcumuz unudulmaqda olan sənətkarlarımızı hər zaman yad etmək və xatırlamaqdır. Bu məqsədlə də Firudin Ələkbərovla hazırladığımız müsahibəni sizə təqdim edirik.

- İstərdim ki, qocaman tarzən usaqlıq, gənclik illərindən xatirələrini bizimlə bölüşsün. Uşaqlığınız harda, necə keçib?

- Siz bunu məndən xahiş edirsiniz, elə o andaca qəhər məni boğur. Məncə, hamıda belədir. Uşaqlıq illəri şirin olur deyə onları unutmaq da çətin və əzablıdır. Mən Gəncə şəhərində doğulmuşam. Atam ticarətçi, anamsa evdar qadın olub. Biz ailədə 8 qardaş, 1 bacı olmuşuq. Ancaq bu gün dünyada yaşayan yeganə övlad mənəm. Ailəmizin dolanışığı sən deyən o qədər də yaxşı olmayıb. Mənim elə uşaqlıq illərindən musiqiyə böyük həvəsim var idi. Baxmayaraq ki bizim ailəmizdə musiqiçi olmayıb. İndiyə kimi yadımdadır. Mənim 4-5 yaşım olardı. Qonşumuzda musiqiçilər var idi. Gedib oturardım onların dizinin dibində və ifa etdikləri mahnılara həvəslə qulaq asardım. O qədər mahnıların təsirinə düşərdim ki, elə ordaca yuxu məni aparardı. Anam məni götürüb evə gətirər və tənbeh edərdi. Yuxudan oyanan zaman eşitdiyim o musiqiləri zümzümə etməyə başlayardım. Sonralar mən taxta parçasından özümə tara bənzəyən bir alət də düzəltdim. Ağac parçasına sap dolayıb, onu tar kimi böyük həvəslə çalırdım. Ancaq bu alət səs çıxarmadığından səsi ağzımla çıxarırdım. Qonşumuzun uşaqları da yığışıb əl çalır, rəqs edərdilər. Uşaqlığım belə maraqlı hadisələrlə, əhvalatlarla çox zəngin keçib. Adam hərdən istəyir ki, o qayğısız, şən uşaqlıq illərinə yenidən qayıtsın. Heç doymaq olmur o illərdən...

- Bəs tarzən kimi Firudin Ələkbərovun tarixi hardan başlayır?

