"Özümü hər zaman gənc hesab edirəm"

 

Zemfira Verdiyeva: "Cəmiyyət üçün maraqsız insanın həyatı da sönük olur"

 

"Bütün ömrünü elmə həsr edən bir xanımın həyat yoldaşı olmaq çox çətindir"

 

Artıq uzun illərdir həftənin məhz cümə günləri qadınları bir araya toplayaraq görülən işlərin hesabatını aparır, görüləcəklərin isə müzakirəsini edir. Bəs niyə cümə günü? Çünki ilk dəfə məhz cümə günündə bir yerə yığılaraq 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışıblar. Elə bizim üçün də həmin gündə vaxt ayırdı. Vədələşdiyimiz ünvana iclasın qızğın yerində gəlib çatdıq. Geyimindən fikirlərinə, davranışına, insanlarla münasibətinədək bütün hərəkətlərindən səliqə-sahman yağan bu xanımın özünəməxsusluğuna heyran qalmamaq sadəcə mümkün deyil. Bu yerdə XIV Lüdovigin nə vaxtsa oxuduğum "mənim üçün Avropa ölkələrini barışdırmaq bir neçə qadını bir araya gətirməkdən asandır" fikri yada düşür. Amma bu çətinliyi özünəməxsus diplomatiyası ilə hər həftə ram edən Zemfira xanım çətin işin öhdəsindən asanlıqla gəldiyini sübut edir. Arvadlarla deyil, xanımlarla işlədiyini tez-tez vurğulayan Zemfira Verdiyeva ilə rəhbəri olduğu Respublika Qadınlar Cəmiyyətinin yaranmasının 90 illiyi ərəfəsində görüşdük.

Azərbaycanın elmi-ictimai həyatında özünəməxsus yer tutan, xarici dillər üzrə ilk qadın elmlər doktoru, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü, İngiltərə Bioqrafiya Mərkəzinin 1998 - 2003-cü illərdə "İlin qadını", 2000-ci ildə isə "Əsrin qadını" adlarına layiq gördüyü həmsöhbətimizlə nümunəvi həyat yolunun bəzi məqamlarını paylaşdıq.

- Zemfira xanım, cəmiyyətə rəhbərlik etməyiniz təsadüf olub, yoxsa hansısa gözləntinizin nəticəsi?

- Cəmiyyətə məndən əvvəl o qədər gözəl, təcrübəli xanımlar rəhbərlik ediblər ki. Ayna Sultanova, Hökumə Sultanova, Səidə İmanzadə, Əzizə Cəfərzadə kimi xanımların başçılığı sayəsində bu qurum daha da genişlənib. Ümumiyyətlə, məni qadın hərəkatına 1970-ci ildə Hökumə xanım Sultanova dəvət edib. 1989-cu ildə isə Əzizə xanım dedi ki, mən yaradıcılığımla məşğulam və sən gəl bu vəzifəni öhdənə götür. Həmin dövrdə mən Xarici Dillər Universitetinə rəhbərlik edirdim və mənə cəmiyyətə sədrlik üçün təklifin bir məqamı da məhz 10 min nəfərlik böyük bir kollektivə uzun illər rəhbərlik etməyimlə bağlı idi. Bu da öz növbəsində o qədər insanın yeni başladığım işdə mənə yardımçı olması demək idi. Mən çox ağır illərdə bu cəmiyyətə rəhbərlik etməyə başladım. O vaxtdan başlayaraq 1 milyondan artıq məcburi köçkünün, şəhid ailələri və əlillərin problemlərinə biz də biganə qalmamışıq.

- Hazırda qurum hansı xeyriyyəçiliklərlə məşğuldur?

- Hazırda cəmiyyət 3 qocalar evi, 4 uşaq evi və 16 internat məktəbi ilə işləyir, onların qayğıları ilə yaşayır.

Bizim cəmiyyət "Ümid yeri" uşaqların sığınacaq və reabilitasiya mərkəzi yaranandan bəri onlara dəstək göstərir. Həmçinin Fəyyaz və Leyla adlı valideyn himayəsindən məhrum olan gənclərin bu günlərdə baş tutan toy mərasiminə də biganə qala bilməzdik. Odur ki bir qrup xanımla toyda iştirakçı olduq. Toydan sonra gəncləri ofisimizə dəvət edərək cəmiyyət üzvlərimizin doğmaları üçün hazırladığı cehizləri onlara təqdim etdik

- Çətin deyil ki, insanları bir araya gətirmək, xüsusilə də xanımları?

