Bakıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilir

 

Aprelin 14-də Bakıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası işə başlayıb. "Həftə içi"nə verilən məlumata görə, tədbirdə MDB-yə üzv ölkələrdən 7-si - Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Moldova, Tacikistan və Qırğızıstanın idmana məsul dövlət qurumlarının rəhbərləri iştirak edir.

Tədbir öncəsi jurnalistlərin suallarını cavablandıran Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov iclasın ölkəmiz üçün əhəmiyyətindən danışıb. O bildirib ki, müxtəlif şəhər və regionlarımızda inşa olunan 29 olimpiya kompleksində MDB idmançılarının iştirakı ilə təlim-məşq toplantılarının keçirilməsi təklif olunacaq. Bunun üçün toplantıya gələn ölkələrin idman rəsmilərində həmin idman qurğularına maraq oyatmaq lazımdır. İclasdakı çıxışında isə A.Rəhimov Azərbaycanın MDB çərçivəsində bir sıra vacib sənədlərin hazırlanmasında fəal iştirak etdiyini söyləyib. Onun sözlərinə görə, həmin sənədlərə müvafiq olaraq, ölkəmiz müxtəlif tədbirlər həyata keçirir. Bu baxımdan, Gənclər və İdman Nazirliyi 2011-ci ilin sonlarınadək bir sıra tədbirlər həyata keçirəcək. Nazir ölkəmizin qısa müddətdə dünyanın idman mərkəzlərindən birinə çevrildiyini, qazanılan medalların isə ildən-ilə artdığını vurğulayıb. O, hazırda fəaliyyət göstərən 29 olimpiya kompleksindən əlavə, yaxın vaxtlarda daha 10 kompleksin istifadəyə veriləcəyini bildirib.

A.Rəhimov hazırda birgə fəaliyyət üçün hər cür şəraitin olduğunu da əlavə edib: "Biz elmi-tibbi seminarların təşkilində böyük təcrübəyə malik mütəxəssisləri dəvət etməklə onlar üçün bütün lazımi şəraiti yaratmağa, mütəxəssislərin hazırlıq dərəcəsinin artırılması proqramını qurmağa, habelə birgə namizədlərimizin beynəlxalq strukturlara irəli sürülməsini koordinasiya etməyə hazırıq".

MDB icraçı katibinin müavini Toktasın Buzubayev 2012-ci ilin MDB-yə üzv ölkələrdə bədən tərbiyəsi və idman ili elan olunduğunu bildirib. O, hələ 2009-cu ildə də Bakıda olduğunu və hazırda Azərbaycanın idman sahəsində lider ölkələrdən birinə çevrildiyini söyləyib. Buzubayev tədbir iştirakçılarına idmanla bağlı əməkdaşlıq sahəsində uğurlar arzulayıb. Ötən müddətdə MDB Bədən Tərbiyəsi və İdman Şurasının sədri kimi çalışmış Belarusun bədən tərbiyəsi və idman naziri Oleq Kaçan birlik ölkələrində keçirilmiş nüfuzlu idman yarışları barədə məlumat verib. O deyib ki, MDB-yə üzv ölkələrin idmançıları 2011-ci il ərzində olimpiya növləri üzrə dünya çempionatlarında 860 mümkün medaldan 145-ni qazanıblar. Kaçan MDB ölkələri nümayəndələrinin beynəlxalq idman qurumlarında təmsilçiliyi məsələsinə ciddi önəm verməyin gərəkliyini də vurğulayıb. Bu baxımdan, nazir az öncə Avrasiya Ağırlıqqaldırma Assosiasiyasının yaradılmasını mühüm hadisə adlandırıb.

Ardından növbəti bir il müddətinə MDB Bədən Tərbiyəsi və İdman Şurasına yeni sədr seçilib. Bu, qurumda Azərbaycanı təmsil edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov olub. Toplantı İsmayılovun sədrliyi ilə işini davam etdirib. Çıxış edən Qırğızıstan, Tacikistan, Qazaxıstan nümayəndələri öz ölkələrində təşkil olunacaq müxtəlif yarışlara MDB-yə üzv ölkələri dəvət ediblər. Onlar MDB ölkələrinin iştirakı ilə açıq çempionatlar, spartakiadalar keçirməyi təklif ediblər. Tədbirə bu gün yekun vurulacaq.

  

 

İsmayıl

 

Həftə içi.- 2011.- 15 aprel.- S. 8.