"Hər şeir yazana şair deməzlər"

 

Qələndər Xaçınçaylı: "Ədəbiyyatda adamın adamı olmalı deyil..."

 

"Arxamda dağlar dayanıb.

Onlar qoymazlar

Məni yıxılmağa..."

 

Bu misraların selinə bürünüb, 1980-ci ildən Azərbaycan mətbuatında çalışan, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, 8 kitab müəllifi olan şair Qələndər Xaçınçaylı ilə ad günü ərəfəsində görüşdük. 15 apreldə qəlbi yurd yanğısı ilə alışıb-yanan bu şairin doğum günüdür. Amma söhbətə şairlikdən danışmaqla başladıq:

 - Şairlik Allah vergisidir. O, ilk öncə sənin içində, qanında, ruhunda olmalıdır. Bu da hər adama qismət olmayan ilahi bir sevgidir. Sanki, ananın bətnində şair doğulursan. Əgər bunlar yoxdursa, şairlikdən söhbət açıb, danışmağına dəyməz. Yadımdadır, o vaxtlar 2-ci sinifdə oxuyarkən, içimdə məni çox şey narahat edirdi. Çox vaxt gecələr yuxum da ərşə çəkilirdi. Elə bil məni dünyaya gətirən Tanrısına qovuşdururdu. Nə bilim, bəlkə də o Tanrının bir sevimli körpəsinə çevrilmişdim. Elə o illərdən bəri, insanları müqayisə etməyə başladım. Kimisinin özünü göylə apardığını, kimisinin də özünü sadə apardığını görürdüm. Fikirləşirdim ki, hamı insandır. İnsandan yüksək məxluq yoxdur. Həm də, hər şeyin önündə sadəlik durur. Elə bu məqsədlə də, ilk şeirim olan "Sadəlik"i yazdım. Elə o vaxtdan qələm mənim üçün silah rolunu oynadı. Yeri gəlmişkən qeyd edim ki, ədəbiyyat çox çətin və şərəfli bir sənətdir. O sənətin ağrılarına hər adam dözə bilmir, onun yükünü hər adam çəkə bilmir. Çünki, bu ruhla bədən arasında bir vəhdət təşkil edir. Gərək o mənəviyyatı, o varlığı görə biləsən. O ilahi saflığı içə-içə, durula-durula təmizlənə biləsən. Necə ki dağların təkindən süzülüb axan bulaqlar kimi... Məhz buna görə də, bu gün hər şeir yazan adamın özünü şair adlandırması düzgün deyil. Bir sözlə, hər şeir yazana şair deməzlər. Bundan başqa, hər hansı bir şeir, qafiyə xətrinə sifariş ilə yazılmalı deyil. Çünki şairin yazdığı şeiri onun düşdüyü mühit, zaman yazmağa vadar edir. Bir sözlə, şeir insanı özü axtarıb tapır...

- Bir şair olaraq özünüz haqqında nə düşünürsünüz?

- Düzünü desəm, bu günə qədər özüm haqqında heç vaxt düşünməmişəm və heç bu gün də düşünmürəm. Bəlkə də, bu mənim sadəlövhlüyümdən və həyata təbii baxışımdan irəli gəlir. Bu gün təbliğatımın zəif olmasının səbəbini də özümü bu günə qədər şair kimi düşünməməyimdə görürəm. Amma gərək biz özümüz haqqında hər zaman düşünək. Mənim fikrimcə, ilk növbədə şair cəmiyyətin gözündə olmalı və insanların ürəyində sevilməlidir. Əgər şairin oxucusu yoxdursa, mən belələrini şair hesab etmirəm...

- Bu gün sizi yazmağa nə vadar edir?

- Cəmiyyətimizdə olan haqsızlıq və bərabərsizlikləri, torpaqlarımızın bir hissəsinin gavur düşmən tapdağı altında olmasını görmək və s. bu kimi problemlər məni əsasən tənqidi mövzularda çıxış etməyə məcbur edir...

- Yazmaq sizə çətin gəlmir ki?

