"Türkiyə olduqca güclü Hərbi Hava Qüvvələrinə malikdir"

 

Əli Acargil: "İndiki vəziyyətdə Qəbələ RLS-dən Türkiyənin maraqları naminə istifadə etmək qətiyyən mümkün görünmür"

 

Türkiyə Hərbi Hava Qüvvələrinin polkovniki Əli Acargilin "Həftə içi"nə eksklüziv müsahibəsi

Bu günlərdə Ermənistan mətbuatı belə bir iddia ilə çıxış etdi ki, guya Azərbaycan Hərbi Hava Qüvvələrində kadr çatışmazlığı mövcuddur. Fikirlərini əsaslandıran ermənilər bildiriblər ki, Türkiyədə təhsil alan azərbaycanlı təyyarəçilər vətənə qayıdandan sonra təyyarələrdən istifadə edə bilmirlər. Çünki Türkiyə təyyarələri NATO standartlarına uyğun olduğundan ABŞ və ümumiyyətlə, Qərb ölkələrinin istehsalı olan təyyarələrdən istifadə edirlər. Rusiya və Qərb istehsalı olan təyyarələrin texniki istifadə qaydaları isə fərqlidir. Biz də erməni mətbuatının yazdıqlarının nə qədər inandırıcı olduğunu öyrənmək üçün, eləcə də Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı hərbi əlaqələrə dair bizi düşündürən digər məqamlarla bağlı Türkiyə Hərbi Hava Qüvvələrinin polkovniki Əli Acargillə söhbətləşdik.

Polkovnik bizimlə müsahibəyə biri neçə il əvvəl "Türk ulduzları"nın Bakı səmasında uçuşlar həyata keçirməsi faktını xatırlatmaqla başladı. Bildirdi ki, "Türk ulduzları"nın yenidən Azərbaycanın hava məkanında insanları valeh etməsi yaxşı olardı. Amma bunun üçün iki ölkənin əlaqədər orqanları arasında danışıqlar aparılmalı, qərar verilməlidir. Əgər ikitərəfli razılıq əldə olunarsa, türk qırıcılarının Bakı səmasında uçuşları təkrar etməsi mümkündür.

- Ermənilər iddia edirlər ki, guya Azərbaycanda qırıcıları idarə edə biləcək kadrlar yoxdur. Sizcə, Türkiyə Azərbaycanın Hərbi Hava Qüvvələrini inkişaf etdirmək məqsədilə nələr edə bilər və ya etməkdədir?

- Hələ çoxdan Azərbaycanla Türkiyə arasında imzalanmış bir sıra sazişlərə əsasən azərbaycanlı hərbçilərə və hətta aşağı rütbəli zabitlərə təhsil verilir, təlimlər keçirilir. Ümumiyyətlə, bu kimi məsələlərdə mütləq təhsil almaq lazımdır. Azərbaycan dövləti ehtiyac hiss etdiyi hər cür təhsil və təlimlərlə bağlı fikirlərini Türkiyəyə bildirir, qarşı tərəf isə bunun üçün nə qədər maliyyə vəsaiti lazımdır, neçə vaxta təlim keçmək mümkündür və sair kimi detalları açıqlayır. Bütün hallarda isə son anda iki dövlətin nümayəndələri razılaşıb, məsələni yoluna qoyurlar. Yəni Türkiyə Silahlı Qüvvələri Azərbaycan ordusu üçün lazım olan hər cür tədris və təlimi keçir. Bu indiyədək də belə olub, bundan sonra eyni cür davam edəcək.

- Bir mütəxəssis olaraq deyin: Türkiyə ilə Azərbaycan arasında vaxtaşırı hərbi hava qüvvələrinin ortaq təlimi keçirilə bilərmi? Məncə bu cür əlaqələr hər iki ölkənin daha da qüvvətlənməsinə şərait yaradar.

- Təbii ki, keçirilən hər bir təlim və dərslərin ordunun güclənməsinə müsbət təsiri mütləqdir. İndiyədək də Türkiyə ilə Azərbaycan arasında çox sayda birgə hərbi təlimlər keçirilib. Bu da dövlətlər arasında razılaşdırılmalı məsələdir. Güman edirəm ki, ölkələrimizin rəhbərləri bu haqda hər zaman düşünürlər.