- Məsələnin 90 faiz həlli onun təqdimatından asılıdır. Mən burada kiməsə nəyisə məcbur etmirəm və əgər burada nələrisə əmrlə, yaxud digər jestlərlə desəm, heç nə alınmayacaq, heç nə əldə edə bilməyəcəyəm. Mən deyirəm ki, əziz xanımlar, mən sizə müraciət edirəm, bu insanlara kömək etmək lazımdır. Ürəyiniz hansı tərzdə istəyir, buyurun, yardımınızı əsirgəməyin. Mənim bu cür davranışımın əsas səbəbi müəllimə olmağımla bağlıdır. Müəllimə həm də diplomat olmalıdır. Əgər müəllimə diplomat deyilsə, onun qiyməti o qədər yüksək deyil.

- Müəllimlik etdiyiniz illərdən ötrü darıxmırsınız ki?..

- Mən doyunca müəllimlik etmişəm. Mənim üçün ən əsası lazım olduğum yerdə bacarıqlarımdan istifadə etməkdir. O qədər elmli, bacarıqlı yerində olan müəllim və pedaqoqlarımız, akademiklərimiz var ki, onların cərgəsində olub-olmamağım mənim üçün o qədər də böyük itki deyil. Amma qadın hərəkatında pulsuz-parasız hər gün bir yıxılanın qolundan tutmaq mənim üçün daha önəmlidir. Bundan ötrü həyat təcrübəsi ilə yanaşı, diplomatiya, etika, təlim-tərbiyə, həyat təcrübəsi və vaxtında qazanmış olduğum peşəkarlığım da lazımdır. Mən burada oturmaqla böyük bir kütləyə yardım etmiş oluram. Təbii ki, tək heç kəs heç nə bacarmaz və bu qadınların köməkliyi ilə mən işləyirəm. Amma işi aparmağın da özəllikləri var. Gərək elə təmiz işləyəsən ki, sənə inansınlar.

- Zemfira xanım, bu qədər işlər görürsünüz, xeyirxah əməlləriniz var. Amma nədənsə, mətbuatda, digər kütləvi informasiya vasitələrində görünməkdən uzaqsınız...

- Bunlar nəyə lazımdır ki? Bir kəsə kömək edəndə beş dəfə onun başına qaxınc etmək olmaz. Yaxşılığı insanlara onları alçaltmamaq şərti ilə etmək lazımdır. Mənə nə radio, nə də televizor lazımdır. Mən 2 dəfə həcc, 7 dəfə isə Kərbəla ziyarətində olmuşam. Bundan başqa, Məşhəd və digər müqəddəs yerləri ziyarət etmişəm. Dinimə, dilimə, Quranıma, Allahıma çox inanıram. Tanrı var, hər şeyi görür və lazımi qiymətini də verəcək. Mənə tez-tez sual verirlər ki, ömrünün çoxunu Avropada dərs deyən, mühazirə oxuyan bir insanın islam dini ilə bağlılığı hardan qaynaqlanır? Deyirəm ki, mən dünyəvi biliklərlə yanaşı, hər zaman nənələrimin oxuduğu Quranı öyrənməkdə maraqlı olmuşam. Ola bilər ki, bəzən mənim zahirən Avropasayağı görünüşüm də insanları çaşdıra bilər.

- "Lider qadın" anlayışı sizin üçün nədir və onu yetişdirən mühitdir, yoxsa genetik bağlılıq?

- Lider qadın anadan olmur və lider qadının məktəbi yoxdur. O zirvəyə çatmağın yollarını nə məktəbdə, nə akademiyada, nə də hər hansı kursda öyrənmək mümkün deyil. Cəmiyyət yetişdirir lider qadınları. Lider qadın gərək ictimai işlərdə iştirak etsin. Rəhbərlik etdiyim bu cəmiyyət 1920-ci ildə yaradılıb və bu ilin sonunda cəmiyətin 90 iliyini qeyd edəcəyik. Dünyanın 65 qadın təşkilatı ilə əməkdaşlıq edirik, hazırda isə cəmiyyət öz sıralarında 75 mindən artıq qadını birləşdirir. Burada yetişməyib də bəs harda yetişəcək lider qadın?

- Bəs uğurlarınızın formulu nədir?