- Xeyr. Çünki, insan yazmamışdan qabaq nə yazacağını yaxşı-yaxşı düşünməlidir və daha sonra yazmalıdır. Məhz belə olan halda, yazmaq insana heç vaxt çətin gəlmir... Şairin şeiri yaşıl bir yarpağa bənzəməli və hər zaman yaşıl qalmalıdır...

- 1958-ci ildə dünyaya göz açan Qələndər Xaçınçaylı müasir oxucunun nəbzini tuta bilibmi?

- Böyük qurumlar, vəzifəli şəxslər məni bir o qədər tanımasa da, xalqım yetərincə tanıyır. Əgər mən müasir oxucunun nəbzini tutmasaydım, yəqin ki, mərasimlərdə, el şənliklərində misralarıma tez-tez rast gəlmək də olmazdı. Şairin hər bir şeiri müasirdir, yenidir, təzədir. Bir sözlə şair, köhnəliklə yenilik arasında bir körpü, vəhdət təşkil etməlidir. Onun poeziyasında keçmişdən baxanda, gələcək necə görünürsə, gələcəkdən boylanıb arxaya baxanda da keçmiş o cürə görünməlidir...

- Bəzən elə hisslər olur ki, o hisslərin qarşısında insanın sözü tükənir. Yəqin belə günlər sizdən də yan keçməyib...

- Söz sonsuz bir kainata bənzəyir. Məncə, kainatın sonu olmadığı üçün sözün də sonu yoxdur. Məhz buna görə də, söz heç vaxt tükənmir. Və heç vaxt da tükənməyəcək. Mühitindən, zamanından asılı olmayaraq, şair hər zaman öz sözünü deyib və deyəcək. Şairin sözü sınmamalıdır. Sözünün sınmasındansa, özünün sınması daha yaxşıdır! Buna görə də şairlər dəryaz kimi döyülüb itilənməlidir ki, yazdıqları da kəsərli olsun.

- Qələndər müəllimi yazdığı şeirlərin yaşama müddəti, onların zamanın sınağından necə çıxacağı narahat edirmi?

- İnsan hər zaman narahat olmağı bacarmalıdır. Bu yerdə Türk dünyasının unudulmaz və böyük şairi B.Vahabzadənin bir sözünü xatırlamaq yerinə düşərdi. O, həmişə bizə üzünü tutub deyərdi ki, hər şeydən razıyam, amma özümdən narazı. Elə məhz buna görə də mənim şeirimin yaşama müddəti, zamanın sınağından, ələnən xəlbirindən necə keçəcəyi kimi məsələlər oxucularımdan daha çox asılıdır...

- Nobel mükafatı laureatı, məşhur yazıçı Qabriel Qarsia Markes deyərdi: "Bu gün hər hansı bir şeirin böyük tirajla nəşri və yaxud müxtəlif dillərə tərcüməsi hələ əsas şərt deyil. Başlıcası odur ki, kitab bir nəsildən digər nəslə keçə bilsin". O, bunu ədəbiyyatda qalmaq ilə əlaqələndirirdi. Bu fikri bölüşürsünüzmü?

- Böyük tarixi şəxsiyyətin fikri də böyükdür, dərin və məzmunludur. Bu baxımdan yanaşsaq, bir az öncə qeyd etdiyim kimi, əgər söhbət həqiqətən də ədəbiyyatdan gedirsə, hər yazının özü bir tarixdir. Ədəbiyyat insanın ifadə vasitəsi olmalı deyil. Ədəbiyyat bütün dünya xalqlarınındır. Şairin vətəni yoxdur, onun vətənində sərhəd, tikanlı məftillər olmamalıdır. O yalnız və yalnız xalqının sözünü deməlidir. Bir sözlə, şair, öz fikrini deyil, öz prizmasından çıxıb dünyəviliyi ifadə etməyi bacarmaldır. Dini, səmavi kitablar insanlara xidmət elədiyi kimi, şairlərin də əsərləri bu qəbildən olmalıdır. Ədəbiyyat həm də insanı mənən saflaşdırır. Millətinə, xalqına qarşı sevgi yaradır. Ədəbiyyatda adamın adamı olmalı deyil..!

