"Azərbaycan tərəfi beynəlxalq qanunvericiliyə istinad edir"

 

Hayko Lanqner: "Ermənistan isə işğal etdiyi ərazilərdən geri çəkilmir"

 

Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin ofisində Bundestaqın elmi işçisi, siyasi elmlər üzrə mütəxəssis Hayko Lanqner "Geopolitik təsir və gərginləşən təhlükəsizlik mühitində Dağlıq Qarabağ münaqişəsi" adlı mühazirə təqdim edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "Həftə içi"nə verilən məlumata görə, H.Lanqner öz məruzəsində Qarabağ müharibəsi ilə bağlı mühüm məqamlara yer ayırıb. Siyasətçi qeyd edib ki, 1994-cü ildə münaqişə tərəfləri arasında atəşkəs haqqında anlaşma əldə olunduğu zamandan bəri ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində vasitəçilik etməyə çalışır. Münaqişə tərəfləri isə öz başlanğıc mövqeyindən dönməyib: "Azərbaycan tərəfi dövlətin suverenliyini, ərazi bütövlüyünü tənzimləyən beynəlxalq qanunvericiliyə istinad edir, işğala məruz qalmış torpaqlarının qeyd-şərtsiz geri qaytarılmasını tələb edir, Ermənistan isə zəbt etdiyi ərazilərdən geri çəkilmir, Dağlıq Qarabağda qondarma dövlət yaradıb, üstəlik, münaqişənin həllində Dağlıq Qarabağın erməni icmasının tərəf kimi qəbul olunmasını istəyir". "ATƏT-in Minsk Qrupunun göstərdiyi səylərə baxmayaraq münaqişənin qısa zamanda həll ediləcəyi ehtimalı azdır" deyən H.Lanqner əlavə edib ki, əksinə, son vaxtlarda Qarabağ cəbhəsində atəşkəsin pozulması halları intensiv xarakter alıb və bunun yeni silahlı münaqişəyə çevrilməsi qorxusunu getdikcə artırır. Məruzəçi həmçinin regionda geosiyasi maraqları olan ATƏT-in Minsk Qrupundakı dövlətlərin münaqişənin həlli üçün vacib olan addımları atmamasına səbəb olan amillər, niyə məhz bu dövlətlərin münaqişənin həllinə təsir göstərə bilməsi imkanları, habelə hələ də həllini tapmamış və dondurulmuş vəziyyətin zəbt edilmiş torpaqların humanitar və iqtisadi duruma təsiri, eləcə də digər məsələlərdən danışıb. Tədbirin davamında H.Lanqner işğal edilmiş Azərbaycan ərazilərindən alman jurnalistlərinin 2010-cu ildə çəkdiyi və Şuşa, Laçın, Xankəndi, Ağdam, Əsgəran bölgələrindəki erməni vəhşiliklərini əks etdirən fotoları nümayiş etdirib. Tədbirdə 1990-cı illərdə Almaniyanın ATƏT-in Minsk Qrupunda nümayəndəsi olmuş Frank Lambax, Bundestaqın elmi işçisi xanım İvon Bexlayn, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, dramaturq, jurnalist Lutz Layxtfus, doktorant və tələbələr, Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər. Məruzədən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Məhz bu mövzuda tədbirin keçirilməsi Berlindəki erməni diasporunun nümayəndələrinin narahatlığına səbəb olub. Qeyd edək ki, H.Lanqner şimal-şərqi Avropa, Rusiya, Türkiyə, Qafqaz regionu üzrə mütəxəssisdir, bu bölgələrdəki proseslərə dair çoxlu məqalənin müəllifidir. 2009-cu ildə "Şərqi Qafqaz, Dağlıq Qarabağ, Abxaziya, Şərqi Osetiya-identitet, xalq hüquqları, geostrateji maraqlar mühitində" adlı kitabı nəşr olunub.

  

      

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2010.- 24 sentyabr.- S. 5.