Uşaq hüquqlarını müdafiə dövlət siyasətinin tərkib hissəsidir

 

Qvendolin Börçell:"Azərbaycanın inkişafı uşaqların  sosial rifahı üçün imkanlar yaradır"

 

Uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi olsa da, bu hüquqların xüsusi diqqətə və müdafiəyə ehtiyacı var. Uşaqların tədricən insan hüquqları obyektindən müstəqil insan hüquqları subyektinə çevrilməsi və həm dövlətin siyasəti, həm də ailədə uşaqların ən yaxşı maraqlarının təmin olunmasının prioritet kimi tanınması müşahidə olunur.

Məhz bu prinsipləri nəzərə alaraq, uşaq hüquqlarının müdafiəsi sahəsində qəbul olunmuş beynəlxalq və dövlətdaxili sənədlərin hazırlanmasında baza sənədi rolunu oynayan BMT-nin 1959-cu il tarixli "Uşaq Hüquqları Bəyannaməsi" daha sonra 1989-cu il tarixli "Uşaq Hüquqları Konvensiyası" qəbul edilib. Son illər ölkəmizdə aparılan sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin tərkib hissəsi olub. Bu hüquqların müdafiəsinə dövlət təminat verərək, bir sıra mühüm qanunlar, dövlət proqramları qəbul edilib və uğurla icra edilməkdədir.

Görülən işlər ölkəmizdə fəaliyyət göstərən bir sıra xarici təşkilatların da fəaliyyətindən yan keçmir. Bu sırada Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının rolunu xüsusilə vurğulamaq olar. Təşkilat neçə illərdir ki, Azərbaycanda əlil və qüsurlu uşaqların problemləri ilə məşğul olur, onlara müxtəlif cür yardımların edilməsi ilə bağlı layihələr reallaşdırır. UAFA-nın son belə layihələrindən biri isə Saray qəsəbəsindəki 7 saylı internat məktəbinin nəzdində əlil uşaqlar üçün yaradılan Günərzi Qayğı mərkəzi oldu. Mərkəzin yaradılması ideyasının müəllifi və icraçısı olan UAFA təşkilatının direktoru Qvendolin Börçell Azərbaycanda uşaqlara olan diqqət və qayğıdan danışdı.

- Azərbaycanda "Uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı"nın qəbulundan 5 il ötür. Proqramın dövlət tərəfindən icrasını təmin etmək üçün ötən il Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi də yaradılıb. Sosial siyasət üzrə beynəlxalq ekspert olaraq proqramın ölkədəki icrasını necə qiymətləndirərdiniz?

- UAFA-nın əməkdaşlıq etdiyi uşaq müəssisələrindəki vəziyyətə əsaslanaraq deyə bilərəm ki, Təhsil Nazirliyi nəzdindəki Uşaqların Müdafiəsi İdarəsi qısa müddət ərzində bir sıra müsbət dəyişikliklərə nail ola bilib. Aparılan araşdırmalar nəticəsində belə qənaətə gəlmək olar ki, ailələr, bu müəssisələrdən daimi yaşayış yeri kimi deyil, uşaqlarının günərzi qayğı və təhsillə təmin etmək məqsədilə faydalanmalıdırlar. Bunun nəticəsidir ki, ölkədə bir sıra uşaq evləri real funksiyasını ehtiva edən lisey adı ilə əvəz olundu. Uşaqların Müdafiəsi Departamenti həmçinin uşaq inkişafı və internat evlərinin alternativ xidmət növü kimi inkişafında geniş təcrübəsi olan təşkilatlarla da həmrəylik nümayiş etdirir, onlarla əməkdaşlığa daim səy göstərir. Bu əməkdaşlıq bir çox pilot layihələrin fəaliyyətinə təkan verir. Ümid edirəm ki, gələcəkdə daha çox uşağın icma əsaslı təhsildən, səhiyyədən və sosial xidmətlərdən yararlanması üçün dövlət daha iri miqyaslı və bu sahədə bütün ölkəni əhatə edəcək layihələrin icrasına imza atacaq. Bu gün Azərbaycan iqtisadiyyatının inkişaf tempi uşaqların sosial rifahının yüksəlməsinə mühüm imkanlar yaradır.

- Hər bir uşağın ailədə yaşamaq hüququ var. Bu hüququn təminatı üçün ilk olaraq hansı işlər görülməlidir?

