Bakının işğaldan azad edilməsindən 92 il keçir

 

Musa Qasımlı: "Bu hadisə Azərbaycan istiqlalının elan edilməsi qədər əhəmiyyətlidir"

 

Bu gün Bakının işğaldan azad edilməsindən 92 il keçir. Bu zəfər Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Tarixçi-alim Musa Qasımlı "Həftə içi"nə müsahibəsində o dövrdə baş verən hərbi-siyasi reallıqlara toxundu.

- 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının yadelli qüvvələrdən azad edilməsi Azərbaycan tarixinin, Azərbaycan - Türkiyə qardaşlığının ən mühüm hadisələrindən biridir. Bakının işğaldan azad olunması bu gün Azərbaycan istiqlalının elan edilməsi qədər əhəmiyyətlidir. Həmin günün mahiyyətini başa düşmək üçün mütləq 1917-ci ilin oktyabrında Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra yaranmış vəziyyətə diqqət yetirmək lazımdır. Noyabrın əvvəllərində Bakıda Şaumyan başda olmaqla bolşeviklər hakimiyyət qursalar da, bu, real gücə malik deyildi. Bolşeviklər antiazərbaycan siyasəti yeridirdi. Hakimiyyətlərini möhkəmləndirməkdən ötrü türk-müsəlman əhalisinə qarşı soyqırımlara başladılar. Qafqazdan seçilmiş deputatlar Amerika, Fransa və İngiltərənin dəstəyi ilə Tiflisdə Transqafqaz Komissarlığını yaratdılar. Bura Cənubi Qafqazın millətçiləri və digər partiyaların nümayəndləri daxil oldular. Bakı Sovetinin əsas məqsədlərindən biri Bakı neftini əldə saxlamaq, Tiflisdə qurulan qurumu məhv etməkdən ibarət idi. Ona görə də Azərbaycan ərazilərində kütləvi qırğınlar törətdilər. Bu qırğınların ən yüksək nöqtəsi 1918-ci ilin martında baş verdi.

Transqafqaz Komissarlığında yaradılan seym bu qırğınların qarşısını almağa borclu olsa da, bunu bacara bilmədi. Belə bir şəraitdə Qafqaz cəbhəsində vəziyyət dəyişdi. Rusiya Almaniya bloku ölkələri ilə saziş, sonra isə sülh müqaviləsi bağladı. Rus - Qafqaz cəbhəsi dağıldı. Rus əsgərləri geri çəkildilər. Erməni silahlı dəstələri də onlarla geri çəkilərək qırğınları törətməyə başladılar. Transqafqaz Seymi bu qırğınların qarşısını ala bilmədi. Belə olduqda Osmanlı dövləti hərəkətə keçdi.

- Qafqaz İslam Ordusu hansı şərtlərlə Bakını işğaldan azad etdi?

- Osmanlının Azərbaycana doğru hərəkət etməsinin hərbi-siyasi, strateji, iqtisadi, milli-mənəvi və siyasi-hüquqi əsasları var idi. Osmanlı dünya türklüyü və islamın mərkəzi idi. Bu səbəbdən də dünya türkləri Osmanlıya nicat gözü kimi baxırdılar. Osmanlı da onları qırğınlardan qurtarmağa borclu idi. Belə şəraitdə Transqafqaz Seymi ziddiyyətlər ucbatından dağıldı. Respublikalar - Gürcüstan, Azərbaycan və Ermənistan müstəqlliklərini elan etdilər. İyunun 4-də Batumda Osmanlı ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq, qarşılıqlı yardım haqqında müqavilə imzalandı. Bu müqaviləyə görə Azərbaycan yardım üçün müraciət edərdisə, Osmanlı hökuməti yardım etməyə borclu idi. Beləliklə də Azərbaycan yardım üçün müraciət etdi. Amma bundan əvvəl, hələ apreldə türk əsgər və zabitlərinin bir qrupu Azərbaycana gəlmişdi. Mayın ortalarında Gəncəyə gələn türk əsgərləri orada vəziyyəti sabitləşdirdilər. Gəncə Azərbaycanın müvəqqəti paytaxtı idi. Orada silahlar yığıldı və beləliklə də Azərbaycan hökuməti Tiflisdən müvəqqəti paytaxtı olan Gəncəyə köçdü. Hökumətin əsas məqsədlərindən biri Azərbaycanın təbii paytaxtı olan Bakını azad etmək idi. Bakı da başqa qüvvələrin əlində idi. Azərbaycan ordusunun nüvəsini "Dikaya diviziya" təşkil edirdi. Bu da təqribən 600 nəfərdən ibarət idi. Bu zaman Nuru Paşa komandanlığında Qafqaz İslam Ordusu yaradıldı. Bu ordunun adının belə qoyulması diplomatik mülahizələrlə bağlı idi.

- Ən ağır döyüşlər harada baş verib?

- Gəncədə 2 hərbi məktəb açıldı. Azərbaycanlılar orduya cəlb olunmağa başladılar. Beləliklə Bakı uğrunda döyüşlərə start verildi. Ən ağır döyüşlər Göyçay - Qaraməryəmdə, Bakıya doğru ərazilərdə oldu. İyulun axırında Bakı Xalq Komissarları Soveti türk hücumlarının qarşısında tab gətirə bilmədi böhrana düçar oldu. Səsvermədə daşnaklar ingilislərin dəvət edilməsinə səs verdilər. Bolşeviklər hakimiyyətdən getdi. Bakıda Sentrakaspi diktaturası quruldu. Sentrakaspi ditktaturası da antiazərbaycan siyasəti yeridirdi. Onlar Ənzəlidən ingilisləri dəvət etdilər. İngilislər Bakıya gələndə Qafqaz İslam Ordusunun hücumlarının qarşısını kəsməkdə daha çox ermənilərə arxalanırdılar. Onlar da əsasən 1828-ci ildə Azərbaycan bölüşdürüldükdən sonra Bakıya yeridilən şəxslər idi. Demoqrafik vəziyyət məhz ondan sonra dəyişmişdi. Türk hücumları qarşısında Sentrakaspi diktaturası da tab gətirə bilmədi. İngilislər qaçmağa məcbur oldular Bakı şəhəri mühasirəyə alındı. Şəhərin coğrafiyası elə idi ki, ərzaq digər təminat şəhər ətrafı ilə təmin olunurdu. Şəhərin ətrafı şəhərdəki yerli əhali Sentrakaspi diktaturasına nifrət edirdi Qafqaz İslam Ordusunun gəlişini istəyirdi. Nəticədə sentyabrın 15-də yadelli qüvvələr şəhərdən qaçdılar Bakının açarlarını təslim etdilər. Beləliklə Bakı işğaldan azad edildi. Şəhər azad ediləndən sonra irqindən, dinindən, dilindən, millətindən asılı olmayaraq bütün insanlara bərabər münasibət bəslənildi. Silahlar yığıldı, şəhərdə qayda-qanun bərpa edildi, dükan-bazar işləməyə başladı. Azərbaycan öz təbii paytaxtına qovuşdu. Bakı Azərbaycanın təbii, tarixi, siyasi, mədəni düşüncə mərkəzi idi. Bakının azad edilməsi bütün ölkə ərazisində bayram edildi. Hökumət Gəncədən Bakıya köçdü, dövlət müəssisələri işləməyə başladı. Bu, Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri oldu.

 

 

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2010.- 15 sentyabr.- S. 1, 5.