"Kökü üstdə bitən" sənətkar

 

Aydın Mehralıyev: "Müşayiətçilik ağır sənətdir"

 

Qocaman ifaçı, tanınmış tarzən Aydın Mehralıyev sənət aləmində özünün yolu olan sənətçilərimizdəndir. 1946-cı ildə Ağdamda musiqiçilər ailəsində doğulub. Babası Məşədi Bahadur Qarabağın klassik xanəndələrindən biri olub. Respublikanın bir çox məşhur sənətçiləri - Xan Şuşinski, Əbülfət Əliyev, Sara Qədimova, Şövkət Ələkbərova, Fatma Mehralıyeva, Yaqub Məmmədov, Arif Babayev, Qədir Rüstəmov və başqaları ondan dərs alıblar. Məşədi Nəriman respublikamızın tanınmış tarzənlərindən biri idi. Xalq artisti Ramiz Quliyev, gitaraçı Rəmiş, kamançaçı Elman Bədəlov və onlarca sənətçi ifaçılıq sənətini ondan öyrəndilər. Aydın Mehralıyev öz sənət yolunu belə xatırlayır. "Gözümü açandan evimizdən həmişə musiqi səsi gəlib. Qarabağın, eləcə də respublikanın adlı-sanlı musiqiçiləri bizə gələrdilər. Saatlarla musiqimizdən söz açardılar. Çalıb-oxuyardılar, muğamlar üstündə mübahisələr edərdilər. Mən nəinki bunları müşahidə edərdim, hətta onların dediklərini beynimə yığardım. Məndə tar sənətinə həvəs də atamdan gəlib. Uşaq musiqi məktəbini və orta musiqi məktəbini Ağdamda bitirmişəm.

O vaxtlar Ağdam musiqi texnikumunda babam Məşədi Bahadur və atam Məşhədi Nərimanla bərabər, Seyid Şuşinski, Musa Şuşinski, Xosrov Fərəcov, Con Əliyev, Lentroş Orucov və Cəlal Əliyev kimi sənətkarlar mənə muğamın sirlərini öyrədiblər. 1973-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar-ifaçılıq fakültəsini bitirmişəm. Adıçəkilən təhsil ocağında böyük bəstəkarımız Süleyman Ələkbərov, Ramiz Mirişli, Adil Gəray, Ramiz Zöhrabov və Oqtay Quliyevdən dərs almışam. Konservatoriyanı bitirib Ü.Hacıbəyov adına Ağdam musiqi texnikumunda müəllimlik fəaliyyətinə başlamışam. 1977-ci ildən 2010-cu ilin oktyabrına kimi Qurban Primov adına Ağdam uşaq musiqi məktəbinin direktoru işləmişəm. Hazırda Şuşa musiqi texnikuımunda tar fənnini tədris edirəm".

- Aydın müəllim, fəaliyyətiniz dövründə hansı sənətçilərlə çiyin-çiyinə işləmisiniz? Bir sözlə, kimləri tarda müşayiət etmisiniz?

- Müşayiətçilik ağır sənətdir, sənətkarın yaxşı oxuması tarın müşayiətindən asılıdır. Tarzən gözəl müşayiət etsə, hətta zəif xanəndəni də yaxşı oxuda bilər. 43 il əmək fəaliyyəti dövründə Seyid Şuşinski, Musa Şuşiniski, Məşədi Bahadur, Əbülfət Əliyev, Yaqub Məmmədov, Arif Babayev, Şahmalı Kürdoğlu, İldırım Həsənov, Aydın Məmmədov, Qədir Rüstəmov, Elsevər Rüstəmov, Eldar Rüstəmov, Hafiz Sədirzadə, Aydın Niftalıoğlu, Tacir Şahmalıoğlu, Şahin Babayev, Əlisəfa Məmmədov, Barat Fərhadov və Araz Əliyev kimi ustad korifeyləri tarda müşayiət etmişəm. Onlarla birgə dövlət tədbirlərinə, rayonlar, kolxoz və sovxozlara gedib kənd zəhmətkeşləri qarşısında maraqlı konsert proqramları ilə çıxışlar edərdik. Hətta el şənliklərinə, toylara da gedərdik.

- Səhv etmirəmsə, siz həm də Ağdam xalq teatrında da çalışmısınız?

