Səmimiyyəti ilə ürəklərə yol tapan şair

 

Qələndər Xaçınçaylının çox zəngin yaradıcılıq dünyası var

 

Zaman hər an, hər dəqiqə istedadlar yetirmir. Əvvəl onun üçün mühit yaranır, daha sonra istedad yetişir. Bəzi istedadlar var ki, çox qısa zaman ərzində yaranır, yetişir və zirvələri fəth edir. Zirvə deyəndə bəzilərimiz ancaq vəzifəni nəzərdə tutur. Lakin çoxlu sayda vəzifə qazanan belə, mənim söz açdığım zirvəni fəth edə bilməz. Çünki bu zirvəyə yüksəlmək üçün gərəkdir insanın ürəyini fəth edəsən. Bəli, Qələndər Xaçınçaylı zirvəsi insanın ürəyinin ən ali yerindədir. Adını çox duyub, şerlərini çox oxusam da, onunla ilk dəfə "Azərbaycan" nəşriyyatında çalışdığım vaxtlarda qarşılaşmışam. Mənim fikrimcə, bir insanı tanımaq üçün o qədər də uzun zaman gərək deyil. Ən əsası odur ki onu tanımaq istəyəsən. "Həftə içi" qəzetində də işə başlamağımın səbəbkarı o olub. Xoş, mülayim, ürəyəyatımlı sözləri ilə insanların qəlbinə yol tapmağı bacaran Qələndər Xaçınçaylı ömrü bir çox insana örnək olmalıdır.

 

Nə qədər ki özümüzdən razıyıq,

Nə qədər ki sözümüzdən razıyıq,

Yolumuzdan, izimizdən razıyıq,

Bu yol bizi apararmı sabaha?!

(Qələndər Xaçınçaylı)

 

Bu həyatda çox insan görmüşəm, çox insanla yoldaşlıq etmişəm. Lakin Qələndər Xaçınçaylı qədər ətrafında olan kəslərə qarşı sadə və səmimi şəxsə rast gəlmək şərəfi mənə az-az nəsib olub.

Hörmət qazanmaq asandır, lakin onu qoruyub-saxlamaq çox çətindir. Qələndər müəllim o hörməti qoruyub-saxlamağı bacaranlardandır. Sadaladığım bu xüsusiyyətlər ki var, bu hər kəsə nəsib ola bilən bir xoşbəxtlik deyil. Bunun üçün gərəkdir fədakar olasan, insanlara qiymət verməyi bacarasan və bu hörmətin də qarşılığında heç bir hörmət gözləməyəsən. Bax budur qeyri-adilik, budur insanlıq, budur alilik!

Bir Qarabağlı vüqarı, Qarabağlı dəyanəti var onda. Onu digər insanlardan fərqləndirən cəhətləri yazsam, bəlkə də bir kitab alınar. Lakin konkret demək istərdim ki, Qələndər Xaçınçaylı dünyası zəngin və əzəmətlidir. Əzəmətli ömrün dəqiqələrini, saniyələrini vərəqələrə köçürmək çox çətindir. Bir qədər qısalıqla onun keçdiyi ömür yoluna nəzər salmaq istərdim.

Qələndər İslam oğlu Əhmədov (Xaçınçaylı) 1958-ci ildə Ağdam rayonunun Qalayçılar kəndində dünyaya gəlib. Bakı Dövlət Universitetini bitirib. 1979-cu ildə M.F.Axundov adına sovxozda fəhlə işləyib. 1979 - 1983-cü illərdə "Neft daşları"nda çalışıb. Hələ orta məktəbdə oxuyarkən yazdığı şeir və məqalələri ilə Ağdamın "Lenin yolu" qəzetində çıxış edib.

1989-cu ildən mətbuatda çalışır. "Fəryad", "Cümhuriyyət", "Meydan", "İcmal" qəzetlərində məsul katib, "Ədalət" qəzetində uzun müddət şöbə müdiri vəzifələrini icra edib. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.

Respublika mətbuatında müntəzəm olaraq 1981-ci ildən şeir və məqalələrlə çıxış edir. Şerləri "Ədəbiyyat və incəsənət", "Kommunist", "Bakı", "Savalan", "Azərbaycan pioneri", "Fəryad", "Meydan", "Səs", "Gələcək gün" qəzetlərində, "Müxbir", "Kənd həyatı", "Göyərçin", "Pioner" jurnallarında ardıcıl olaraq çap edilib. Həmçinin "Gənclik" nəşriyyatının "almanax"larında əsərləri oxuculara təqdim olunub.

