"Anam mənim bir dünyamdır" deyən anasızlar

 

Bu şəhərin bir çox məkanlarında yerləşən xüsusi yerlər var ki, o yerlər bəlkə də bəziləri tərəfindən sezilir, ya da çoxları tərəfindən fərqinə belə, varılmır.

Amma həmin yerlərdə də həyat var, yaşam var. Orada da daim dəyişən, yeniləşən kədərli, şirinli günlər bir-birini ard-arda əvəz edir. Lakin bir az fərqli tərzdə. Onlar da bir ailədirlər, amma bu ailənin sakinləri 4-5 nəfərdən ibarət deyil, 50-60 nəfər, bəlkə də daha çoxdur. Onların gözləri səhərin doğan günəşinə bir açılır, elə gecənin qaranlığına da bir yumulur. Kənardan baxanda hər şey qənaətbəxş görünsə də, nə yazıq ki, bu ailənin üzvlərinin bütöv bir tamlığını pozan yarım qalmış və bəlkə də heç vaxt tamamlana bilməyəcək bir tərəfləri var. Körpə yaşlarından həyatın sərt "şilləsinə" tuş gələn, bu "şillənin" izini bir ömür boyu özlərində hiss edən bu balacaların natamam tərəfləri valideyn nəvazişindən uzaq düşmələridir. İndi bu səhifələrdə təsvir edəcəyim həyat heç kimin arzulamadığı, yaşamaq istəməyəcəyi bir yaşam tərzi olsa da, bu həyat yalnız onların özünə məxsusdur. Yəqin artıq oxucularımız üçün də məlumdur ki, söhbət yenə də kimsəsiz uşaqların üzərində cərəyan edir. Bu dəfə yolumuz Mərdəkanda yerləşən 2 nömrəli yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün internatadır.

 

Dövlətin diqqəti var, amma valideyn qayğısını əvəz etmir

 

Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı" yazılmış plakatı görüb gəldiyimiz yerin dəqiqliyinə bir daha əmin oluruq.

Balaca qapıya yaxınlaşırıq, bizi nürani bir qoca qarşılayıb kim olduğumuzla maraqlanır. Özümüzü ona təqdim edirik, qoca mehribanlıqla "xoş gəlib, səfa gətirmisiniz" deyərək bizi içəri dəvət edir. Bizim isə hər zaman olduğu kimi, müşahidələrimiz davam edir. Böyük bir ərazinin səliqəsi, uşaqların rahat oynaya biləcəyi hər cür şərait diqqətimizdən yayınmır.

Amma dərs vaxtı olduğu üçün həyətdə balaca sakinlər gözümüzə dəymir. Yaxınlaşırıq direktorun otağına. Bizi tədris işləri üzrə direktor müavini Solmaz Sultanova qarşılayır. Onunla söhbətə internatın yaranmasından başlayırıq: "Bu internat dövlət tərəfindən 1938-ci ildə 6 nömrəli uşaq evi kimi yaradılıb, 1985-ci ildən isə 2 nömrəli internat məktəbi adlandırılıb. Elə həmin gündən də daim nəzarətdədir. Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyeva da bizim uşaq evinə daim nəzarət edir. Hər bayram onlar üçün gözəl süfrələr açır, geyimlərini, kitab-dəftərlərini təşkil edir. İşləri nə qədər çox olsa da, Mehriban xanım Əliyeva heç vaxt bizim internatı unutmur. Bizim uşaqlardan çoxu ali məktəblərə yüksək balla daxil olur. Əksəriyyəti isə əlaçıdır. Hətta əsgərliyə gedən oğlanlarımızdan bizə tərifnamələr gəlir. Təbii ki, bütün bunlar onlara göstərilən dövlət qayğısının nəticəsidir, biz təkbaşına bunların öhdəsindən əsla gələ bilməzdik. Onu da qeyd edim ki, hazırda bizim uşaq evində 238 uşaq var. Buraya qəbul olunan uşaqlar 6 yaşdan yuxarı olmalıdır. Yəni bizdə yaş həddi 6-16 yaşdır. Uşaqlar burada 9 illik təhsillərini başa vurduqdan sonra 1, 18 və 8 nömrəli liseylərə göndərilir, təbii ki, onlar orada da hər cür şəraitlə təmin olunurlar".