- Bu gün tanıdığınız Firudin Ələkbərovun tarzən kimi yetişməsinin çox maraqlı tarixçəsi var. Belə ki, mənim hələ 7-8 yaşım olanda böyük qardaşım Zahid evə bir tar gətirdi. Onun da tara həvəsi var idi. Evdə atam, anam bildirdilər ki, tar sənə yox, digər qardaşım olan Turquta yaraşır. Çünki Turqut bizdən xarici görünüşünə görə daha yaraşıqlı idi. Bütün günü özünə fikir verirdi. Beləliklə, onun marağı olmaya-olmaya Pioner evinə tar sinfinə yazdırdılar. Qardaşım çox ədalı idi. Həmişə dərsə gedəndə tarı verirdi mənə və deyirdi ki, sən arxamca gəl, məktəbə çatanda tarı ver mənə. Bəzən olurdu ki, tarı mənə verib yoldaşları ilə gedirdi gəzməyə. Mən də özüm üçün onlardan eşitdiyim musiqiləri çalmağa başlayırdım. Bu minvalla bir sıra musiqiləri ifa edə bilirdim. Beləliklə, bir il də keçdi. Günlərin birində qardaşım yenə dərsə gedəndə həmişəki kimi tarı mənə verib getdi. Mən də onun arxasınca tarı məktəbə gətirməli idim. Yol boyu tarı ifa edə-edə getdim Pionerlər evinə. Orda böyük musiqiçilər Fikrət Əmirov, Zərif Qayıbov, Qənbər Hüseynov, Mahmud Kərimov kimi mütəxəssislər çalışırdılar. Məni görəndə dedilər ki, bəs bu uşaq kimdir? Mən də dedim ki, Turqutun qardaşıyam. Məndən bir mahnı çalmağı xahiş etdilər. Mən öz bacarığımı göstərməyə başladım. Elə bu zaman orkestrın rəhbəri Məşədi müəllim gəlib çıxdı. "Bu kimdir? Bir çal görüm nə bacarırsan?" - dedi. Mən yenidən öyrəndiyim mahnıları ifa etdim. O, əlini saxlayıb dedi: "Sabahdan etibarən sən gəl dərslərə. Qardaşının yerinə "Bu sözlər mənim beynimdə sanki bir qığılcım yaratdı. İnana bilmirdim bunun həqiqət olmağına. Hətta bir anlığa elə zənn etdim ki, yenə yuxu görürəm. Sonradan qardaşımın mənə vurduğu sillə məni sanki düşdüyüm bu haldan çıxartdı. Onun mənə acığı tutmuşdu. Mənim bura gəlməyim və onun yerinə məktəbə girməyim bizim aramızda mübahisə yaratdı. Beləcə o vaxtdan etibarən mən peşəkar musiqi ilə məşğul olmağa başladım. Bundan sonra mən Gəncə şəhər Musiqi Texnikumuna daxil oldum. Buranı əla qiymətlərlə bitirdikdən sonra məni Gəncə şəhər Dövlət Filarmoniyasına dəvət etdilər. Orada orkestrın konsertmeysteri oldum. 1943-cü ildə isə "Xalq çalğı alətləri" orkestrinin rəhbəri təyin olundum. Bu tarixdən etibarən mən daha peşəkar musiqiçi kimi yetişməyə başladım. Mən burada Bülbül, Əlövsət Sadıqov, Həqiqət Rzayeva, Xanlar Haqverdiyev kimi sənətkarların qastrol səfərlərində onlarla görüşmüşəm. Onlar ikinci dəfə səfərə gələndə öz musiqiçilərini gətirmirdilər. Elə mənim ansamblımla məşq edirdilər. Bunlar mənim unuda bilmədiyim sənət xatirələrimdir. Bunlar mənim üçün silinməz və dumanlı xatırladığım tarixin bir parçasıdır.

 

Bülbülün təkidi ilə Bakıya gəlmişəm

 

- Bəs necə oldu ki, Bakıya gəldiniz?

- Bakıya gəlməyim də bir növ təsadüf nəticəsində gerçəkləşdi. Həmişə istəyirdim ki, şəhərdə musiqiçi kimi fəaliyyət göstərim. Ancaq nədənsə alınmırdı. Mən Gəncə Dövlət Filarmoniyasında çalışdığım illərdə Bakıdan bizim çoxlu qonağımız olurdu. Bunların arasında dahi Bülbül də var idi. O, hər zaman mənə deyərdi ki, gəl gedək paytaxta. Orada musiqiçi üçün daha çox şərait, imkan var. Düzü, bu mənim ürəyimdən xəbər verirdi. Onlar mənə deyirdilər ki, balıq dəryada böyüyər. Sonralar bu sözləri mənə 1966-cı ildə Fikrət Əmirov da söylədi: "Firudin gözəl solistdir, həm də gözəl müşahidəçidir, "Mən 1946-cı ilə qədər Gəncə Dövlət Filarmoniyasında fəaliyyət göstərdim. Yalnız 1946-cı ildə Bülbülün təkidi ilə Bakıya gəldim. Burada Dövlət Filarmoniyasında yoxlanışa getdim. Tərkibində Səid Rüstəmov, Niyazi, Rəşid Əfəndiyev və filarmoniyanın direktoru olan Zeynal Xəlilin cəmləşdiyi münsiflər məni dinləməyə başladılar. Elə bu zaman filarmoniyanın ağır qapıları astaca açıldı və içəri gözündə eynək bir şəxs daxil oldu. Bu, dahi və ölməz bəstəkar Üzeyir Hacıbəyov idi. Otaqda olanlar tez ayağa qalxdılar və Üzeyir bəyə yer vermək istədilər. Ancaq dahi bəstəkar əlini irəli verərək - "Mane olmayın, qoy ifasını davam etsin" - dedi. Mən də ifamı daha da böyük həvəslə davam etdirdim. Lap əldən düşənə qədər. Bir yandan Üzeyir bəyin gəlişi məni həyəcanlandırır, digər tərəfdən də münsiflərin nəzərləri. İfamı sona çatdıran kimi Üzeyir bəy əlini mənə tərəf uzadaraq heç vaxt unuda bilməyəcəyim bu sözləri dedi: "Bu gəncin güclü biləyi, iti barmağı və mülayim ürəyi var." Bu üç kəlmə söz sanki mənə yeni bir nəfəs və qanad verdi. Dahi bəstəkardan bu sözləri eşitmək mənim üçün bir fəxr idi. Elə o vaxtdan etibarən məni xalq çalğı alətləri orkestrinə işə qəbul etdilər. Bu müddət ərzində bütün solistləri - Xan Şuşinskini, Şövkət Ələkbərovanı, Sara Qədimovanı, Fatma Mehrəliyevanı, Rübabə Muradovanı, Əbülfət Əliyevi və başqalarını müşayiət etdim. Elə filarmoniyada işləyə-işləyə Asəf Zeynallı adına musiqi məktəbini bitirdim. Mənim burada müəllimim Adil Gəray, Əhməd Bakıxanov və başqaları oldu. Beləliklə, mənim Bakıya gəlməyim bu cür nəhəng sənətkarlarla tanışlığa səbəb oldu və mən Bakıda qalıb yaradıcılığıma davam etdirməyi qərara aldım.