Qələndər Xaçınçaylı 8 kitabın müəllifidir. "Qarabağın ağlar gözü" isə ilk şeirlər kitabıdır. Müsahibimlə söhbətə onun keçdiyi ömür yolu və xatirələrindən körpü saldım:

- Uzun müddətdir mətbuatımızın ədəbiyyat səhifələrini şeirlərinizlə bəzəyirsiniz. Hər bir şairin ilk yazdığı şeiri onun yaradıcılığının ilk mərhələsi və unudulmayan səhifəsidir. Sizin yaddaqalan ilk şeiriniz hansı olub?

- 4-cü sinifdə oxuyarkən yazdığım "Sadəlik" şeirim oldu. Həmin şeirim "Lenin yolu" qəzetində işıq üzü gördü.

- 8 kitabın müəllifi olan Qələndər müəllim üçün kitabları hansı anlamı daşıyır?

- Kitablarım mənim üçün həyatdır. Mənim övladlarımdır. Həm sevincli, həm kədərli günümdə mənə dəstək olurlar.

- Hər zaman qəmgin notlar üzərində yazırsınız. Hər şeirinizdə sanki bir ağrı, bir ürək yanğısı var. Kitablarınızın birində ahıllar evində yaşayan qocalarla bağlı bir şeir də oxudum. Belə problemlərə qarşı bu cür yanaşmanız nədən irəli gəlir?

- Bir dəfə ailələr və talelər verilişinə baxırdım. Mən orada olan və valideynləri tərəfindən atılmış bir uşağa şeir də yazdım. Bu da bir örnəkdir. Bizim xalqda xüsusi bir xoşrəftarlıq, səmimiyyət, qayğıkeşlik var ki, heç bir xalqda bu qədər incəliklər, demək olar ki, yoxdur. Mənim üçün ən dəhşətli olan amillərdən biri də uşaqların, qocaların atılmasıdır ki, bunu öz millətimə yaraşdırmıram. Mən öz övladalarımı, yaxın qohumlarım arasında olan qocaları görəndə kimsəsiz qalan ahıllar və atılmış uşaqları düşünürəm. Çox təəssüf hissi keçirirəm.

- Qələndər müəllim, siz jurnalistikaya hələ sovet dövründə gəlmisiniz. O dövrdə jurnalistikanın işgüzar vaxtı idi - qəzetlər az, oxucular isə çox. Bu gün isə Azərbaycanda 3000-dən artıq qəzet fəaliyyət göstərir və qəzetlərdə oxucu kütləsinə ehtiyac var. Çünki ədəbi yazılar da, demək olar ki, yoxdur. Şeiriyyət, poeziya və qəzetlərdə ədəbi bölmələr də azdır. Belə zamanda Qələndər müəllim üçün yazmaq, yaratmaq, jurnalistika sahəsində çalışmaq çətin deyil ki?

- Düzdür, bu gün bu sahədə çalışmaq bir qədər çətindir. O zamanlar biz hər hansısa bir şeirimizi aparıb qəzet, yaxud jurnala təqdim edəndə bir qədər çəkinirdik. İnanın ki, mən hər dəfə şeirimi aparanda, otaqdan tər-su içində çıxırdım ki, görəsən, mənim şeirlərimdə hansı çatışmazlıq meydana çıxacaq. Onda abır-həya, böyük-kiçik var idi. O vaxt şeirlərimi "Ədəbiyyat və incəsənət" qəzetinə təqdim edəndə onlara rəhmətlik Cabir Novruz baxdı. Haradasa 10 şeirimdən 5-ni çap etmişdi. Onda istedada qiymət vermək də var idi. İndi belə məsələlər çox uzaqlarda qalıb...

- İndi istedadı olan bir sıra gənc başqalarının himayəsi, belə desək, kölgəsi altında qalmaq məcburiyyətindədir. İnsana istedadla bərabər daha nə lazımdır ki, onun irəliyə getməsinə şərait yaratsın?

