Arxeologiyaya aid ilk elektron jurnal yaradılıb

 

Bu ilin mart ayından etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya etnoqrafiya institutunun bir qrup əməkdaşı tərəfindən "Arxeoloq" adlı ilk elektron jurnal yaradılıb. Bu barədə "Həftə içi"nə elektron jurnalın baş redaktor müavini Səbuhi Hüseynov məlumat verib: "Biz elektron jurnalı, ölkəmizdə 2011-ci ilin "turizm ili" elan olunması ilə bağlı yaratmışıq. Məlumat üçün bildirim ki, jurnalın əsas məqsədi Azərbaycan arxeologiyasını, onun arxeoturizm imkanlarını, maddi mədəniyyət abidələri onların ətrafında aparılan arxeoloji ekspedisiyaları rusdilli ölkələrdə bu elmlə maraqlanan insanlar arasında təbliğ etmək, dünya arxeologiya elmində baş verən yeniliklərlə azərbaycan alimlərini, arxeologiya elmi ilə yaxından maraqlanan insanları məlumatlandırmaqdan ibarətdir.

Elektron jurnal ilə tanış olmaq istəyənlər "www.arxeoloq.az" saytına daxil ola bilərlər". Qeyd edək ki, jurnalın baş redaktoru tarix elmləri namizədi Akif Quliyevdir. Jurnalda arxeologiya ilə birgə numizmatika, etnoqrafiya, antropologiya epiqrafika elmlərinə dair fundamental məqalələr araşdırmalar yer alacaq. Bundan başqa, Azərbaycanda aparılan arxeoloji ekspedisiyalar, onların yeni tapıntıları hesabatları da bu elektron jurnalda daim rus dilli MDB məkanında yerləşən ölkələrin oxucularına çatdırılacaq.

  

 

Cəfər Mənsimi

 

Həftə içi.- 2011.- 14 aprel.- S. 5.