Azərbaycanda təhsil hüquqları tam qorunur

 

Aqiyə Naxçıvanlı: "Hər bir vətəndaş Konstitusiya ilə ona verilmiş bu hüquqdan sərbəst istifadə imkanına malikdir"

 

Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların qorunması dövlətin başlıca prioritetlərindən biri elan edilib. Hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycanda insan hüquqlarının ayrılmaz hissəsindən biri də təhsil hüquqlarıdır. Ölkə vətəndaşlarının hər birinin Konstitusiya ilə təhsil almaq hüququ var. Bu hüquq müvafiq qanunvericiliklə qorunur.

Sözügedən sahədəki mövcud durum, qanunvericiliyin səviyyəsi və s. məsələlərlə bağlı suallarımızı Milli Məclisin deputatı, Təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı cavablandırır:

- Azərbaycan hüquqi dövlət quruculuğu, demokratiya yoluyla inamla irəliləyir. Ölkəmizdə aparılan hüquqi və siyasi islahatlar birbaşa olaraq ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu islahatlar təhsil sahəsində də uğurla davam etdirilir. Ümumiyyətlə, vətəndaşların təhsil hüquqlarının qorunması dövlət başçısı İlham Əliyevin birbaşa nəzarətindədir.

-Azərbaycanda təhsil hüquqlarının qorunması sahəsində mövcud durumu necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycanda hər bir ölkə vətəndaşı Konstitusiya ilə ona verilmiş təhsil almaq hüququndan maksimum şəkildə yararlana bilir. Bu sahədə vətəndaşların qarşısında heç bir maneə yoxdur. Orta məktəblərdə uşaqların təhsil səviyyələrinin yüksəlməsi üçün həyata keçirilən çoxsaylı dövlət proqramı və layihələr var. Bu proqramların hər biri böyük əhəmiyyətə malikdir. Neçə ildir ki, ölkəmiz Boloniya prosesinə qoşulub. Bu istiqamətdə də çox böyük işlər görülüb. Azərbaycan təhsili Avropa təhsil sisteminə inteqrasiya istiqamətində xeyli yol qət edib. Dövlət təhsildə fərqlənən şagirdlər və tələbələrə xüsusi qayğı ilə yanaşır. Məhz ölkə başçısının sərəncamı ilə ali təhsil müəssisələrinə ən yüksək ballarla qəbul olunmuş tələbələr xarici dövlətlərin aparıcı universitetlərində dövlətin hesabına təhsil almaq imkanı qazanıblar. Artıq yüzlərcə tələbə bu imkandan yararlanıb. Hər bir orta məktəbi yaxşı oxuyan, əla qiymətlərlə bitirən şagirdlər bilik və bacarıqlarına uyğun olaraq istədikləri ali təhsil müəssisəsinin müvafiq ixtisaslarına qəbul olunmaq hüququna sahibdirlər. Bu sahədə şəffaflıq təmin edilib. Son illərdə 2000-dən çox yeni məktəb və tədris ocaqları üçün əlavə korpuslar inşa olunub, şagirdlərin təhsil şəraiti yaxşılaşdırılıb, dərsliklər yenilənib, təhsil müəssisələrinin İKT ilə təminat səviyyəsi yüksəlib, yeni kurikulumların tətbiqinə başlanılıb. Ölkə təhsilinin qazandığı nailiyyətlər uğurla aparılan dövlət siyasətinin və Heydər Əliyev Fondunun davamlı olaraq həyata keçirdiyi layihələrin nəticəsidir. Hazırda respublikamızda 20 şagirdə 1 kompüter düşür.

- Təhsil sahəsinin müasir standartlara uyğunlaşdırılması ilə bağlı qanunvericilik sahəsində islahatlar hələ də tam başa çatmayıb...

- Azərbaycanın təhsil sisteminin dünya, xüsusilə də Avropa təhsil sisteminə inteqrasiyası ilə bağlı davamlı addımlar atılır. Qanunvericiliyin təkmilləşdirilməsi də bu islahatların tərkib hissələrindən biridir. Parlamentin ötən çağırışında ""Təhsil haqqında" qanun qəbul olunub. Prezident İlham Əliyevin sərəncamı ilə qüvvəyə minən bu qanun kifayət qədər mükəmməl və əhatəli olmaqla, müasir təhsil səviyyəsinin tələblərinə tam cavab verir, Azərbaycanın təhsil qanunvericiliyinin daha da təkmilləşdirilməsinə, zənginləşdirilməsinə imkan yaradır. "Təhsil haqqında" qanunun qəbulu isə görülən işlərə təkan verir. Yuxarıda qeyd etdiyim kimi, təhsildə fərqləndirmə, yəni daha savadlı və istedadlı gənclərin daha yaxşı şərtlərlə dövlət hesabına təhsil almaları üçün lazımi məsələlər qanunda öz əksini tapıb. "Təhsil haqqında" qanunun qəbulu bu sahəni əhatələyən digər qanunlarda da dəyişikliklərin edilməsi zərurətini ortaya qoyub. Milli Məclisin Elm və Təhsil Komitəsində bu sahədə ciddi iş aparılır. "Elm haqqında" qanunun parlamentin plenar iclasında müzakirəyə çıxarılması gözlənilir. Bundan əlavə, onlarca qanuna da əlavə və dəyişikliklərin edilməsi gözlənilir. Komitə bu istiqamətdə işlərini davam etdirir. Millət vəkilləri vətəndaşlarımızın təhsil hüquqlarının daha mükəmməl şəkildə təmin edilməsi və qorunması üçün daha yaxşı təkliflər üzərində işləyirlər.