- Hansı xarici ölkələrdə qastrol səfərlərində olmusunuz?

- İndiki dövrdən fərqli olaraq o zamanlar sənət adamları tez-tez xarici ölkələrdə konsert proqramları ilə çıxış edirdilər. Özü də yüksək səviyyədə. Mədəniyyət Nazirliyinin xətti ilə 1981-91-ci illər arasında "Muğamın təhlili və təbliği" adlı konsertlər proqramında çıxış etmişəm. Mənim xaricdə bir çox tanınmış sənətkarlarla birlikdə və fərdi konsert proqlamlarım olub. 1957 -ci ildə SSRİ-də ansamblların festivalı keçirilirdi. Mən də böyük həvəs hissi ilə bu festivala qatıldım və sonda priz də qazandım. Bundan 2 il sonra, yəni 1959-cu ildə Moskvada Azərbaycan mədəniyyətinin ongünlüyü "dekadası" keçirilirdi. Mən bu tədbirdə də bir solist kimi çıxış etdim və uğur qazandım. Rus mətbuatı bunu geniş işıqlandırdı. Bundan başqa, mənim bir çox xarici ölkələrdə də çıxışlarım olub. Almaniyada, Polşada, Macarıstanda, Bolqarıstanda, Çexoslovakiyada və başqa ölkələrdə Azərbaycan tarını və musiqisini layiqincə təmsil etmişəm.

- Bizdə olan məlumata görə, ilk tarınızın çox maraqlı tarixçəsi var. Bu tarı necə əldə etdiniz?