- Azərbaycanda Rusiyaya icarəyə verilmiş Qəbələ RLS fəaliyyət göstərir. Bu obyekt Hind okeandan Qırmızı dənizə, Mərkəzi Asiya ölkələrinədək böyük bir coğrafi ərazini nəzarətdə saxlayır. Necə bilirsiniz, Türkiyə bu RLS-i icarəyə götürə bilərmi? Əlbəttə, Rusiyaya verilmiş vaxt başa çatandan sonra. Yeri gəlmişkən, bildiyimiz qədər artıq bu barədə Ankara ilə Bakı arasında müzakirələr aparılıb.

- Mövzuya dair öncə deyim ki, bu sahədə Azərbaycanla Rusiya əməkdaşlıq etməkdədir. Antenaların tutuculuğu qüvvətləndirildiyi təqdirdə ətraf mühitə təsiri artacaq, amma görülən işlərin nəticəsində obyektin təbiətə, canlı orqanizmə mənfi təsiri aradan qaldırılacaq. Güman ki, qeyd etdiyim bu tədbirlər 2013-ci ildə tam başa çatmalıdır. Məsələ ondadır ki, Qəbələ RLS-i Rusiya işlədir, Azərbaycanın hərbi hava qüvvələri isə mühafizə edir. Özü də bu sahədə Azərbaycan Hərbi Hava Qüvvələri təhsil və təlimi Türkiyədən deyil, Rusiyadan alır. Bu səbəbdən də baş tutan görüşlər çərçivəsində indiki vəziyyətdə Qəbələ RLS-dən Türkiyənin maraqları naminə istifadə etmək qətiyyən mümkün görünmür.

- Niyə, bəs Azərbaycan bunu istəsə...

- Rusiya ilə Azərbaycan arasında bu sahədə anlaşma imzalanıb. Rusiyanın bu sazişin müddətini uzatmaq məsələsində israrlı olduğu göz önündədir. Moskva ona görə bu obyektdən əl çəkmək istəmir ki, ABŞ və Rusiyanın Qafqazdakı ortaq maraqlarına uyğundur. Rusiya bu RLS vasitəsilə Gürcüstana nəzarət edir, eləcə də Ermənistan və Azərbaycana. Bu səbəbdən də imkan verməz ki, Türkiyə həmin stansiyaya yaxın düşsün. Bundan əlavə, Türkiyə Qəbələ RLS-ə nəzarət etsə belə, oradakı texniki avadanlıqlar tam fərqlidir və bu səbəbdən də türk hərbçilər orada çox ciddi çətinliklərlə üzləşəcəklər. Bugünki siyasi ab-havaya istinad etsək, Rusiya türklərə Birləşmiş Ştatların texniki avadanlığı əsasında qurulacaq yeni bir RLS-in istifadəsinə də imkan verməyəcək. Təbii ki, bunlar mənim subyektiv fikirlərimdir. Azərbaycanla Türkiyə radar məlumatlarını almaq məqsədilə, öz istəklərinə uyğun gizli bir sistem qura bilərsə, alqışlanmalıdır. Çünki alternativ sistem yaratmaq, məncə, ən yaxşı həll yolu olardı.

- Türkiyə hərbi hava qüvvələri NATO standartlarına uyğun qurulduğu üçün təbii ki, təyyarələriniz də ABŞ istehsalıdır. Amma Azərbaycan qırıcıları Rusiya istehsalıdır və ekipaj da məhz rus təhsillidir. Elə ermənilər də məhz bu amili əsas tutaraq iddia edirlər ki, azərbaycanlı müdavimlər Türkiyədə aldıqları təhsillə Azərbaycanda təyyarələri idarə edə bilmirlər. Bir hərbçi olaraq bu məsələyə dair nələr deyə bilərsiniz?

