Vasif Babayev - 70

 

Bəzən elə xoş anlar olur ki, onları yaşayırsan, amma qarşıdakı anların həsrəti ilə sanki yaşadığın saniyələri qarşına qatıb qovursan. Onlarla vida anı gələndə isə dönüb arxaya baxırsan, "kaş ki..." kəlməsi beynindən keçir, amma dilinə gətirə bilmirsən. Çünki artıq gecdir, yaşadığın saniyələrdən qalan bircə xatirələrdir...

Mən İncəsənət Universitetini bitirmişəm və bu ali təhsil ocağında çox istedadlı sənət müəllimlərim olub, mənə əməyi keçənlərin qarşısında baş əyirəm. Amma qarşısında baş əydiyim bir insan da var: Azərbaycan kino və televiziya sənətində, o cümlədən mənim də ara-sıra incəsənətlə məşğul olmağımda müstəsna xidmətləri olmuş Vasif Babayev. Çox erkən yaşlarından o zamanlar yeganə olan televiziyamızın baş rejissoru kimi bu ağır məsuliyyətli və şərəfli işi ləyaqətlə çiynində daşımış, Azərbaycanımızın dünənini araşdırmış, bu gününü alqışlamış və gələcəyinə uzaqgörənliklə yanaşmış neçə-neçə ekran əsəri, televiziya verilişləri ilə nəinki ölkəmizdə, həmçinin sorağı hüdudlarımızdan kənarda da eşidilən, tariximizin daş yaddaşı olan İçərişəhərdən qopan hər bir qırıntı üçün qardaşı, mərhum kinorejissor Arif Babayev kimi bəyaz ekranda için-için ağlamış, xalqımızın qan yaddaşında isə bu qanın bir damlası kimi amansız sovet maşınının üzərinə öz nifrəti ilə tökülən bu tanınmış VƏTƏN DAŞIMIZ!

Bu ilin yaz ayları idi. Vasif müəllimlə birlikdə sentyabr ayı ilə bağlı dostları, yaxınlarının yazdığı sətirləri oxuyurduq. Bu zaman Vasif müəllimə belə bir təşəbbüs verdim. Belə yazılardan birinin, Azərbaycan televiziya radiosunun tanınmış simalarından biri, qələmi ilə müşkül mətləbləri belə açmaq iqtidarına malik olan əməkdar jurnalist Mailə Muradxanlının yazması ehtimalından da danışdım. Axı Vasif müəllim Mailə xanımla uzun illər bir yerdə çalışmışdı. Vasif müəllim razılıq verdi Mailə xanımla danışmağı mən öz üzərimə götürdüm. Çünki Mailə Muradxanlı "Bakıfilm" kinostudiyasının baş redaktoru idi vaxtilə məhz elə onun xeyir-duası ilə bu kino qurumuna ssenarist kimi gələn bu nəcib insanın dəstəyini hər addımbaşı hiss edən gənclərdən biri mən idim, bu sətirlərin müəllifi. Mailə xanım bu təşəbbüsümə qulaq asıb dedi: "Vasifin xətri mənim üçün əzizdir, yazaram!". Həmin ərəfədə Mailə xanım "ANS" televiziyası ilə yayımlanan "Zərif çərşənbə" verilişinin aparıcılarından biri idi yaradıcı qrupu Türkiyədə çəkilişlər gözləyirdi. Səfər bitdi, Mailə xanım Bakıya dönəndən bir neçə gün sonra mənə Vasif Babayev haqqında yazdığı məqaləni verdi. Məqalənin adı sonluğu çox müdrik nikbin idi: "Hər şey irəlidədir, Vasif". Mailə xanım sonluğu özünəməxsus tərzdə Türkiyə səfəri zamanı bir hadisə ilə bağlamışdı. Bəli, özünəməxsus tərzdə, axı bu, Mailə Muradxanlı idi. Bu il iyunun 12-də səhər saatlarında aldığımız xəbər isə hər birimizi sarsıtdı. Mailə xanım qəfildən, bizi qoyub, Allahın əmri ilə haqq dünyasına qovuşmuşdu. O zaman Vasif müəllim mənə zəng vuraraq bir kəlmə söylədi: "Onun axırıncı yazısı, deyəsən, mənim barəmdə oldu". Mən onun barəsində bundan əvvəlki sətirlərdə adının önündə mərhum ifadəsini işlətmədim, o xoş anların davam etdiyini bir anlıq da olsa gözlərim önündə canlandırmaq üçün. Odur ki Mailə xanımın öz həmkarı barəsində yazdığı sətirləri rəfdə, bir arxiv sənədi olaraq saxlamaq istəmədik onun SON yazısını olduğu kimi diqqətinizə təqdim etməyi özümüzə borc bilirik. Ruhun şad olsun!

 

 

Kamran Qasımov

 

Həftə içi.- 2010.- 14 sentyabr.- S. 7.