15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş günüdür     

 

Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin nəhəng dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət meyarı olub.

Azərbaycanda möhkəm dövlətçilik ənənələrinin və demokratik cəmiyyətin bərqərar olmasında şəxsiyyətin rolu böyükdür. Bir sistem kimi yanaşsaq, cəmiyyətin digəri ilə əvəzlənməsi prosesi mürəkkəb və ziddiyyətli tərəfləri ilə seçilən sosial hadisədir. Elmi-metodoloji istiqamətlərdən baxsaq, aydın olur ki, bir cəmiyyətin digəri ilə əvəzlənməsi prosesində təkamül edən, formalaşan və bərqərar olan formasiya həmin proses zamanı daxildən irəli gələn dinamik qüvvənin hesabına reallaşmaqla yanaşı, formalaşacaq cəmiyyətin təkamülü prosesinə şəxsiyyətin timsalında təsir edən həlledici qüvvə mühüm rol oynayır.

Əslində, bu görkəmli şəxsiyyət Azərbaycanda müstəqil dövlət və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi vəzifəni böyük çətinlikləri dəf edərək yerinə yetirib. Heydər Əliyev xalqımızın ümummilli lideri kimi siyasi hakimiyyətə gələrkən ölkədə mövcud olan vətəndaş müharibəsini, hakimiyyət böhranını, etnik separatizm meyillərinin qarşısını almaqla və müxtəlif dövlətlərin ölkəmizə yönələn geostrateji maraqlarını uzlaşdırmaqla Azərbaycanda demokratik cəmiyyətin inkişafına təminat yaratdı.

Azərbaycanın ən yeni siyasi tarixi göstərdi ki, xalqımızın bütün ümummilli məsələlərdə olduğu kimi, konkret olaraq demokratik cəmiyyətin formalaşmasında da şəxsiyyət fenomeni böyük rol oynayır. Aydın olur ki, ümummilli lider Heydər Əliyev özünün böyük həyat təcrübəsi, nüfuzu, iradəsi və ən mürəkkəb situasiyalarda dəqiq qərarlar çıxarmaq bacarığına görə demokratik cəmiyyətə keçid mexanizmini müəyyənləşdirərək bu istiqamətdə ardıcıl və sistemli siyasət həyata keçirib. Əslində, bu görkəmli şəxsiyyət Azərbaycanda müstəqil dövlət və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi vəzifəni böyük çətinlikləri dəf edərək yerinə yetirib. Heydər Əliyev xalqımızın ümummilli lideri kimi siyasi hakimiyyətə gələrkən ölkədə mövcud olan vətəndaş müharibəsini, hakimiyyət böhranını, etnik separatizm meyillərinin qarşısını almaqla və müxtəlif dövlətlərin ölkəmizə yönələn geostrateji maraqlarını uzlaşdırmaqla Azərbaycanda demokratik cəmiyyətin inkişafına təminat yaratdı. Bir sözlə, xalqının tarixinin ən mürəkkəb və ağır dövrlərində böyük öndər Mustafa Kamal Atatürkün Türkiyədə, Mahatma Qandinin Hindistanda, Adenauerin Almaniyada yerinə yetirdikləri tarixi missiyanı Heydər Əliyev Azərbaycanda reallaşdırdı və bu gün də öz ideyalarının müdrikliyi ilə ümummilli lider kimi xalqımız qarşısında üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirərək zəngin və qüdrətli Azərbaycana gedən yola işıq salır. Əslində, bu danılmaz həqiqət kiminsə istəyib-istəməməsindən və yaxud siyasi mənsubiyyətindən asılı deyil, Azərbaycan reallıqlarında gedən proseslərin məntiqindən irəli gəlir. Azərbaycanın ən yeni tarixinə nəzər salsaq, bir daha aydın olar ki, onun hər bir məqamı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə sıx şəkildə bağlıdır.