- Elədir, 1968 - 1975-ci illərdə xalq teatrında Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında aparıcı tarzən və orkestrin konsert-meystri olmuşam. Həmin opera rejissor Heydər Şəmsizadə tərəfindən hazırlandığından respublikada böyük marağa səbəb olub. Konservatoriyanın müəllim kollektivi, bütün bəstəkarlar həmin operaya baxmaq üçün Ağdama gələrdilər. Bütün bunlar mənim musiqi dünyagörüşümü daha da artırdı. Bir çox ifalarım Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin qızıl fondunda saxlanılır.

- Aydın müəllim, siz həm də elmi işlərlə məşğul olurdunuz, bəs işləriniz nə yerdə qalıb?

- Azərbaycan musiqisinin inkişafında "Qarabağ ifaçılıq məktəbinin rolu" mövzusunda elmi iş götürmüşdüm. Məlum Qarabağ hadisələri bu işimi yarımçıq qoydu. Əgər ömür vəfa etsə, yarımçıq qalmış elmi işimi başa çatdıracağam.

- Sizi həm də bəstəkar kimi tanıyırlar, bu barədə nə deyə bilərsiniz?

- Elmi işimi başa çatdıra bilməsəm də, damarlarımda axan milli musiqilər məni mahnılar bəstələməyə sövq etdi. Belə ki, 1996-cı ildə "Azərbaycan muğam rəngləri" adlı 32 nömrədən ibarət məcmuə bəstələdim və onları kitab halında çap etdirdim. Əlavə tədris vəsaiti kimi həmin kitab musiqi təhsil ocaqlarında tədris olunur. Həmin məcmuəyə bəstəkarlar Süleyman Ələsgərov, Ramiz Mirişli, Elnarə Dadaşova, Ramiz Zöhrabov, Mədəniyyət və Turizm Nazirliyinin elmi işçiləri Rəşid Əliyev və Səid Hacıyev rəy veriblər. II məcmuəni (mahnılar, rəqslər və rənglər) çapa verməyə hazırlaşıram. Yeri gəlmişkən qeyd edim ki, son vaxtlar yazdığım "Şuşa da bir qaladır" mahnım xalq artisti Nəzakət Teymurova tərəfindən ifa olunub. Bu mahnı bu gün də gündəmdədir.

- Aydın müəllim, yetirmələriniz varmı?

- Adlarını çəkmək istəmirəm, onlarca yetirməm ali və orta musiqi təhsil ocaqlarında çalışır.

- Aydın müəllim, nədənsə, ekranlarda görünmür. Ekran Aydın müəllimdən, yoxsa Aydın müəllim ekrandan uzaq düşüb?

- Mən belə deməzdim. Uzun müddət vəzifədə çalışdığıma görə tarda sənətkarları müşayiət etməyə vaxtım olmurdu. Amma son vaxtlara kimi Qədir Rüstəmovu ara-sıra müşayiət etmişəm. O cümlədən Qədir Rüstəmov haqqında çəkilən sənədli filmdə və onun disk halında çıxan mahnı və muğamlarını tarda müşayiət etmişəm.

- Sizə əcəb fəxri ad verilməyib?

- Fəxri adla bağlı 2 ildən artıqdır sənədlərim Mədəniyyət Turizim Nazirliyinə verilib. O da nazirliyin nəzarətindədir.

- Son zamanlar bəstəkar mahnıları yazılmır. Sizcə, sifarişlər yoxdur, yoxsa mahnı, yazmaq üçün söz tapılmır?

- Bəstəkar mahnıları yazılır, amma azdır. Milli ruhda yazılan mahnılar qalır.

- Buna səbəb nədir?

- Qarabağlıyıq. O vaxtlar qayğılar yox idi. İndi qayğılar çoxalıb. Musiqi bəstələməyə isə vaxt yoxdur. Əvvəllər Qarabağa baxıb mahnı yazardıq. İndi hara baxaq?! Kim Azərbaycan muğamlarını yaşadırsa, Azərbaycan mahnılarını bəstələyirsə, sağ olsun.

- Aydın müəllim, toylarımız "Qarabağ şikəstəsi" ilə başlayıb "Vağzalı" ilə qutarardı. İndi belə deyil, bir sözlə, milli rəqslərimizə, oyun havalarına az yer verilir. Bu nədən irəli gəlir?

- Milli rəqslərimiz qədim oyun havalarımız bizə babalarımızdan qalıb. Gərək biz çalışaq ki, gənclərimizi bu ruhda tərbiyə edək. Toylarda çalınan yüngül musiqilər müvəqqətidir. Bir müddət sonra onlar sıradan çıxacaq. İndi musiqi sahəsində istedadlı gənclər yetişir və yetişməkdədir.

  

  

Qələndər, Pərvin

 

Həftə içi.- 2010.- 2 noyabr.- S. 7.