- Siz yenə də məni köhnə dövrlərə, illərə qayıtmağa məcbur edirsiniz. O illərə ki, onları xatırlamaq həm xoşdur, həm də yox. Səbəbini də yəqin ki, hamımız bilirik. Həyat şirindir çox. Mənim ilk tarıma gəldikdə isə onunla bağlı mənim çox nostalji hisslərim var. Qonşumuzda Ənvər adlı bir şəxs yaşayırdı. O vaxtlarda onun olardı 25-28 yaşı. Dayısı ona qızıl pulla bir tar alıb bağışlamışdı ki, tar çalmağı öyrənsin. Ənvərinsə bu sənətə marağı o qədər də yox idi. Tar hər zaman divardan asılı vəziyyətdə qalırdı, çalınmırdı. Elə bu vaxtlarda bir məclis var idi. Mən də ora getməli idim. Ancaq köhnədən - qardaşımdan qalan tar sınmışdı. Ənvərdən xahiş etdim ki, tarını bir günlüyə versin mənə, tədbirdən qayıdan kimi qaytararam. O da etiraz etmədi, tarı verdi. Bir gün üstündən keçmişdi ki, məndən soruşdu: "Necə tardır?" Mən də dedim: "Necə olacaq, əla..." Həyətimizdə gözəl üzüm tənəkləri vardı. Həm də artıq yetişmişdi. Üzümdən bir bandaq düzəltdim və tarı da götürüb getdim Ənvərgilə. Dedim ki tarı gətirmişəm. Bu bandağı da sənə verirəm. Ənvər mənə baxa-baxa bandağı aldı və dedi: "Xalaoğlu, bandaq qalsın məndə, tar səndə". Bundan sonra bu tarı mənə bağışladı və o ildən bəri tarı hələ də saxlayıram. Bu hadisə düz 1942-ci ildə baş verib. Demək, mənim tarımın yaşı 68-dən yuxarıdır.

 

Rac Kapur mənə minnətdarlığını bildirdi

 

- Bayaq qeyd etdiniz ki, bir çox tanınmış xanəndələri müşayiət etmisiniz. İstərdik ki, maraqlı xatirələrinizi bizimlə də bölüşəsiniz...

- Mənim bir sıra tanınmış müğənnilərlə görüşlərim çox olub. Ən maraqlılardan sizə deyə bilərəm, məsələn, Rac Kapuru. 1961-ci ildə Rac Kapur Bakıya gəlmişdi. Rəşid Behbudovla görüşü var idi. Bu münasibətlə də böyük bir konsert proqramı təşkil olundu. Burada tanınmış incəsənət nümayəndələri də çıxış edirdilər. Mən də onları bir-bir müşayiət edirdim. Rəşid bəylə Rac Kapur zalda əyləşib konsertə tamaşa edirdilər. Elə oldu ki, konsertin sonuna yaxın Rac Kapur yerindən ayağa qalxıb, hind dilində mahnı oxuya-oxuya səhnəyə tərəf yaxınlaşdı. Mənim yanımda gəlib dayandı. Mən də, düzü, bu mahnını bilmirdim və başladım mahnının tonuna uyğun ifa etməyə. Biz bir yerdə zala endik. Zalda hamı ayaq üstə bu mənzərəni alqışlayırdı. Sonda Rac Kapur mənə öz minnətdarlığını bildirib, əllərimi sıxdı. Bundan bir az sonra gördüm ki, Rəşid Behbudov da səhnəyə yaxınlaşır. Biz birlikdə mahnıları ifa edə-edə zalı dolaşdıq. Bütün zal demək olar ki ayaq üstə dayanmışdı. Belə ən maraqlı hadisələrdən biri də 1975-ci ildə baş verib. Bu illərdə Yuqoslaviyanın Sarayevo şəhəri ilə Bakı qardaşlaşmışdı. Tez-tez qarşılıqlı səfərlər olurdu. Bu dəfə də böyük nümayəndə heyəti gəlmişdi. Onları əvvəlcə filarmoniyada qarşılayıb, konsert təşkil olundu. Bunun ardınca qonaqların şərəfinə ovaxtkı Kirov parkında yerləşən "Drujba" restoranında banket təşkil olundu. Burada Lütfiyar İmanov bir italyan mahnısını və Azərbaycan romansını oxudu. Mən də onu müşayiət etdim. Biz zalı dolaşıb geri qayıdan zaman gördüm ki, 30-32 yaşda olan oğlan əlində gitara yaxınlaşdı səhnəyə və oturdu yanımda. Səhnədə olan mikrofonu çəkdi yanına və başladı gitara musiqiləri ifa etməyə. Sonra mənə də işarə etdi ki, sən də gəl qoşul mənə. Mən bunu o dəqiqə başa düşdüm ki, onlar bizi deyişdirmək istəyirlər. Düz bir saata yaxın deyişmə oldu. Hamı bizi ayaq üstə alqışlayırdı. Konsertin sonunda onların vəzifəli adamları mənə yaxınlaşdılar və öz münasibətlərini bildirdilər. Bu zaman mənə 70-ə yaxın vizit kartlarını verdilər ki, Yuqoslaviyaya gələndə onlarla görüşüm. Mən bu zaman icra başçısı vəzifəsində çalışan Aydın Məmmədovun qulağına pıçıldadım ki, mən də dalandakı evimin ünvanını verimmi bunlara? Aydın müəllim: "Yox..Yox...Lazım deyil, danışma sən! Sabah gələrsən yanıma. Bu haqda danışarıq" - dedi. Elə bu illərdə 9-cu mikrorayon təzə salınırdı. Mənə ordan 3 aydan sonra bir ev verildi və mən ora köçdüm.