- Qızım, bu kimi məsələlərə münasibət bildirməkdə bir qədər çətinlik çəkirəm. Allah rəhmət eləsin Bəxtiyar Vahabzadəyə. Bir dəfə dedi ki, oğul, istedadla yanaşı, ona təbliğat da lazımdır. Belə ki, gərək insanın istedadı ilə bərabər, onun arxa-dayağı da olsun. Əgər bir insanın istedadı varsa, lakin ona arxa-dayaq duran yoxdursa, o zaman həmin insan ya həyatın burulğanında məhv olub gedəcək, ya da ki, yıxıla-dura addımlamağa çalışacaq. Lakin bu da onun istədiyinə nail olmasına o qədər də şərait yaratmayacaq. İndi istedadsızların zəmanəsidir. İstedadsızlar istedadlıların önündə at oynadır. Bu da ki, məlum məsələdir...

- Şeirlərinizin birində yazırsınız ki,

 

Ələn ki, ələkdən keçə biləsən,

Yaxşını yamandan seçə biləsən.

 

Qələndər müəllim bu illər ərzində ələnib ələkdən keçə, yaxşını yamandan seçə bildimi?

- Bilirsiniz, bəzən elə olur ki, yaxşılıq edirəm, lakin tamamilə tərsinə alınır. Çox tanışlarım var. Lakin dostlarım çox azdır. Məsələn: səni tanıyandan, səninlə əməkdaşlıq edəndən sonra sən mənə sanki doğmalaşdın və övlada çevrildin. Bu da adi bir məsələ deyil. Mən özüm zamanın ələyindən keçə-keçə bura qədər gəlmişəm. Lakin dostlarımı da ələkdən keçirdirəm. Bununla yanaşı, zaman da bu işdə mənə yardımçı olur.

- Şeirlərinizin birində yazmısınız ki, "Özüm bir çeşməyəm, axıtma suya məni". Bu misralarda nəyə işarə etmisiniz? Ümumilikdə çeşmənin suya axıdılması nə mənanı kəsb edir?

- Çeşmənin özü çox təmiz və şəffafdır. Onu suya axıdanda da onun suyu digər sulara qarışır. Sanki bu çeşmənin suyu bulanır. Burada böyük məna var. Mən özümü bir çeşməyə bənzədirəm. Ümumi cəmiyyətsə axar sudur. Cəmiyyətdə də yaxşı adamlar olduğu kimi, pislər də var. Bəzən elə olurmu ki, kimsə sizə deyir ki, sən də o biriləri kimisən. Yəqin ki, olur. Bax çeşmənin suya axıdılması da buna bənzəyir.

- Qələndər müəllim nədənsə şeirlərində zamanı günahlandırır. Niyə?

- Bütün hadisələrdə günahkar zamanı hesab etdiyimdən irəli gəlir.

- Şair var eşitdiklərini yazır, şair var gördüklərini yazır, şair də var şəklə baxır şeir yazır. Siz necə, bu üsulların hansından istifadə edirsiniz?

- Şair həm görməli, həm eşitməli, həm də duyub-yazmalıdır. Yəni o duyğular, o hisslər onun ciyərlərinə hopmalı, içindən gəlməlidir.

- Şeirlərinizin bir çoxunda ithaflar var. Bu içinizdən gəlib yazmısınız, yoxsa məcburiyyətdən yaranıb?

- Mən buna ithaf deməzdim. Bəzən elə olur ki, üzümü klassiklərə tutub dərdimi onlara açıram... Məsələn, ölməz şairimiz Məmməd Araz vaxtilə gözəl yazıb:

 

Vətən mənə oğul desə, nə dərdim,

Mamır olub qayasında bitərdim.

 

1990-cı il idi. 20 Yanvar hadisəsi baş verəndə bir qrup vəzifəli şəxs ölməz şairimizin bu sözlərini özlərinə şüar seçmişdilər. Onda mən bu sözləri rəhbər tutub, ona nəzirə yazdım.

 

Vətən sənə oğul dedi, ay dədə,

Mamır olub qayasında bit görüm...

Ələsgəri tək qoymusan Göyçədə,

Baş çəkməyə Göyçəmizə get görüm,

Mamır olub qayasında bit görüm...

 

Gözəl-göyçək Qarabağım talandı,

Xankəndidə yad ocaqlar qalandı.

Necə baxım, bağrım yandı, talandı.

Vətən sənə oğul dedi, ay dədə,

Mamır olub qayasında bit görüm...