- Görün mən neçə ölkənin yetirməsiyəm, neçə paytaxtdan qidalanmışam. Anadan olduğum Tbilisi şəhəri mədəniyyətin mərkəzi sayılır. Atam gəncəlidir və bu şəhər də Azərbaycanın ikinci paytaxtıdır. Sonra Bakıya köçmüşük, orta məktəbi və ali məktəbi də burada bitirmişəm. Mən bu yerlərdən valideynlərim vasitəsilə mənəvi qida almışam. Sonra məni İngiltərəyə göndərdilər və təhsilimin növbəti mərhələsini də Londonda keçmişəm. Aspirant olanda Amerikaya getmişəm. İndiyədək ümumilikdə 65 ölkədə olmuşam və onların 30-dan çoxunun universitetlərində mühazirələr oxumuşam. Bu sadalananlardan sonra bəs mən necə olmalıydım ki? Belə bir həyat tərzindən sonra insan əgər heç nə əldə edə bilmirsə, onda belə çıxır ki, mənim üçün əbəs yerə bu qədər əziyyət çəkilib və lazımi yerlərə göndəriblər. Amma bütün uğurların kökündə valideynlər dayanır. Atam general olub, anam isə uzun illər dəmiryol texnikumunun direktoru işləyib. Bünövrə ailədən gəlir, həm onların qanından, genindən, həm də verdiyi tərbiyədən, sonra isə özüm nə əldə etmişəmsə, bünövrənin üstünə gəlib. Bünövrə olmasaydı, bu gün mən sizə keçdiyim ömür yolundan danışa bilməzdim.

- Bəzən çoxlarından üstünlüyün də öz problemləri olur. Deyilmi?

- Nümunəvi qadın olmaq çox çətindir. Başdan-ayağa insanı süzürlər. Daxilindən xaricinədək diqqət mərkəzində olursan. Vay o gündən ki, ayaqqabın çirkli, əynində paltarında hər hansı qüsur olsun...

- Kompleksli qadınsınız?

- Ümumiyyətlə, götürəndə komplekssiz olmaq istəmirəm. Əsas komplekslərim isə bütün sahələrdə səliqə-sahmanın olmasındadır. Evin təmizliyindən özümün baxımlılığıma və insanlarla münasibətimə qədər səliqəli olmağa çalışıram.

- İlk baxışdan özünüzə həddən artıq diqqətli olmağınız nəzərə çarpır. Bu qədər təravətli və baxımlı olmağınızın sirrini aça bilərsinizmi?

(Gülür) Başqa cür olmağa ixtiyarım da yoxdur. Hər gün özüm özümə qulluq edirəm. Üzümə qoyduğum maskaların siyahısından ibarət 36 səhifəlik dəftərim var. İstəsəniz, sizə də bağışlaya bilərəm.

- Bu qədər işlərin müqabilində necə çatdırırsınız?

- Ola bilərmi ki, hansısa qadın desin ki, dişlərimi fırçalamağa vaxtım yoxdur. Qadın baxımsız halda evdən bayıra çıxmamalıdır və mənə deyəndə ki vaxtım yoxdur özümə baxmağa, ürəyimdə həmin adama "sən qadın deyilsən" deyirəm. Qadın hətta mətbəxdə işləyəndə də görünüşü qaydasında olmalıdır. "Yemək bişirirəm" deyib də özünü bəzəməyi unutmamalıdır.

- Mətbəx demişkən, biş-düşlə aranız necədir?

- Bu barədə heç danışmaq istəmirəm. (Bu arada qadınlardan biri Zemfira xanımın yaxşı plov bişirdiyini söyləyir). Ev işləri ilə məşğul olmağa vaxtım çatmayıb. Həmişə səliqə-sahmanım, yemək-içməyim yerində olub, amma köməkçilərimin sayəsində. Şəxsən özüm çatdırmamışam. Dissertasiyalarımı yazanda mən öz iş otağımda çalışmışam, onlar isə mətbəxdə öz işlərini görüblər. Qanun-qayda mənim öz evimdən işimə qədər hər yerdə birinci dərəcəli olub.

- Seçdiyiniz elm yolunu ailədə hər kişi məqbul hesab etmir. Bəs sizin seçiminiz ailənizdə problemlər yaratmayıb ki?..

- Yaradıb. Mənim kimi bütün ömrünü elmə həsr edən bir xanımın həyat yoldaşı olmaq çox çətindir. Hansı azərbaycanlı kişinin xoşuna gələrdi ki, həyat yoldaşı hər ay xarici ölkələrdə olsun, karyera üçün yaşasın. Ona da bu barədə deyirdilər ki, arvad evdə oturar. Amma mənim həyat yoldaşım çəkdiyim əziyyətlərimin nəticəsini görürdü. Əlbəttə, bu nəticələri görənə qədər söz-söhbətlər olurdu. Təkcə elmlər namizədi dissertasiyamı yazmaq üçün 2 il Moskvada olmuşam və buna görə də yoldaşım hər dəfə deyirdi ki, niyə burada yazmırsan, Moskvaya gedirsən. Burada mümkün deyildi, çünki mən xarici dillər üzrə ilk və yeganə elmlər doktoruyam və lazımi materialları əldə etmək üçün mütləq xaricə getməliydim.

