Adil Əliyev - 80

 

Dünyaşöhrətli alimimiz, Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyevin 80 yaşı tamam olub.

Adil Əliyev Azərbaycan Dövlət Universitetini (indiki BDU) və aspiranturanı bitirdikdən sonra Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda əmək fəaliyyətinə kiçik elmi işçi vəzifəsində başlayıb və hazırda institutun iri bölmələrindən biri olan palçıq vulkanizmi şöbəsinin rəhbəri vəzifəsində yorulmadan çalışır.

Gənc illərindən başlamış neft geologiyasına və geokimyasına bağlılıq onu elmi rəhbəri akademik Ş.F.Mehdiyevlə birlikdə beynəlxalq geoloji konqresin Dehli sessiyasında məruzə ilə çıxış etməyə zəmin yaratmışdı. Sonrakı müvəffəqiyyət növbəti beynəlxalq geoloji konqresin Moskva sessiyasında qeydə alındı. Onun yorulmaz əməyi və elmə məhəbbəti digər beynəlxalq forumlarda - xüsusilə Almaniyada, Macarıstanda, Türkiyədə, Fransada, ABŞ-da alimə dünya şöhrəti qazandırdı. Alimin Suriya neft kompaniyasında uzun illər baş mühəndis-geokimyaçı, elmi məsləhətçi vəzifəsini yerinə yetirməsi, çoxsaylı xarici neft şirkətləri - "Britiş-petroleum", "Statoyl", "Geokimqrup", "Amoks", "Ekson", AMOR konsorsiumus. ilə səmərəli əməkdaşlığı deyilənlərin bariz sübutudur.

Adil Əliyev harada işləməsindən asılı olmayaraq həmişə böyük əməksevərliyi, elmin nailiyyətlərinə yiyələnmək arzusu, nəzəri-praktik fəaliyyətin vəhdəti və s. uğurlarla özünə hörmət qazandırıb. Rusiya, Ukrayna, Gürcüstan, Türkmənistan və digər ölkələrin ETİ-ləri ilə müştərək elmi işlərin çözülməsində alimin xüsusi rolu var. Adil Əliyevin elmi fəaliyyəti çoxşaxəlidir. O, 300-dən çox elmi məqalənin, 10 monoqrafiyanın şəriksiz müəllifidir. O, sözün əsl mənasında dünyaşöhrətli alimdir. O öz tədqiqatlarını digər qabaqcıl elmi-tədqiqat müəssisələrinin adlı-sanlı alimləri ilə bahəm aparmışdır və bu istiqamətdə yorulmadan fəaliyyət göstərir. Onun əsas qayəsi Azərbaycanın neftneftgeokimya məktəbinin nailiyyətlərini parlaq şəkildə dünya geoloji ictimaiyyətinə çatdırmaqdır. Nailiyyətlər sırasında "Müqəddəs odlar ölkəsi" sərgisinin London muzeyində təşkil edilməsi, Azərbaycanın neft geologiyası sahəsində qazandığı nailiyyətlər barədə xarici ölkələrdə professorun oxuduğu mühazirələr xüsusi yer tutur. Alimin təşəbbüsü və elmi məsləhəti ilə 2 seriyalı "Azərbaycanın palçıq vulkanları" rəngli filminin, həmçinin "Vulkanla üz-üzə" lentinin dəfələrlə televiziya ekranlarında nümayış etdirilməsi alimə dünya şöhrəti qazandırmışdır. Adil Əliyev dərin neft yataqlarının geologiyası və geokimyası problemləri, xüsusilə palçıq vulkanizmi ilə 40 ildən ziyadə vaxtda məşğuldur. Mübaliğəsiz demək olar ki, sanballı ailə başçısı öz övladlarını, nəvə və nəticələrini kamil tanıdığı kimi, Adil Əliyev də respublikamızın quru ərazisində və Xəzər dənizi akvatoriyasında mövcud olan 300-dən çox yerüstü və sualtı palçıq vulkanlarını əzbər tanıyır. Onlardan hansının neçə dəfə və nə vaxt püskürdüyünü sinədəftər bilir. Qeyd etmək yerinə düşər ki, elə bir vulkan yoxdur ki, o püskürdükdən sonra Adil Əliyev onu ziyarət etməmiş olsun (bu ifadə palçıq vulkanizminin respublikamızda banisi sayılan akademik Əhəd Ələkbər oğlu Yaqubova mənsubdur). Müəyyən edilmişdir ki, hər il Azərbaycanda 3 - 5 vulkan püskürür. Bəzi palçıq vulkanları uzun müddət püskürmürsə, bu, Adil Əliyevi rəncidə edir, onun səbəblərini araşdırmağa yönəldir. Alimin təbirincə, palçıq vulkanının püskürmələri arasında keçən vaxt ərzində vulkan gələcək fəaliyyəti üçün enerji toplayır. Əgər bu vaxt müddətində püskürmə baş verməyibsə, onun səbəbləri araşdırılır. Adil Əliyevin müşahidələri göstərmişdır ki, vulkan püskürdükdən sonra onun krater sahəsində qrifonlarsalzalar yaranırsa, bu, izafi enerjinin sərf olunmasının nəticəsində baş verir. Deməli, həmin vulkanın yaxın vaxtda püskürməsi gözlənilmir. Lakin bəzi aktiv vulkanlarda püskürmədən sonra onun krater sahəsində qrifonsalzalar əmələ gəlmir, buna baxmayaraq o, az müddətdən sonra yenidən fəaliyyətə başlayır. Alimin fikrincə, palçıq vulkanı ocağında tam stabilliyin yaranmaması onu yenidən püskürməyə təhrik edir.

