"Qarabağ Azərbaycanındır"

 

Ermənilərin döyə-döyə öldürdükləri Fərhad Atakişiyev sona kimi sözündən dönməyib

 

Dünyaya gələn hər bir kəs öz ömrünü, öz alın yazısını yaşayır. O da hamı kimi doğuldu. Amma hər kəs kimi yaşamadı. 1970-ci il iyulun 3-də Rəhman kişinin ocağında dünyaya göz açan körpə həmin gün doğulanlardan biri idi. O milyonların hamısı təbii ki, tarixin yaddaşına düşmədi. Fərhad Atakişiyev isə bir ailənin, bir nəslin, bir elin yox, bütöv bir millətin tarixinə, qürur mənbəyinə çevrildi. Adını tarixin yaddaşına əbədi yazmağı bacardı. Sözsüz ki, əməlləri ilə göstərdiyi qəhrəmanlıq nümunələri ilə vətənə, torpağa sonsuz məhəbbəti ilə.

Kim idi Fərhad Atakişiyev? Ziyalı ailəsində doğulub böyüyən sıradan bir gənc. Onun üçün vətən doğma kəndindən - Kərkicahandan başlayırdı. Hələ orta məktəbdə oxuyarkən mühəndis olmaq istəyirdi. Amma adi Azərbaycan əsgəri adının şərəfini ucaltmaq onun alın yazısı oldu. Məktəbi əla qiymətlərlə bitirən Fərhad hərbi xidmətə yollanır. Çox keçmir ki, uzaq Çitadan Kərkicahana nizam-intizamlı mərd bir oğul böyütdüyü üçün Rəhman kişinin ünvanına təşəkkür məktubları, tərifnamələr göndərilir. Əsgəri xidmətini başa vurub doğma vətənə qayıdan Fərhad öz arzularının ardınca gedir. Sənədlərini Azərbaycan İnşaat Mühəndisləri Universitetinə təqdim edir. Tələbə adını qazanır. Əlinə tələbə bileti aldığı gün Dilarə xanımın sevincdən gözləri yaşarır və balasını bağrına basıb alnından öpür. Lakin bu sevincin ömrü uzun çəkmir. Fərhadın tələbəlik həyatı da döyüş yolu kimi qısa oldu.

"Ana mən cəbhəyə gedirəm",- deyərək Fərhad qəti qərarını bildirəndə, Dilarə xanım çaşıb qalır. "Getmə" deməyə dili gəlməsə də "get" də deyə bilmir. Bütün analar kimi o da odlu-alovlu müharibənin nə olduğunu yaxşı bilirdi. Qəlbindəki analıq hissi iftixar duyğularını üstələmişdi. Fərhadın həyəcanlı səsi onu fikirdən ayırır. "Haqqını halal eylə, ana. Vətən dardadır. Mən orda olmalıyam". Dilarə xanım deməyə söz tapmır. Elə bil ciyər-parasını birinci dəfə idi görürmüş kimi, onu başdan ayağa süzür. "Maşallah, Fərhad böyüyüb, yekə kişi olub" deyə ürəyindən keçirir. Göz yaşlarını silir. "Südüm sənə halal olsun oğul, salamat get, qələbə ilə qayıt". Fərhad anasından xeyir-dua aldıqdan sonra vətənin harayına tələsir. Gedir, amma bir daha geri dönmür. 1991-ci ilin oktyabr ayının 10-da Şıxov könüllülər batalyonuna yazılan Fərhad Şəhidlər xiyabanında and içib Qarabağa yollanır. Elə Fərhadı ölməzliyə, müqəddəsliyə aparan yol burdan başlayır.

