Ürəyinizi qoruyun!

 

Dünya Ürək günü ilə bağlı mətbuat konfransında bunun da yolları göstərilib

 

Dünən Dünya Ürək günü ilə bağlı mətbuat konfransı keçirilib. Azərbaycan Ürək Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev bildirib ki, cəmiyyətin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq Dünya Ürək günü geniş səviyyədə qeyd ediləcək.

Əlamətdar günlə əlaqədar silsilə tədbirlər nəzərdə tutulur. Belə ki, Dünya Ürək günü çərçivəsində Körpələr evində uşaqlar kardioloji müayinədən keçiriləcək, Tibb Universitetində tələbələrin iştirakı ilə seminarlar təşkil olunacaq. Eyni zamanda, ticarət mərkəzlərində aksiyalar da təşkil ediləcək. Aksiyalar zamanı insanlara ürək-damar xəstəlikləri haqqında bukletlər paylanacaq, müayinələr aparılacaq. Mərkəzi Klinik Xəstəxanada aztəminatlı vətəndaşlar üçün kampaniya təşkil olunacaq. Sentyabrın 25-də isə "Mən ürəklə işləyirəm" adlı beynəlxalq elmi konfrans planlaşdırılır.

Natiq qeyd edib ki, artıq 10 ildir ki, Dünya Ürək Federasiyası tərəfindən Dünya Ürək günü dünyanın 200-dən artıq ölkəsində qeyd edilir. "Azərbaycanda dövlət tərəfindən səhiyyə sahəsinə göstərilən diqqət qayğının nəticəsidir ki, ölkəmizdə tibbin hər sahəsində, o cümlədən kardiologiyada yüksək nailiyyətlər əldə olunub. Biz çox sevinirik ki, bu əlamətdar günü ciddi bir bazaya əsaslanıb qeyd edə bilirik". Kardioloq onu da bildirib ki, tədbirin məqsədi ictimaiyyətin diqqətini ürək-damar xəstəliklərinin profilaktikasına yönəltməkdir. Kardioloq Üzeyir Rəhimov isə vurğulayıb ki, ürək-damar xəstəlikləri hazırda dünyada çox geniş yayılıb. Azərbaycanda risk faktorlarının daha çox mövcud olduğundan bu xəstəlik ölüm əlilliklə nəticələnir.

Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü Firdovsi İbrahimov da qeyd edib ki, dünyada ölüm hallarının 50 faizi ürək-damar xəstəlikləri ilə bağlıdır. Bu xəstəliklərin yaranmasına təsir edən faktorların qarşısını almaqla, insanları maarifləndirməklə bu xəstəlikdən asanlıqla qorunmaq mümkündür. Tədbirdə vurğulanıb ki, Azərbaycanda əsasən ürəyin işemiyası, ürək çatışmazlıqları, anadangəlmə qüsurlar, aritmiya daha geniş yayılıb.

Mətbuat konfransında Dünya Ürək Federasiyasının hazırladığı 10 tövsiyə haqqında da məlumat verilib. Belə ki, insanlara meyvə tərəvəzdən istifadə, fəal həyat tərzi sağlam qida seçimi etmək, çəkini nəzarətdə saxlamaq, spirtli içkilərdən siqaretdən imtina etmək, stressdən uzaq olmaq tövsiyə olunur.

  

  

Pərvin

 

Həftə içi.- 2010.- 24 sentyabr.- S. 6.