- Qeyd etdiyim kimi, bütün uşaqlar təhsil, səhiyyə və sosial xidmətlərlə təmin olunmalıdır. Bu baxımdan, dövlət uşağı ailədən ayrı salan sistemləri deyil, ailə rifahına yönəlmiş sistemləri təbliğ etməlidir. Dünyanın qabaqcıl ölkələrində uşaq müəssisələri alternativ xidmət növünə transformasiya olunub. Belə ki, Azərbaycanda da icmanın, dövlətin, QHT-lərin, biznes qurumlarının dəstəyi ilə internat evlərində alternativ xidmətlər təşkil edilməlidir. Adətən uşaqlar 3 səbəbdən ailəsindən məhrum olur: yoxsulluq, boşanma və əlillik. Bu problemlərin təzyiqi altına düşən valideyn yeganə çıxış yolunu övladını birdəfəlik internata qoymaqda görür. Lakin, əgər digər alternativ xidmət növləri məsələn, uşaq müəssisələrində günərzi qayğı mərkəzləri mövcud olarsa, valideyn də uşağının asudə vaxtının düzgün təşkilinə, təhsilə yiyələnməsinə və onun cəmiyyətə qaynayıb qarışmasına nail olmuş olar. Həmçinin, bir şeyi də qeyd etməliyəm ki, bütün gününü əlilliyi olan uşağına həsr edən və bununla da işləmək və ailəsini dolandırmaq imkanından məhrum olan analar üçün də bu kimi alternativ xidmət çox əhəmiyyətlidir. Onlar işə gedərkən səhərlər uşaqlarını bu günərzi qayğı mərkəzlərinə gətirir, axşam isə birgə evə gedirlər. Sadalananlar ailənin sosial rifahı üçün mühüm amillərdir.

- Yeri gəlmişkən, Azərbaycanda ilk dəfə olaraq belə bir mərkəz yaratmaqla sizin təşkilat yenilik etmiş oldu...

- UAFA Təşkilatı ölkədə ilk dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə 7 saylı Saray internat evi nəzdində 2011-ci ilin yanvar ayından başlayaraq Abşeron rayonunda yaşayan əlilliyi olan uşaqlar üçün Günərzi Qayğı Mərkəzi layihəsini həyata keçirir. Həmin müəssisə Heydər Əliyev Fondunun dəstəyi ilə yenicə təmirdən çıxmış, günərzi qayğı xidmətləri üçün də yararlı vəziyyətə gətirilib.

- Bu alternativ xidmət növünün Dİ proqramı ilə uzlaşmasını nədə görürsünüz?

- De-institutlaşdırma proqramı özündə bir çox məsələləri ümumiləşdirir. Uşaq və ailələrinin ehtiyaclarını qarşılayan günərzi qayğı mərkəzləri də Dİ proqramının tərkib hissəsi olub, uşaqların öz ailələrində yaşamasına şərait yaradır. Bu baxımdan hesab edirəm ki, pilot layihə çərçivəsində fəaliyyətə başlamış Saray Günərzi Qayğı Mərkəzi dövlət proqramına bir tövhədir. Hazırda təqribən 1500 əlilliyi olan uşaq internat evində yaşayır, ölkədə isə 55000-ə yaxın uşaq isə əlilliyinə görə qeydiyyatdan keçib. Bu o deməkdir ki, 54500 uşaq evdə qapadılıb cəmiyyətdən və təhsildən təcrid edilir, onların valideynlərindən biri uşağına səfərbər olduğundan işləmir. Unutmayaq ki, yoxsulluqla əlillik bir-birilə sıx bağlı amillərdir. Günərzi qayğı sistemi isə həmin uşaqların evdən çıxaraq gündəlik digər uşaqlara qaynayıb qarışmasına, bilik və bacarıqlarını artırmasına, eləcə də, valideynə işləmə imkanına və cəmiyyətin fəal üzvünə çevrilməsinə şərait yaradır.

- Sizcə, internatlarda günərzi qayğı xidmət modelinin bütün ölkə ərazisində tətbiqi mümkündürmü?

- Bu gün əlilliyi olan uşaqların valideynlərini əsas narahat edən məsələlərdən biri övladlarının gündəlik orta ümumtəhsil məktəbinə getməsidir. Onlar üçün əsas baryer cəmiyyətin əlilliyə yanaşmasındadır. Elə uşaqlar var ki, onların əlillik dərəcələri imkan vermir ki, orta ümumtəhsil məktəbinə getsinlər. Belə olan təqdirdə həmin uşaqlar mütləq şəkildə günərzi qayğı mərkəzləri, yaxud digər xüsusi təhsil növlərinə cəlb edilməlidir. Əlbəttə ki, bu sistemi qısa müddətdə milli səviyyədə bütün ölkəyə tətbiq etmək real deyil. Buna görə də biz icma əməkdaşlığı və özünə dəstək sistemini ölkədə tətbiq etmək istəyirik. Bunu həyata keçirmək üçün Saray internat evində tətbiq etdiyimiz kimi, valideynlərin təşəbbüsü, QHT və digər vətəndaş cəmiyyəti təşkilatlarının, rəsmi şəxslərin və iş adamlarının bir araya gələrək əməkdaşlıq yaratmasına ehtiyac var.

  

  

Naibə Qurbanova

 

Həftə içi.- 2011.- 13 aprel.- S. 5.