...1991-ci ilin dekabr ayı. Müharibənin qara tüstüsü Qarabağ və ətraf rayonlarını bürüyüb. Xankəndi ilə Şuşa şəhəri arasında strateji bir nöqtədə yerləşən Kərkicahan kəndi düşmənin hədəf nöqtəsinə çevrilib. Yerli əhali özünümüdafiə dəstələri ilə düşmənin amansız hücumlarına mərdliklə sinə gəlsələr də, atəş səslərinin ardı-arası kəsilmir. Gənc Fərhad da özünümüdafiə dəstəsinin önündə gedirdi. O bu yerləri yaxşı tanıdığı üçün səngərdən-səngərə adlayır, döyüşçülərə bələdçilik edirdi. 1991-ci il dekabrın 26-da erməni silahlı qüvvələri güclü texnika ilə Kərkicahana hücum edir. Toplardan açılan atəş səsləri yeri-göyü lərzəyə salır. Vətənin hər daşı, hər qayası qan ağlayırdı. Mehman Hüseynovun komandiri olduğu könüllü dəstə Kərkicahan yaxınlığındakı yüksəklikdə erməni silahlı dəstələri ilə üz-üzə dayanıb. Gənc könüllülər heç nəyə fikir vermədən döyüşür, bir addım da belə geri çəkilmirlər. Fərhad da digər döyüşçüləri kimi güllə, mərmi yağışı altında düşmənin üzərinə şığıyırdı. Səkkiz saat davam edən şiddətli döyüşdən sonra əlavə qüvvə gəlmədiyi üçün ermənilər Kərkicahanı üzük qaşı kimi mühasirəyə alır. 11 əsgərimiz bu qanlı döyüşdə şəhid olur. Fərhad üç tərəfdən mühasirəyə alınmış kənddən dinc əhalini çıxarmağa çalışır. Artıq silah-sursatları da qurtarıb. Bunu hiss edən ermənilər əl qumbarası ataraq döyüşən doqquz əsgərimizi yaralayaraq əsir götürür. Onların arasında başından və dizindən aldığı yaradan huşunu itirmiş Fərhad Atakişiyev də var idi. Ermənilər onu döyüş yoldaşları ilə birlikdə Xankəndi şəhərinə aparırlar. Xankəndidə Əlif Hacıyevlə bərabər demək olar bütün Qarabağ camaatı çalışır ki, Fərhadı əsirlikdən qurtarsınlar. Amma Fərhadı sağ-salamat ermənilərin əlindən almaq mümkün olmur. Əsir düşmüş doqquz əsgərin bir neçəsi sağ qalaraq geri alınır. Fərhadın son nəfəsədək şücaət göstərərək "Qarabağ Azərbaycanındır" deyib torpağı qucaqlaması onların yaddaşında əbədi həkk olunub.

Döyüş yoldaşı Arif Əziz oğlu İsmayılov: "Hərbi sursatımız qurtardıqdan və yaralandıqdan sonra ermənilər bizi əsir götürdülər. Ondan sonra bir-birimizin üzünü görmədik. Əsirlikdə yan-yana qaldığımız kameralardan ancaq səslərimizi eşidirdik. Fərhadın səsi bu gün də qulaqlarımdadır. Ermənilər ona necə ağır işgəncələr verirdilərsə, Fərhad durmadan eyni sözü təkrarlayırdı. "Qarabağ Azərbaycanındır".

Əsirlikdə yaşadıqları günləri isə Mehman Hüseynov belə xatırlayır: "Fərhad əsirlikdə olduğu müddət ərzində "mən erməni çörəyi yemərəm" deyərək əsirlərə verilən bir parça çörəkdən də imtina edir. O, 22 gün əsirlikdə yaşayır. 22 günün hər günü ermənilərə tarix boyu unutmayacaqları dərs verir".

Fərhadın ölümünün canlı şahidi olmuş Əbdüləzim Məmmədov o günü heç zaman unutmayacağını deyir: "Yanvarın 28-də gecə saat 3-4 arası Fərhadı mənim olduğum kameraya gətirdilər. Ondan soruşdular ki, "bu kimdir, hansı şəhərdəndir?". Fərhad dedi ki, məni tikə-tikə doğrasanız da bir söz demərəm. Sonra soruşdular ki, komandiriniz kimdir? Yenə rədd cavabı aldılar. Daha sonra "Kərkicahan kimindir" deyə soruşduqda Fərhad qışqırdı ki, "Kərkicahan bizimdir, bizim də olacaq". Onun qollarına, ayaqlarına, boynuna armaturla çırparaq vəhşicəsinə öldürdülər. Mən bu dəhşətli ölümü öz gözlərimlə görmüşəm".