- ABŞ və Rusiya təyyarələrinin fərqli mexanizmə malik olmasına baxmayaraq, Azərbaycandan gələn pilotluğa namizədlər Türkiyədə aldıqları təhsil əsasında mükəmməl təyyarəçi olurlar. Burada ən önəmli amil təyyarə sistemlərində pilotlar üçün uyğunluqları müəyyənləşdirməkdir. Nəzərə alın ki, Türkiyədə təhsil alan müdavimlərdə əvvəl Azərbaycanda çox sayda mükəmməl pilotlar fəaliyyət göstərir. Təbii ki, onlar Türkiyədə təhsil alıb vətənə qayıdan pilotları Rusiya istehsallı təyyarələrdən istifadə qaydalarını başa salırlar. Yəni Azərbaycanda onlar üçün yerli sistemə adaptasiya prosesi tətbiq olunur. Pilotlar da ki, NATO standartları daxilində çox yüksək təhsil aldıqları üçün bu qaydaları əlüstü qavrayırlar.

- Yaxın Şərqin superdövləti olan Türkiyə bölgəmizdə, məsələn, Azərbaycan, Gürcüstan və sair ölkələrlə birlikdə hava hücumundan müdafiə sistemi yarada bilərmi? Türkiyənin belə bir sistem yaratmağa imkanları yetərlidirmi?

- Türkiyə öz hava məkanında olduqca güclü Hərbi Hava Qüvvələrinə malikdir. Dövlətlərarası (Türkiyə, Azərbaycan, Gürcüstan kimi) havadan müdafiə birliyi qurmaq, bu sahəni qorumaq üçün uyğun sistemlər yaratmaq və davamlılığını təmin etmək, bu, ittifaqda iştirak edəcək dövlətlərin imzalayacağı sazişin detallarından asılıdır. Amma bütün hallarda belə birlik, sadəcə, arzulayan ölkələr tərəfindən yaradıla bilməz. Ona görə ki, belə ittifaqlar təsis olunarkən beynəlxalq və regional siyasət nəzərə alınır. Xüsusilə də ABŞ və Rusiyanın etirazlarının nəzərə alınması vacibdir.

- Azərbaycan kiçik dövlət olsa da, Türkiyə Osmanlı İmperiyasının varisi olaraq, çox nəhəngdir. Amma niyə bu ölkənin öz istehsalı olan döyüş təyyarələri yoxdur? Türkiyə kimi bir ölkə niyə indiyədək hərbi helikopterləri özündən dəfələrlə kiçik olan Niderlanddan, Kanadadan alır? Hətta iş o yerə çatıb ki, hansısa bir təyyarəyə ehtiyat hissəsi lazım olanda, Ankara onu da xaricdən alır. Sizcə belə bir idtxalat Türkiyə dövlətinin və millətinin ziyanına deyilmi?

- Təyyarə olduqca kompleks bir vasitədir, istənilən mənada çox baha başa gələndir. Bu məqsədlə istər sərnişin və yük, istərsə də döyüş təyyarələrinin istehsalı layihələndiriləndə, ilk anda həmin təyyarələrin dünya bazarında yeri araşdırılır, yəni potensial müştərilər tapılır. Yalnız bundan sonra həmin ölkələrin layihəyə qoşulmaları üçün araşdırma başlaya bilər və nəticədə konsorsiumlar yaradılır (ABŞ tərəfindən irəli sürülən "F-35" - "Gələcəyin böyük təyyarəsi" layihəsində iştirak etmək üçün Avropa Birliyi ölkələri də konsorsium yaradaraq istehsal işlərinə start veriblər). Bu ona görə lazımdır ki, iştirakçı ölkələrin təyyarələr üçün ehtiyat hissələri istehsal edən müəssisələri varsa, onlardan da yararlanmaq məqsədilə layihəyə salınır və sair. Ümumilikdə, təyyarə istehsal etmək asan iş deyil. Təkbaşına bir dövlətin öz ehtiyaclarını ödəmək məqsədilə təyyarə istehsal etməsi üçün olduqca böyük maddi vəsaitlər tapması lazımdır.

  

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2011.- 24 avqust.- S.3.