Solmaz xanımla söhbətimizə uşaqların gündəlik rejimi, onların gördükləri gündəlik işlərlə bağlı davam edirik: "Məktəblilər internatın nəzdində yerləşən 9 illik məktəbdə təhsil alırlar. Onların günləri isə belə başlayır: saat 7-də yuxudan dururlar. Səhər idmanı, səhər yeməyi, gəzinti, dərs - hamısı sistemli şəkildə bir-birini əvəz edir. Uşaqlar boş vaxtlarında müxtəlif məşğələlərdə olurlar. Məsələn, televizora baxırlar, idmanla məşğul olur, oyun oynayırlar. Məktəbin nəzdində nəfəsli orkestr fəaliyyət göstərir. Orkestrin üzvləri Qəbələdə keçirilən festivalda 2-ci yeri tutdular. Onu da xüsusilə qeyd edim ki, bu orkestr respublika üzrə uşaq evlərində təkcə bizdədir. Hətta Turanə adında bir qızımız var, trubada ifa edir, nəzərə almaq lazımdır ki, bu, qız üçün bir az ağırdır. Hər şənbə-bazar günü isə valideynlərlə görüş olur. Çünki burada elə uşaqlar var ki, valideynindən yalnız biri var, lakin imkansızlıq üzündən həmin valideyn uşağına baxa bilmir. Belə valideynlər ara-sıra uşaqlarını görməyə gəlirlər".

 

Qurban gedən balacalar

 

Deyirlər,"Uşağı, balaca vaxtı hər istədiyini yerinə yetirib onu bir bütə döndərsən, vaxt gələr səndən qurbanlar tələb edər". Bəlkə də bu sözdə böyük həqiqət var, lakin nə yazıq ki, bizim baş çəkdiyimiz və daha neçə-neçə uşaq evlərində olan balacalar nəsə tələb etmək, nəsə istəmək haqlarından məhrumdurlar. Onlar qurbanlar tələb etmədən özləri zamanın ağır gərdişinə qurban gedirlər. Ailə quran insanlar, görəsən, düşünə bilmirlər ki, onlara görə cüzi görünən səhvin ağrısını, acısını körpələr çəkir, onlar yaralanır dəyən zərbələrdən. Cəmiyyətimizdə belə ailələr yüzlərcə, bəlkə də minlərcədir. Elə bu gün onun ağır nəticəsidir ki, sayı bəlli olmayan qədər uşaq ata-ana qayğısından məhrum böyüyür. Onların gələcəyi isə hələ heç kimə məlum deyil. Çünki onlar dövlət tərəfindən, cəmiyyət tərəfindən nə qədər qayğı görsələr də, aldıqları psixoloji yaranın təsirindən daim özlərini tək hesab edirlər. İsti, rahat evimizdə, təmin olunmuş gələcəyimizlə, seçdiyimiz ixtisasımızla, hər qayğımızı, nazımızı çəkən valideynlərimizlə, sevimli məşguliyyətlərimizlə, reallaşan arzularımızla dolu bir həyat yaşayırıq. Amma onlar bütün bunlardan məhrumdurlar.

Qəribə də olsa, acı da olsa bir reallıq var ki, uşaq evləri imtina edilmiş uşaqlara müəyyən bir yaş həddinə qədər himayədarlıq edir. Yetkinlik yaşına çatmış gənclər həmin yaş həddini başa vurduqdan sonra bir zaman evləri sandıqları uşaq evinin qapıları onların üzünə bağlanır. İllər boyu qayğıdan uzaq nakam arzularla böyüyən bu gənclərin həyatda aldıqları ikinci zərbə, bəlkə də budur.

 

"Anamı söymə, o mənim hər şeyimdir"

 

Burada olan uşaqlardan biri körpə yaşlarından uşaq evində böyüyür. Bəlkə də soruşsan, anasının üzünü belə, xatırlamır. Amma bu uşaq balaca canı ilə ana müqəddəsliyinin nə olduğunun fərqindədir. Bir gün başqa bir həmtaleyi ilə aralarında yaşanan kiçik münaqişə nəticəsində digər balacanın onun anasını söyməsinə tab gətirə bilməyib və deyib: "Anamı söymə, o mənim hər şeyimdir". Halbuki bu məsumun hər şeyi olan həmin ana ona bəlkə də bir göz qırpımında və düşünmədən qıyıb. Tural da buradakılarla eyni taleyi bölüşür. Bu balaca oğlan hələ də onu övladlığa götürmək istəyən, bir ana kimi sevib bağlandığı, bəlkə də onu dünyaya gətirən anasından da çox sevən o qadının yolunu gözləyir. Amma təəssüf ki, həmin qadın bir daha Turalı ziyarətə gələ bilməyəcək. Taleyi Turala ikinci anasını vaxtsız almaqla daha bir "oyun oynadı".

Bizim bilmədiyimiz, eşitmədiyimiz belə acınacaqlı taleli uşaqlar çoxdur bu internatda. Amma bizim üçün burdan ayrılma məqamı artıq çoxdan yetişib. Bu uşaqlarla görüşdən sonra məndə bir fikir yaranır. Ana olmaq övladını dünyaya gətirmək deyil, eyni zamanda ona qayğı, sevgi göstərə bilməkdir.

  

 

Sevda Zahidqızı

 

Həftə içi.- 2011.- 19 aprel.- S. 5.