- Orta və ali məktəblərdə insan hüquqları ilə bağlı tədrisin mövcud durumu barədə nə deyə bilərsiniz?

- Bu məsələ 2006-cı ildə prezident İlham Əliyevin imzaladığı sərəncamla həyata keçirilməyə başlayan İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planında da xüsusi olaraq qabardılıb. Bu Planda orta və ali məktəblərdə insan hüquqlarının tədrisinə diqqətin artırılması, bu məqsədlə tədris proqramlarının təkmilləşdirilməsi, BMT-nin Baş Məclisi tərəfindən bəyan edilmiş "İnsan hüquqları sahəsində maarifləndirmə" və "İnsan hüquqları sahəsində təhsil" üzrə tədris vəsaitlərinin hazırlanması kimi məsələlər əksini tapıb. Əhalinin hüquqi baxımdan bilik göstəricisi məhz orta və ali məktəblərdə insan hüquqlarının təbliği ilə birbaşa bağlıdır. Hazırda orta məktəblərdə hüquqi maarifləndirmə ilə bağlı problem yoxdur. Orta məktəblərdə vətəndaşlarımızın sahib olduğu əsas hüquq və azadlıqların əksini tapdığı Konstitusiya tədris edilir. Universitetlərdə analoji durumdur. Hər bir universitet bu gün böyük kitabxanalara malikdir. Həmin kitabxanalarda insan hüquq azadlıqlarının tarixi, bu sahə ilə bağlı Azərbaycan qanunvericiliyinin əksini tapdığı çoxsaylı vəsait var. Bundan əlavə, ali təhsil müəssisələrində ixtisaslarından asılı olmayaraq hər bir tələbə hüquq təhsili alır. Bu onların sahib olduqları hüquqları barədə təsəvvürlərinin genişlənməsində müstəsna rol oynayır. Lakin vətəndaşların hüquqi cəhətdən maarifləndirilməsi işində tək təhsil müəssisələri yox, eləcə vətəndaş cəmiyyətinin aparıcı qüvvələri yaxından iştirak etməlidirlər. Bu sahədə qeyri-hökumət təşkilatları daha fəal rol oynamalıdır. Məhz dövlətin bu sahəyə son illərdə artan dəstəyi nəticəsində QHT-lərin təhsil sahəsində reallaşdırdıqları layihələrin sayı xeyli artıb.

- Azərbaycanın ali təhsil müəssisələrində bir qrup tələbələr geyim qaydalarına görə onların bəzən hüquqlarının pozulduğunu iddia edir və bu da cəmiyyətdə müəyyən müzakirələrə yol açır...

- Azərbaycan dünyəvi bir dövlətdir. Burada din dövlətdən ayrıdır. Əsas qanunumuz olan Konstitusiyada da bu maddə öz əksini tapıb. Bunun məntiqi nəticəsi olaraq isə Azərbaycanın təhsil sistemi dünyəvi bir təhsil sistemidir. Hər bir kəsin dini etiqad azadlığı var və bu hüquqa hamımız hörmətlə yanaşırıq. Lakin heç kim unutmamalıdır ki, vətəndaşlara verilən hüquq və azadlıqların da bir sərhəddi var. Bu sərhədlər ölkə qanunvericiliyi, hüquqi-normativ aktlarla tənzimlənir. Hər bir vətəndaşın da borcu bu qanunlara əməl etməkdir. Eləcə də tələbələr. Mövcud qanunvericiliyə görə universitetlərin, ali təhsil müəssisələrinin özlərinin daxili qaydaları var. Tələbələr bu qaydalardan kənara çıxmamalıdırlar. Hər birimiz ölkəmizin təhsil sisteminin daha da inkişaf etdirilməsinə çalışmalıyıq.

 

 

Nahid Canbaxışlı

 

Həftə içi.- 2011.- 16-18 aprel.- S. 5.