Erməni işğalının yarı böldüyü Alıxanlı

 

Qarabağ! Bizim yaralı yerimiz! Üzərində boy atıb, torpağında addım-addım gəzdiyimiz doğma odlar yurdumuz Azərbaycanın ən dilbər guşəsi. Bu illər ərzində əsli-kökü bəlli olmayan erməni qəsbkarları onun başına olmazın müsibətlər gətirdi.

Bax budur ən böyük fəlakət, vətənimizin başına gətirilən müsibət. Bu gün də torpağımız yağı tapdağı altında göz yaşı axıdır. Hər kəndimizdə, şəhərimizdə at oynadan erməni daşnakları hələ də torpaqlarımızda məskən salaraq bizə meydan oxuyur. Sanki öz dədə-baba yurdları imiş kimi...

 

"Yuxularımda yaşayır Qarabağ"

 

Ötüb keçən illər çox şeyi aldı vətəndaşlarımızdan. Qarabağlılar yalnız xatirələrində yaşatdı Qarabağı. Bu gün də elədir. Yaxın günlərdə bir nənənin söhbətləri Füzuliyə budəfəki səfərimdə yolboyu xatirimdə canlandı: "Bu cür yaşamaq yaşamaq deyil! Mən uşaqlığımı, gəncliyimi, ömrümün ən gözəl illərini o yerlərdə, öz ana torpağımda yaşamışam. Lakin indi ora mənim üçün çox əlçatmaz olub. Kaş bircə dəfə gedib həmin o yerləri görəydim. Bəzən yuxularımda görürəm. Kimsə məni həmin an yuxudan oyadarsa, o kəsi axşama qədər dindirib-danışdırmıram. Axı mənim ümid yerim yuxularımdır. İndi yuxularımda yaşayır Qarabağ".

Bu dəfə yolumuzu yenə də Füzuli rayonundan saldıq. Rayonun vaxtilə işğal altında qalan torpaqlarından biri olan Alıxanlı kəndində olduq. Kəndin girişində gördüyümüz mənzərə bizi çaşdırdı. Sanki bu dəqiqə döyüş başlanacaq. Hər tərəfdə köhnə səngər yerləri, uçmuş binalar, yandırılmış evlər vardı. Kənd yolları, kənd cığırları. Lakin o yolları irəlilədikcə başımızı qaldırmaq istəmədik. Ermənilərin dağıtdığı yerlər necə də ürək ağrıdır. Uzaqdan təpələrin başında qoyun otaran insanları görüb, yol aldıq o tərəfə.

 

"Alıxanlının bir tərəfi ermənidədir"

 

Bizi şirin dillə qarşılayıb, bağrına basan Diliş Quliyeva bildirdi ki, Alıxanlı kəndi 1993-cü ildə ermənilər tərəfindən işğal olunub: "Sonralar 1994-cü ildə bizim hərbçilər tərəfindən geri alındı. O vaxt biz Bəhrəmtəpəyə köçürülmüşdük. Sonra bura alınıb, minadan təmizlənən kimi geri qayıtdıq. O gündən bu günə kimi elə buradayıq". Diliş nənə onu da bildirdi ki, hazırda Alıxanlı kəndinin bir tərəfi hələ də erməninin tapdağı altındadır: "Qızım, əvvəllər çaxır zavodu vardı. Oradan o tərəfə ermənidədir. Elə uzaqdan baxa-baxa qalmışıq. Bir tərəfimiz Kürdmahmudlu, bir tərəfimiz isə Qaraxanbəyli kəndidir".

Sakinlər bildirdilər ki, hələlik sakitlikdir. Ancaq bəzi günlər atəşkəs pozulur: "Düzdür, bəzən həyəcan keçiririk. Ancaq artıq öyrəşmişik. Öz hərbçilərimizə çox güvənirik. Ona görə də qorxmuruq".