- Bu günə qədər hər hansı bir şeiriniz olubmu ki, sonradan onu yazmağınıza peşiman olmusunuz?

- Bu gün kitabımın çap olunması üçün sponsora ehtiyac duyulur. Özünüz də bilirsiniz ki, sponsor tapmaq çox çətin bir işdir. Heç buna vaxt da yoxdur. Belə olan halda, kitabının çap olunması üçün hər hansı bir imkanlı adam haqqında kitab yazmağa məcbur olursan...

- Qələndər Xaçınçaylı ona yazıçı kimi ciddi təsir göstərmiş kimlərinsə adını çəkə bilərmi?

- Mən bu günə qədər Səməd Vurğun, Məmməd Araz, Fikrət Qoca, Rəsul Rza bulağından su içmişəm. Şeirlərimin təbiiliyi də elə bundan irəli gəlir. Bundan başqa, ədəbiyyatşünas, tənqidçi-alim Qurban Bayramovun xidmətləri danılmazıdır. Elə ilk şeirimi də xalq yazıçısı Fikrət Qoca çap etdirib. Yeri gəlmişkən, fürsətdən istifadə edib yuxarıda adlarını sadaladığım hər bir kəsə-ölənlərə rəhmət diləyir, qalanlara isə öz dərin təşəkkürlərimi çatdırıram...

- Yeri gəlmişkən, bu gün beş-on səhifəlik cızma-qarası olanlara daha çox gündəmdə rast gəlmək olur. İstedadlılar isə belələrinin kölgəsi altında qalır. Bunu nə ilə əlaqələndirərdiniz?

- Bunun səbəbi laqeydlik və biganəlikdir. Bu sahədə əsaslı islahatlar aparılmalıdır. QHT və dövlətin bu sahəyə marağı, qayğısı olmalıdır. Şairlərin yaradıcılıq gecələri keçirilməlidir. Əvvəllər bunlara tez-tez rast gəlmək olurdu. Amma təəssüflər olsun ki, indi belə şeylər olmur. Şair öz yubileyini keçirə bilmir. Çünki imkanı çatmır. Bu da acınacaqlı bir vəziyyətdir. Şairlər yazdıqları kitabları min bir əziyyət ilə çap etdirirlər. Buna görə də dövlət nəşriyyatı fəaliyyət göstərməlidir. Burada istedadlı insanların yazdıqları kitablar təmənnasız çap olunmalıdır. Bundan başqa, hər hansı bir kitab çap olunan zaman, o mütləq tənqidçi baxışından keçməlidir. Məncə, tənqidçi rəyi olmadan hər hansı bir kitabı çap etdirmək məqsədəuyğun deyil. Çox şükürlər olsun ki, bu gün güclü tənqidçilərimiz var. Bunlara misal olaraq, Qurban Bayramovu, Vaqif Yusiflini göstərmək istərdim. Ümumiyyətlə, bu gün balans çox pozulub. Ədəbiyyata qayğı çox aşağı səviyyədədir...

- Özünüzü nə vaxtsa dünyanın ən məşhur yazıçısı kimi görmək istərdiniz? Yoxsa, məşhurluq başa bəladır..?

- Bu sualınıza öz yazdığım şeir ilə cavab vermək istərdim:

 

Pulum yoxdur, kürsülərə mən çıxam,

Efirlərdə boş yalanlar uyduram.

Yaltaqlanıb neçəsinə yıxılam

Belələri zaman bir-bir siləcək!

 

Maskalanıb el içində gəzmərəm,

Yıxılanı tapdalayıb əzmərəm,

Haqsızlığa göz yummaram, dözmərəm!

Şöhrətimi tarix özü verəcək...

  

  

Cəfər Mənsimi

 

Həftə içi.- 2011.- 12 aprel.- S. 7.