- Tarda yenilik etməyə ehtiyac varmı? Yeniliyə münasibətiniz necədir?

- Yeniliyə hər bir sahədə həmişə ehtiyac duyulur. Ancaq yerli-yerində. Mən tarda edilən bu yeniliklərdən bir neçəsini qəbul etsəm də, bir çoxlarını qəbul etmirəm. Bir də görürsən ki, xanəndə oxuyur, tarzən cümlələri qabağa düşüb çalır. Oxuyana yer qalmır. Tarda 22 pərdə var. Bütün bunlar bizə böyük sənətkarlarımızdan qalan mirasdır. Onda yeniliyə nə ehtiyac ola bilər ki?

- Bu gün tar ifaçılarından kimləri bəyənirsiniz?

- Bu gün doğrudan da üzərində işləyən tarzənlərimiz var. Özü də yetərincədir. Elə Möhlət Müslümovu, Ağasəlim Abdullayevi, Firuz Əliyevi, Elçini bunlara misal göstərə bilərəm.

- Tar ifaçılarını dediniz. Bəs oxuyanlardan kimlərə qulaq asırsınız?

- Bu gün yaxşı oxuyanlarımız da kifayət qədərdir. Elə götürək Canəli Əkbərovu, Arif Babayevi, Mənsum İbrahimovu. Estrada janrı mənə bir az uzaq olsa da, onlara da qulaq asıram. Xalq artisti Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Nazpəri Dostəliyevanın ifalarını bəyənirəm və qulaq da asıram. Bu sənətkarlarla yanaşı, iki cavan oğlan da var. Babək və İlkin. Onları da çox bəyənirəm. Əgər öz üzərlərində çalışsalar, onlar gələcəyin xalq artistləridir.

 

Mən onsuz da xalqın artistiyəm

 

- Söhbət xalq artistindən düşmüşkən. Sizin xalq artisti adını almamağınıza səbəb nədir?

- Mənim fəxri ad almamağımın ilk günahkarı Zakir Bağırov olub. O mənimlə ədavət aparırdı. Onun da bir qohumu tarçalan idi. Ona görə paxıllıq edirdilər mənə. O, 20 il vəzifədə oldu. Yalnız rəhmətə gedəndən sonra Polad Bülbüloğlu vəzifəyə gələndən sonra mənə 1989-cu ildə əməkdar artist adını verdi. Ancaq xalqın arasında mənə deyirlər: "Sən elə xalq artistisən". Mən "xalq artisti" olmasam da, xalqın artistiyəm. İnşallah, bu yaxınlarda mənə də, yəqin ki, ad verərlər.

- Necə dolanırsınız? Maddi ehtiyaclarınızı necə ödəyirsiniz?

- Maddi vəziyyətim əvvəlkinə baxanda indi yaxşıdır. Mən 2002-ci ildə prezident təqaüdünə layiq görülmüşəm. 2005-ci ildən etibarənsə Heydər Əliyev Fondunun təqaüdçüsüyəm. Aldığım vəsaitlər maddi ehtiyacımı ödəyir.Bunlar olmasaydı, mən çoxdan həyatdan getmişdim. Çünki səhhətimdə bir sıra problemlərim var.Yenə də bugünkü diqqətdən və hörmətdən razıyam.

  

  

Mircəlal Məcidli

 

Həftə içi.- 2010.- 21 iyul.- S. 7.