 

"Ermənilər içməli suyu buraxmırlar"

 

Sakinlərdən Məhəmməd Kərimov və Cəmiyyət Şərifov bildirdi ki, 1994-cü ilin yanvar ayından kəndə köçüblər: "İlk dəfə bura 4 ailə gəldi. Sonralar sakinlərin axını başladı. Artıq bu ərazidə gördüyünüz kimi, sakinlər məskunlaşıblar. Burada su da yoxdur. Əkin əkirik. Üzümüzü tuturuq göyə, Allah nə vaxt su versə, o vaxt əkin suvarılacaq. Merdinli arxı və Həsən arxının mənbəyi erməninin nəzarəti altında olduğundan təsərrüfatımız susuz qalıb. Erməni suyun da qarşısını alıb. Kəhrizin ümidinə qalmışıq. İçməli suyu kəhrizdən götürürük. Suvarma suyu da yoxdur."

Fürsətdən istifadə edib səngərlərdə duran əsgər qardaşlarımızla görüşdük, köhnə və sökük evlər olan yerlərdə olduq. Bu yerlərdə əvvəllər ermənilər olub və oraları dağıdıb gediblər. Sakinlər bildirdilər ki, 1994-cü ildə ora qayıdanda kənd yerlə yeksan imiş. Bir ev də salamat deyilmiş: "Bura bizi gətirəndə daş daşın üstündə deyildi. Hər yer yandırılmış, viranə qoyulmuşdu. Dövlət tərəfindən köməklik olundu, biz bu evləri tikdik. İndi gördüyünüz kimi, burada yaşayırıq. İcra başçımız Alı Alıyev bizə vaxtaşırı baş çəkir. Buradan gedən hər bir vətəndaşımız aidiyyəti qurumlarda yaxşı qarşılanır. Biz sərhəd bölgəsində olduğumuzdan hər zaman dövlət tərəfindən qayğı da gözləyirik. Lakin bizə nə qədər etsələr, azdır. Çünki burada yaşamağın özü böyük hünər tələb edir".

 

Kənddə 3 məktəb fəaliyyət göstərir

 

Daha sonra Azər Quliyev adına orta məktəbə baş çəkdik. Məktəbin direktoru Nazim Əliyev dedi ki, 1994-cü ilin yanvar ayının 5-dən 6-na keçən gecə kənd ermənilərdən geri alınıb: "1993-cü ilin dekabrında Heydər Əliyev tərəfindən səfərbərlik elan olunduqdan sonra əhalinin vəziyyəti yaxşılaşdı. Belə ki, əhali öz yurd-yuvasına qayıtdı. Bu gün burada 3 məktəb fəaliyyət göstərir. Müəllimlər və şagirdlər qorxmadan, çəkinmədən dərsə gəlib-gedirlər. Bizim işlədiyimiz məktəb 1924-cü ildə yaranıb. 1982-ci ildə gördüyünüz bina inşa olunub. 1993-cü ildə avqustun 23-də kənd ermənilər tərəfindən işğal olunan zaman məktəb də digər binalar kimi dağıdılıb. 2001-ci ildə isə yenidən bərpa olunub. Elə o zamandan da dərslər keçirilməyə başlayıb".

 

"Qoy xalqımız əmin olsun"

 

Kəndin ərazisində uçurulmuş və dağıdılmış yerlərdə də olduq. Doğrudan da həmin o yerlərdə olarkən sanki ötən illərin xatirələri gözlərimiz önündə bir daha canlanmağa başladı. Çətinliklə də olsa, səngərdən bir neçə fotokadr götürüb, burada keşik çəkən N saylı hərbi hissənin əsgərləri ilə görüşdük. Onlar bildirdilər ki, hazırda vəziyyət sabitdir: "Bəzən atışkəsin pozulduğu hallar da yaranır. Buna baxmayaraq, biz öz yerimizdə möhkəm dayanmışıq. Həyəcan, qorxu üçün heç bir narahatçılığa əsas yoxdur. Xalqımız əmin olsun ki, biz sərhədin keşiyində möhkəm dayanmışıq".

  

  

Pərvin İsmayılova

 

Həftə içi.- 2011.- 22 aprel.- S. 6.