- Övladlarınızdan yolunuzu seçəni oldumu?

- İki qızım var. Böyük qızım elmlər doktoru, professordur. İkinci qızım isə hüquqşünasdır. Şəhər prokurorluğunda prokuror vəzifəsində çalışır. Ana kimi hər ikisindən razıyam. Çünki uşaqlıqdan mən onlara savad verməyə başlayandan bu günə kimi onlara nə demişəmsə, hamısını yerinə yetiriblər və indi də bəhrəsini görürlər. Valideyn kimi bu mənim xoşbəxtliyimdir.

- Qadınlarımızın aktivliyi sizi qane edirmi?

- Məndən soruşanda ki Azərbaycan qadını necə qadındır, deyirəm ki, çox aktivdir. Azərbaycan qadınının həyat yoldaşı başından milyonları töksə də o, işləmək istəyir. O, istəyir ki, onun özü inkişaf etsin, özünün həyatı olsun. Bu çox gözəldir. Təkcə mənim rəhbəri olduğum cəmiyyətin 75 min üzvü var və hər həftə də bu qadınların sayı artır. Mən necə deyə bilərəm ki, qadınlarımız aktiv deyil?

- Əksər böyüklərin narazılıq etdiyi müasir gəncliyə Zemfira xanımın münasibəti necədir?

- Mən gənclərlə daha tez dil tapa bilirəm, nəinki öz yaşıma uyğun xanımlarla. Müəllimlik sənətim də mənə imkan verir ki, bütün yaş kateqoriyalarından olan insanlarla dil tapa bilim. SSRİ dağılandan o adamlar ki zəmanə ilə uyğunlaşa bilmədi, onlar bu gün də keçmişlə yaşayırlar. Mən də bu günlə ayaqlaşmağı bacarmasaydım, gənclik ruhumu itirəcəkdim. Çünki mən daxilən özümü hər zaman gənc hesab edirəm.

- Modaya münasibətiniz necədir və bildiyimizə görə, sizin zəngin baş geyimləri kolleksiyanız var...

- Çox gözəl. 50-dən artıq şlyapam var və hansı ölkəyə getmişəmsə, oradan 1 - 2 dənə baş geyimləri alıram. Onlar artıq mənim gündəlik aksessuarlarıma çevrilib. Bundan əlavə, geyimlərimin gərək hamısı bir-birini tamamlasın. Şlyapa, ayaqqabı, çanta və digər geyimlərimdə çalışıram ki, müxtəlif olsalar da, hər hansı bir elementi birləşdirim.

- Musiqi zövqünüz necədir və daha çox hansı musiqilərə və kimin ifasında qulaq asırsınız?

- Mən özüm həm də musiqi məktəbini bitirmişəm. Ziyalılar həmişə deyir ki, mən simfonik əsərlərə qulaq asıram. Mən də simfonik əsərləri xoşlayıram, amma hamısını yox. Mənim sevimli bəstəkarlarım və sevə-sevə dinlədiyim əsərlər var, hansı ki o musiqiləri qəbul edirəm. Mənə rahatlıq verən Qara Qarayev, Müslüm Maqomayev, Çaykovski və digərlərinin əsərləridir. Klassik musiqidən də özümə xoş gələnini dinləyirəm. Estradaya gəlincə isə İlqar Muradov, Cavan Zeynallı və Teymur Əmraha qulaq asıram. Onlar oxuyanda adama elə gəlir ki, səninlə musiqili söhbət edirlər və göstərməyə çalışmırlar ki, mənim belə səsim var. Xanımlara gəlincə isə Flora Kərimova və İlhamə Quliyeva məmnuniyyətlə qulaq asdığım müğənnilərdir. Onlar estradanı oxuyurlar ona görə ki, səsləri var və tək səs heç nəyi həll etmir. Əgər o səsə ürək qoşulmayıbsa, nə o səs, nə o mahnının sözləri, nə də musiqisi insana təsir edə bilməz.

- Deyəsən, zinət əşyalarına çox meyillisiniz?