 

Bu şeiri, demək olar ki, bir çox qəzetlər çap etdilər. Buna ithaf, boğazdan yuxarı şeir demək olarmı? Amma siz deyən kimi şeirlər də var. Məcbursan ki, kitabı çap etdirmək üçün hansısa bir himayədara şeir yazasan. Bu da hardasa müəyyən qədər içdən gəlməlidir.

- Şeir var doğulur, şeir var yaranır. Sizdə necədir, şeirlər doğulurmu, yaranırmı?

- Şeirlərin yaranması və doğulması başqa-başqa fikirlərdir. Bu mövzunu açıqlamaq üçün çox böyük zamana ehtiyac var ki, ona da bizim vaxtımız yetməz. Lakin bir sözlə qeyd etmək istərdim ki, məndə şeirlərin çoxu doğulur...

- Şeirlərində sözaltı ifadələrə, fəlsəfi fikirlərə toxunan Qələndər müəllim bununla oxucu kütləsi qazana bilibmi?

- Həyat özü fəlsəfədir. Şeirlərin də gözəlliyi onun fəlsəfəsindədir. Yəni şeiri oxuyarkən o səni düşündürməlidir. Əgər belədirsə, oxucunu da qazanmaq mümkündür. Əks halda, oxucu qazanmaq dünyada ən ağır problemlərdən birincisidir.

- Şeir kitablarınızın birinin adı "Yaza tələsən çiçək"dir. Bu sözlərdə mənaaltı ifadələr var. Bu gün Qələndər Xaçınçaylı özü də yaza tələsən çiçəkdirmi, yoxsa?..

- Mən o hissləri sizdə də görürəm. Sanki hər zaman harasa tələsirsiniz. Mən də hər zaman belə olmuşam. Vaxtından əvvəl nələrəsə tələsmişəm. Bəlkə də bu bir tərəfdən yaxşı xüsusiyyətdir...

- Şeirlərinizin birində yazırsınız:

 

Bir kövrək nəğmədir həyatım mənim,

Bir kövrək nəğməylə mən doğulmuşam,

Açılır hər yana qanadım mənim,

Həyatda bir kövrək nəğmə olmuşam.

 

Bu kövrəklik nədən yaranıb. Niyə kövrəklik Qələndər Xaçınçaylı ömrünün meyarına çevrilib?

- Elədir. Siz düz buyurursunuz. Həyatda kövrəklik mənim taleyim, qismətimdir. Mən doğulandan belə kövrəyəm. İllər sürətlə axıb getsə də, bu gün mən yenə də kövrək həyat nəğmələrim ilə baş-başayam.

- Bu illər ərzində şeirlər, misralar könlünüzün əsirinə çevrildi. Bəs könlünüz kiminsə əsiri oldumu?

- Könlüm elə bir insanın əsirinə çevrildi ki, bu gün də onun əsirliyindədir...

- Qağayını sahilsiz, ürəyi sirdaşsız təsəvvür etmək mümkün deyil. Siz şeirlərinizin birində yazmısınız ki, qağayılar uçub- getdi sahildən. Bəs Qələndər müəllimin ürəyindən ayrı düşən sirdaşı olubmu?

- Bəli, var. Mən bunun üçün çox təəssüf edirəm.

- 14 yerə parçalanmış Azərbaycan! Bu gün onun hansı bölgəsində olmaq istərdiniz?

- Qarabağda, Göyçədə, Zəngəzurda, Təbrizdə və sair.

- Qarabağsız illər ötdü. Zaman axdıqca biz də həmin illərdən uzaqlaşdıq. Oradan uzaq düşən Qələndər müəllim "Qarabağın ağlar gözü" adlı şeir kitabını yazdı. Əgər Qarabağa qayıtmaq bizə qismət olarsa, onda Qələndər Xaçınçaylı imzası oxucularını hansı kitabla sevindirəcək?

- "Qarabağın gülən gözü".

Qələndər müəllimə çox suallarım olsa da, onunla söhbətimi burada yekunlaşdırdım. Tanrıdan bu ali insana uzun ömür, cansağlığı, səadət, xoşbəxtlik və yaradıcılıq uğurları arzu edirəm. Qoy zehni açıq, qələmi iti olsun.

  

  

Pərvin İsmayılova

 

Həftə içi.- 2010.- 19 oktyabr.- S. 7.