Bəli, Fərhad nə az, nə də çox, düz 22 gün düşmənin amansız işgəncələrinə mətanətlə sinə gələrək doğma Azərbaycanın adını yüksəldiyi məqam qədər uca etdi. Əməlləri ilə sübut etdi ki, ona oğul deyib güvənənlər zərrə qədər yanılmayıblar. Fərhadın yurd sevgisinə köklənmiş ürəyini susdurmaq, mənliyini, qürurunu sındırmaq qəddar düşmənə o qədər də asan başa gəlmədi. Bədəni iti alətlə dəlmə-deşik olduqca "Qarabağ Azərbaycanındır", "Kərkicahan mənim doğma torpağımdır" deyən 21 yaşlı Azərbaycan əsgəri bir neçə onilliyə bəs edəcək vətənpərvərlik nümunəsi göstərdi.

Bəli, 1992-ci ilin yanvarın 25-i Fərhadın son nəfəsi, intiqama səsləyən son səsi - canından əziz tutduğu vətənə son baxışı oldu. O ən uca məqama - şəhidlik zirvəsinə ucaldı. O gün vətən bir çinar boylu igidini itirsə də, bir örnək qəhrəman qazandı. O qəhrəman ki, ölümsüzlüyü ilə düşmənə qələbə çaldı. Amma təəssüf ki, Fərhad vaxtında, zamanında öz qiymətini almadı. Ölümündən 17 il sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif olundu. Əbədiyyətə qovuşan, öz dünyasını tapan, elinin, obasının, xalqının yaddaşında qəhrəman kimi yaşayan Fərhad Atakişiyevin layiqli adını rəsmiləşdirmək onsuz da heç nəyi dəyişdirməyəcək. Çünki Fərhad kimi oğullar vaxtın, zamanın sınağında itib-batmır. Əksinə, illər ötdükcə belə qəhrəmanların sorağı yeni nəsillərin davamlı ömrünə çevrilir. Elə bu gün ki Mübarizlərimiz, Fəridlərimiz, Əhmədlərimiz məhz Fərhad kimi oğullardan örnək götürdülər. İnanırıq ki, gec də olsa Fərhadın da qəhrəmanlığı təsdiqlənəcək.

Fərhada qədər çox şəhid ömrü vərəqləmişəm. Əslində ömür yolunu vərəqlədiyim bu igidlərin hər biri tarixdir. Fərhad Atakişiyev haqqında çox eşitsəm də "Qarabağdır Azərbaycan" adlı filmə baxdıqdan sonra bu qəhrəmanı daha yaxından tanıdım. Deyim ki, Fərhadın faciəli taleyi məni nə qədər sarsıtsa da, bu cəsarətin, mərdliyin önündə bir o qədər fəxr edib öyündüm. Onu dünyaya gətirən və böyüdən ana qarşısında dönə-dönə baş əydim. Fərhaddan danışarkən gözləri dolub-boşalsa da, başını dik tutdu Dilarə ana. Üzündəki kədər çəkilib qürur hissi ilə əvəz olundu. Fərhad son nəfəsində də "Azərbaycan" deyib. Azərbaycan da "Fərhad" desin gərək.

Bəli, vətən hər övladına qucaq açıb ona oğul demir. O kəsləri gələcək nəsillərə örnək sayır ki, bütün ruhu ilə vətənə, el-obaya bağlı olsun. Sən belə nadir övladlardan oldun, Fərhad! İllər keçdikcə, fəsillər dəyişdikcə sən xalqın gözündə daha da böyüyəcəksən. Səni sevən ürəklərdə döyünəcəksən. Öyünəcəklər, fəxr edəcəklər səninlə. Sevəcəklər səni, çünki sən sevməyi bacardın. Nə qaragöz Şirin uğrunda dağ yarıb külüng vurdun, nə də at çapıb qılınc oynatdın. Sən torpağın, yurdun aşiqi oldun. Elə canından artıq sevdiyin bir parça vətən torpağına qarışaraq vətənləşdin. Vətən elə sənin kimi oğullardan yaranıb.

İradə Cavadova

 

Həftə içi.- 2011.- 7 aprel.- S. 7.