- Bəli, meyilliyəm. Zinət əşyaları, qızıllar, brilyantlar qadın üçün yaranıb.

- Amma indi kişilər də bər-bəzəkdən istifadə edirlər. Buna münasibətiniz necədir?

- Heç xoşum gəlmir. Bu bizim üçün yaranıb, yəni qadınlar üçün. Amma biz də kişilərdən nəyisə götürmüşük. Məsələn: şalvar geyinməyi, amma qadınlar nəyisə götürə bilər. Nəbadə, qadınlar kişidən kobudluğu götürsün, kişiləşsin. Qadın incə məxluqdur və o gərək kişiyə arxalansın. Tez-tez işlədilən "kişi kimi qadın" sözünü də heç sevmirəm. Qadın deyil o, mən həmin adama "soldat" deyirəm. Qadın qadınlığını saxlamalıdır. Səliqəsiz, baxımsız qadından xoşum gəlmir. Qadın və ümumiyyətlə, hər bir insan fərd olaraq cəmiyyət üçün maraq kəsb etməlidir. Cəmiyyət üçün maraqsız insanın həyatı sönük olur.

- Adətən gəlinlərin qayınanadan narazı olduğu deyilir, amma qayınanasından narazı kürəkənlər də az deyil. Bu baxımdan sizdə vəziyyət necədir?

- Bütün bu problemlərdə mən ailədə böyük kimdirsə, onu təqsirləndirirəm. Əvvəla, böyüyün həyat təcrübəsi çoxdur və o daha müdrikdir. Əgər ortayaşlı bir insan bir gənclə söz davasına çıxırsa, burada günahkar kimdir? Tutaq ki, təqsir cavan gəlində, yaxud kürəkəndədir, axı böyüklərin keçdiyi ömür yolu imkan verir ki, onlar münaqişəni istənilən üsulla yoluna qoya bilsinlər. Mən hətta müəllim-tələbə konfliktində də hər zaman təcrübə və yaşca böyük olanı günahkar saymışam. Ailə münasibətində də həmçinin belə olub. Kiçik hələ suya gedir, böyük isə sudan qayıdır. Mənə gəlincə, deməliyəm ki, kürəkənlərimlə heç vaxt problemimiz olmayıb. Çünki heç vaxt onların işinə müdaxilə etməmişəm. Əgər mənim hansısa köməyim və məsləhətimə ehtiyac varsa, həmişə hazır olmuşam. Mən heç vaxt demərəm ki, kefim yoxdur, vaxtım yoxdur, məni danışdırmayın. Vacib bir işim olsa belə, onlara diqqətlə qulaq asa bilərəm. Ana övladına deyə bilərmi ki, vaxtım yoxdur? O cümlədən kürəkənlərimi, nəvələrimi heç vaxt xəbərsiz, əlaqəsiz buraxmıram. Mən bilməliyəm ki, onlar necə yaşayırlar. Amma bunu sual verməklə, bezdirməklə, gündə gedib qapılarını döyməklə yox, kənardan müşahidə etməklə də bilmək olar. Bir sual verirəm, hamısının əhvalını soruşuram və bununla da kimin necə olduğunu hiss edirəm. Harada lazım oldu, çox incə şəkildə müdaxilə edirəm, lazım olmadı - çəkilirəm.

- Necə dolanırsınız?

- Elmi dərəcələrimə görə ayda 1000 manat məvacib, üstəgəl, pensiya da alıram. Təxminən 1 aylıq gəlirim 1200 manat edir. Bu qədər pul mənə kifayət edir, hələ qalır da. Ev almıram, maşın almıram, zinət əşyası almıram, dükan-bazara getmirəm, bazarlıq etmirəm. Qızlarım qoymurlar, bazarlığın hamısını özləri edirlər.

- Adətən evdə nahar etməyə üstünlük verirsiniz, yoxsa bayırda?

- Əlbəttə, ev yeməyini üstün tuturam və hər məclisə də getmirəm. İnsan gərək öz tay-tuşu ilə oturub-dursun. Restorana da gedəndə bəzi xanımlar kimi "onu yemirəm, bunu yemirəm, kökələrəm" kimi komplekslərim yoxdur. Az yemək ən gözəl dietadır. Amma pəhriz saxlamıram, hər şey yeyirəm, heç nədən imtina etmirəm. Hər şeyin qədəri var və qaydasında olan hər şey gözəldir.

Naibə Qurbanova;

 

Sevinc Osmanova

 

Həftə içi.- 2010.- 14 may.- S. 5.