Heydər Əliyevin ilk dəfə 1969-cu ilin yayında Azərbaycana rəhbər seçilməsi ərəfəsində cəmiyyətdə bədbinlik, ətalət, laqeydlik əhvali-ruhiyyəsi hökm sürürdü. Sosial-iqtisadi göstəricilərin əksəriyyəti, o cümlədən əməkhaqqının səviyyəsinə, mənzil təminatına, məktəblərin və xəstəxanaların sayına, istehlak səviyyəsinə görə respublika ölkədə axırıncı yerlərdən birini tuturdu. Ərzağın xeyli hissəsi ittifaq fondundan alınırdı. Ermənistanın respublikaya qarşı növbəti ərazi iddiaları da həmin dövrə aiddir. Əlbəttə, bu iddiaların hansı faciəli nəticələrə gətirə biləcəyini əhalinin böyük hissəsi dərk etmirdi. Lakin bu iddialar şəraiti xeyli kəskinləşdirir, xalqın respublika rəhbərlərinə inamsızlığını daha da artırırdı. Hər yerdə söhbət gəzirdi ki, hansısa ərazilər ermənilərə satılmış, yaxud tamah məqsədilə hədiyyə edilib. Hamı başa düşürdü ki, respublika rəhbərlərinin ittifaq orqanlarında nüfuzu yoxdur, onlar respublikanı ağır vəziyyətdən çıxarmağa qadir deyillər. Yalnız yenicə respublika rəhbərliyinə gəlmiş Heydər Əliyevin qətiyyətli mövgeyi, şəxsi nüfuzu həmin dövrdə Azərbaycanın növbəti ərazi itkisi ilə üzləşməsinin qarşısını aldı. Heydər Əliyev inamsızlığın və sosial ətalətin aradan qaldırılmasına dair yeni ideyalar tapdı və bu ideyaları ilə Azərbaycan KP MK-nin avqust plenumunda açıq çıxış etdi. Heydər Əliyevin həmin plenumda dəlil - sübut baxımından kəskin məruzəsi vəziyyətin həqiqi mahiyyətini açıb hamıya göstərdi. O dövrdə təşəkkül tapmış normalara, ideoloji tələblərə görə belə çıxış gözlənilmirdi, çünki mövcud dövlət quruluşunun tənqidi məsələləri yol verilən hədd meyarı ilə dəqiq müəyyən edilmişdir. Heydər Əliyevin açıq şəkildə söylədiyi fikirlər Moskvada bəzilərin xoşuna gəlməsə də, bu, bir reallıq idi.

Heydər Əliyev özünün konkret fəaliyyətində həmişə tarixi inkişafın obyektiv qanunauyğunluqlarına söykənən dərin bilgisinə arxalanaraq xalqın potensial imkanlarına və cəmiyyətin sağlam qüvvələrinə güvənib. Məhz bunun nəticəsi idi ki, Azərbaycan xalqı gənc, enerjili və dinamik siyasi liderinin məqsəd və niyyətlərini qəbul etdi. O dövrdə Azərbaycan əhalisinin yaridan çoxu kənd yerlərində yaşayırdı. Onların bütün həyatı, rifah halı kənd təsərrüfatında işlərin necə getməsindən asılı idi. İşlər isə pis gedirdi. İstehsal həcmi ildən-ilə azalırdı. İqtisadiyyatın çox vacib sahələri perspektivsiz sıralara aid edilmişdi. Heydər Əliyev respublikanın rəhbəri seçildikdən sonra onun görkəmli təşkilatçılıq qabiliyyəti, xalqı səfərbər edib öz arxasınca aparmaq istedadı sayəsində 1969-cu kənd təsərrüfatı ili uğurla başa çatdırıldı. Uzun illər ərzində ilk dəfə olaraq kənd təsərrüfatı məhsulları istehsalında artım əldə edildi.

Bu illərdə sənayenin baza sahələrinin inkişafı üçün də işlər görüldü. Məhz ulu öndərin gərgin səyləri nəticəsində Azərbaycanda iqtisadiyyatın diferensiallaşdırlmasına nail olundu, qeyri-neft sahəsinin inkişafına yeni nəfəs gəldi və ölkədə sürətlə yeni istehsal sahələri yaradılmağa başlandı. Artıq bütün Sovetlər İttifaqında Heydər Əliyevin istedadlı rəhbər və dövlət xadimi olması fikri formalaşmışdı. Beləliklə, bu görkəmli şəxsiyyətin fəaliyyəti öz yüksək qiymətini aldı və 1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti həmsədrinin 1-ci müavini təyin edildi. Bu yeni vəzifə həll edilən məsələlərin mürəkkəbliyinə və miqyasına görə Heydər Əliyevin əvvəlki fəaliyyəti ilə heç bir müqayisəyə gəlməzdi. O vaxtkı sistemin hər bir rəhbərin fəaliyyətini simasızlaşdırmaq və bərabərləşdirmək xüsusiyyəti nəzərə alınarsa, Moskvanın hakimiyyət dəhlizlərində itməmək, böyük siyasətin adi statistinə çevrilməmək olduqca çətin idi. Lakin Heydər Əliyevin qüdrətli istedadı, müstəsna təşkilatçılıq qabiliyyəti, məlum problemlərin həllinə qeyri-standart yanaşma tərzi, görkəmli natiqlik məharəti burada da özünü göstərdi. SSRİ Nazirlər Sovetinin sədrinin 1-ci müavini vəzifəsində Heydər Əliyev ən çox quruculuq işlərini həyata keçirmişdi.