Adil Əliyevin elmi nailiyyətləri sırasında palçıq vulkanlarının püskürməsi ilə regionun seysmikliyi arasında əlaqə xüsusi yer tutur. Məlum olduğu kimi, yeraltı təkanlar və palçıq vulkanlarının püskürmə paroksizmi genetik əlaqəlidir, yəni güclü zəlzələlər palçıq vulkanlarını püskürməyə "vadar" edir. Alimin təbirincə, müvafiq məlumatlar əsasında uzunmüddətli zəlzələ proqnozunun hazırlanması heç də təfəkkürdən kənar deyildir. Faktlara müraciət edək: 2001-ci ilin seysmik aktivliyi həmin il 10-dan artıq palçıq vulkanının püskürməsinə səbəb olmuşdur. Müşahidələr göstərir ki, zəlzələ baş verməmişdən qabaq vulkanların püskürmə məhsulları - su, qaz və brekçiyanın tərkibi dəyişikliyə uğrayır. Maraqlıdır ki, bu dəyişiklik vulkan püskürməsindən xeyli vaxt əvvəl başlayır. Deməli, palçıq vulkanı məhsullarında baş verən dəyişikliklər müəyyən mənada zəlzələ bəşarətçiləri (qabaqcadan xəbər verənləri) rolunu oynayır. Yeri gəlmişkən qeyd edək ki, palçıq vulkanı təzahürlərində baş verən fəallaşma - çıxarılan suyun, qazın, lilin miqdarının çoxalması və tərkibinin dəyişməsi - öz növbəsində zəlzələ bəşarətçisidir və zəlzələlərin yaxın vaxtda baş verəcəyini əvvəlcədən xəbər verir.

Bəzi palçıq vulkanları uzun müddət "susur", lakin onlara kənardan müdaxilə olarsa, bu, gözlənilməz fəsadlarla nəticələnir. Misal: Abşeron yarımadasında yerləşən Keçəldağ palçıq vulkanı 100 ildir püskürmürdü. Onun kraterinə yaxın məsafədə naməlum təşkilatın qazdığı xəndək vulkanın nagəhan püskürməsinə səbəb olmuşdur. Alimin fikrinə görə, vulkana kənardan edilən müdaxilə "yatmış şirin oyanması"na imkan yaratmışdır. Bunu nəzərə alaraq Adil Əliyev uzun illərdən bəri palçıq vulkanları yaxınlığında hər hansı təsərrüfat fəaliyyətinə (binaların tikilməsi, yol salınması və s.), həmçinin onun ərazisinin çirklənməsinə və zibillənməsinə qarşı barışmaz münasibət göstərir. Belə münasibət Adil Əliyevin ETSN-liyi nəzdində palçıq vulkanlarının qorunması üzrə koordinasiya şurasının sədri təyin olunmasına imkan yaratmışdır.

Adil Əliyev həmçinin əməkdar elm xadimidir. Onun rəhbərliyi altında palçıq vulkanlarının tədqiqinə kosmik şəkillərin, yüksəklik aerofotomateriallarının deşifrə olunması da daxil edilmişdir. Bu işlərin məntiqi nəticəsi olaraq yeni palçıq vulkanları (Çıraqlı), palçıq vulkanı təzahürləri və quylanmış palçıq vulkanları aşkar edilmişdir və onların müxtəlif qırılma stukturları üzərində təmərküzləşməsi müəyyənləşdirilmişdir. Ən vacib nailiyyət ondan ibarətdir ki, GPS vasitəsilə bütün palçıq vulkanlarının koordinatı dəqiqləşdirilmişdir. Nəticə olaraq qeyd edilməlidir ki, Adil Əliyevin rəhbərliyi və aktiv iştirakı ilə Yer kürəsinin palçıq vulkanları xəritəsi (izahat vərəqi ilə) hazırlanmaqdadır. Bu mötəbər əməlin tamamlanması Adil Əliyevin dünya palçıq vulkanları probleminə ləyaqətli töhfəsi olacaq. Şərh olunanlar tam qətiyyətlə göstərir ki, alimin elmi nailyyətləri bütün dünyada palçıq vulkanları probleminə ləyaqətli elmi töhfədir.

Professor Adil Əliyevin elmi nailiyyətləri tükənməzdir. Buna baxmayaraq onun ən vacib nəcib arzusu "Azərbaycan palçıq vulkanları" atlasının yeni variantını yaratmaqdır. Məlum olduğu kimi, ilk atlas 1971-ci ildə akademik Yaqubov Ə.Ə. akademik Əlizadə Ə.Ə. g.m.e.d Zeynalov M.M. tərəfindən tərtib olunmuş Leypsiqdə (Almaniya) nəfis şəkildə çap edilmişdir. O vaxtdan keçən 40 il ərzində xeyli yeni material toplanmışdır. Adil Əliyevin rəhbərliyi altında Azərbaycanın 1:500000 miqyaslı (geodinamik təməldə, GPS vasitəsilə təyin olunmuş koordinatlar əsasında, yeni morfoloji təsnifat zəminində) palçıq vulkanları xəritəsi tərtib edilmişdir. Şərh olunanlar göstərir ki, alim öz niyyətinə arzusuna çatmaq üçün yenə yorulmadan çalışır.

  

  

Əli Bayramov

 

Həftə içi.- 2010.- 16 sentyabr.- S. 4.