İndiyədək postsovet məkanında dövlət və ictimai xadimlər, sadə insanlar Heydər Əliyevin gördüyü işlər haqqında dərin minnətdarlıq hissi ilə söz açırlar. Lakin Sovet dövlətinin başçısı Mixail Qorbaçov bu qədər nüfuzlu, istedadlı dövlət xadimini öz yanında görmək istəmirdi. Belə ədalətsiz münasibətə etiraz olaraq 1987-ci ildə Heydər Əliyev partiyada və dövlətdə tutduğu bütün vəzifələrdən istefa verdi. Bu dövrdə respublika rəhbərlərinin fəal iştirakı ilə ittifaq rəhbərliyi Heydər Əliyevin ləkələnməsi üçün görünməmiş kampaniyaya başladı. Lakin bütün bu cəhdlər iflasa məhkum idi. Çünki Heydər Əliyev əvvəlki kimi xalq tərəfindən sevilirdi, respublikada çox böyük nüfuza və təsirə malik idi. 1990-cı ildə ittifaq və respublika rəhbərliyinin iradəsinə zidd olaraq Heydər Əliyev Naxçıvana köçdü və Naxçıvan Ali Sovetinin deputatı, sonra isə sədri seçildi. Beləliklə, Azərbaycanın bu kiçik hissəsi böyük siyasətin obyektinə çevrildi, Naxçıvanda millətin gələcəyi ilə bağlı ümumdövlət və regional məsələlər həll edilməyə başlandı. Bununla birlikdə, ölkədə vəziyyət günbəgün pisləşirdi. 1993-cü ilin əvvəllərində hakimiyyət tam iflic vəziyyətinə düşmüşdü. Partiyalar, ictimai-siyasi hərəkatlar, hətta ayrı -ayrı imkanlı şəxslər silahlı qruplar və qanunsuz silahlı birləşmlər yaradırdılar. Cəmiyyətdə müdafiəsizlik və sivil birgəyaşayışın mümkünsüzlüyü ovqatı kütləvi xarakter almışdı. Ayrı-ayrı şəxslər, müxtəlif partiyaların, ictimai hərəkatların, rayon və kəndlərin nümayəndələri Naxçıvana gedir, Heydər Əliyevdən Bakıya qayıtmaq və hakimiyyəti öz əlinə almağı dönə-dönə xahiş edirdilər. Nəhayət, xalqın müqəddəratında "həqiqət anı" olacaq 1993-cü ilin yayı gəldi. Həmin il iyunun 15-də Heydər Əliyev Azərbaycanın Ali Sovetinin sədri seçildi və Azərbaycan tarixində Heydər Əliyev dövrünün ən dinamik, gərgin və səmərəli illəri yenidən başladı. Beləliklə, Heydər Əliyev növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürərək doğma xalqının köməyinə gəldi. Əgər 1969-cu ildə onun birinci gəlişi Azərbaycana dirçəliş və çiçəklənmə gətirdisə, 1993-cü ildə ikinci dəfə gəlişi isə Milli Qurtuluş günü oldu.

Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Amma bütün bunlara nail olmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi təmin etmək lazım idi. Bunsuz dağılmış iqtisadiyyatın bərpasına, xarici sərmayələrin cəlb olunmasına, dövlət quruculuğu ilə yüksək fəaliyyətə nail olmaq mümkün deyildi. Ümummilli lider Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində bu sahədə ciddi tədbirlər görüldü. Ən əsası isə Azərbaycan dövlətçiliyinin varlığına böyük təhlükə olan 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, günahkarlar cəzalandırıldı. Bununla da hakimiyyətə silah yoluyla gəlmə cəhdlərinə birdəfəlik son qoyuldu, ölkədə möhkəm, davamlı sabitlik təmin edildi, demokratiyanın inkişafı üçün sağlam şərait yaradıldı. Heydər Əliyevin hakimiyyətə qayıtdığı dövrdə ən ümdə, vacib məsələlərindən biri qərb qonşumuş, dəyişməz düşmən Ermənistanın getdikcə genişlənən təcavüzünün qarşısını almaqdı. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində bir tərəfdən Azərbaycanın milli maraqlarını qorumağa qadir olan nizamlı silahlı qüvvələr yaradıldı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Bununla da güclü əks zərbələr alan düşmən danışıqlara getməyə məcbur oldu və 1994-cü il mayın 12-də atəşkəs haqqında saziş imzaladı. "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!" prinsipinə əsaslanan ulu öndərin fəaliyyətinin ən mühüm, strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri bazar münasibətlərinə keçidin tələblərinə uyğun şəkildə iqtisadi siyasət hazırlayıb reallaşdırmaq, ölkə iqtisadiyyatını böhrandan qurtarıb, dirçəliş, ardından da inkişaf yoluna çıxarmaq idi. Təsadüfi deyil ki, Azərbaycanın yeni neft strategiyasının işlənib-hazırlanması bu baxımdan atılmış ilk və həyati əhəmiyyətli addım omuşdur. 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanması nəticəsində ümummilli lider Heydər Əliyev nəinki neft strategiyasının təməlini qoydu, yeni neft əsrini başlatdı, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafının ana xəttini müəyyən etmiş oldu. Beləliklə, müdrik siyasətçi Heydər Əliyev dünyanın diqqətini Cənubi Qafqaz regionuna cəlb etdi, Azərbaycanın iqtisadi cəhətdən dünya birliyinə inteqrasiyasının təməlini qoydu. Bu gün Azərbaycan iqtisadiyyatının əsas arteriyalarını təşkil edən Bakı - Tbilisi - Ceyhan, Bakı - Supsa neft, Bakı - Tbilisi - Ərzurum qaz kəmərlərinin ideya əsasları və sağlam bünövrəsi məhz o zaman qoyuldu. Azərbaycanda demokratik dövlət quruculuğunun fundamental əsasları da ulu öndər tərəfindən qoyulmuş və onun rəhbərliyi altında ölkəmizin demokratik dəyərlərə əsaslanan hüquqi sistemin formalaşmasına başlanmışdır. Beləliklə də müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin rəhbərliyi altında 1995-ci ilin 12 noyabrında ümümxalq səsverməsi yoluyla ilk konstitusiyamız qəbul olundu və bu da öz növbəsində demokratik qanunların qəbulunda, keçiriləcək islahatların effektivliyində, Azərbaycanın gələcək inkişafında təməl bünövrə rolunu oynadı. Ümummilli lider Heydər Əliyevin qurucusu və banisi olduğu Yeni Azərbaycan Partiyasının proqramında təsbit etdiyi, həm də dövlətimizin təməl prinsiplərindən biri varislikdir. Varislik Azərbaycan xalqının əvvəlki tarixi dövrlərdə əldə etdiyi nailiyyətləri öyrənmək, prinsipial olaraq əldə edilənləri gələcək nəsillərə ötürməkdir. Bu gün Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı ölkə prezidenti cənab İlham Əliyevdir. Belə ki, cənab İlham Əliyevin hələ 2003-cü ildə prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi heç də təsadüfi deyil. Ölkə başçısının ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Ənənəyə sadiq qalaraq yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artırılır, Azərbaycan idxal edən ölkədən ixrac edən ölkəyə çevrilir. Regionların inkişafı və durmadan aparılan abadlıq və yenidənqurma işləri, təhsil sistemindəki islahatlar və uğurlu nəticələr, neft bazarındakı üstün mövqe, səhiyyə sisteminin müasir standartlara cavab verməsi, turizmin və idmanın inkişafı prezident İlham Əliyevi Azərbaycanda alternativsiz liderə, Cənubi Qafqaz regionunda isə Heydər Əliyevdən sonra gələn ikinci böyük siyasi xadimə çevirdi. Xalqın öz liderinə belə yüksək inam və etimadı dünya praktikasında da az rast gəlinir. Xalqımızın cənab İlham Əliyevə olan böyük inam və etimadının arxasında bu görkəmli şəxsiyyətin uzun illərdən bəri vətən və millət qarşısında göstərdiyi tarixi xidmətlər, gərgin və şərəfli əmək dayanır. Eyni zamanda bu parlaq qələbə, heç şübhəsiz, ümummulli lider Heydər Əliyevin həmişəyaşar və daim müasirliklə səsləşən ideyalarının alternativsizliyinə olan ümumxalq inamının təntənəsi idi. Məhz onun müəyyənləşdirdiyi prinsiplərlə gündən-günə inkişaf edən zəngin və qüdrətli Azərbaycanın fonunda tam məsuliyyətlə demək mümkündür ki, müasir dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyev bu gün də bizimlədir, daim onu sevən qədirbilən xalqımızın qəlbindədir.

 

 

Həftə içi .- 2010.- 12-16 iyun.- S. 1-3.