Tıq-tıq xanım yeni "don"da

 

"Tıq-tıq xanımı yeni ampulada görmək uşaqlar üçün həm gülməli, həm də maraqlı olar"

Bu gün "aşınma"ya məruz qalan ədəbiyyat nümunələrimiz arasında uşaq ədəbi nümunələri üstünlük təşkil edir. Hazırda ölkəmizdə uşaqlar üçün nəzərdə tutulmuş bütün intellektual və əyləncəli vasitələr də demək olar ki, yox səviyyəsindədir. Olan-qalan bir neçə ədəbi nümunələr isə müasir versiyada elə tətbiq edilir ki, uşaqların həmin versiyanı anlamaq imkanı çox aşağı olur. Üstəlik, çox vaxt nəzərə alınmayan kobud səhvlər də böyüməkdə olan yeni nəslin şüuruna mənfi təsir edir. Belə ki, müasirlik sindromu uşaqların da beynində özünə yer etmiş olur.

Yeni cizgi filmləri və animasiyalar çəkməyi bacarmayan studiyalarımızın gücü köhnə cizgi nümunələrimizi müasirləşdirməyə çatır. Buna məruz qalan "multfilm"lərdən biri də məşhur "Tıq-tıq xanım" cizgifilmidir. Əslində "Tıq-tıq xanım" cizgifilmindən başqa, eyni adlı mənzum nağılın məzmununa da müdaxilələr edilib.

Görəsən, müasir uşaqlar "Tıq-tıq xanım"ı hansı versiyada seyr edirlər? Yerli dizaynerlər "Tıq-tıq xanım"ı dünyaya necə təqdim edir? Bəs bu nağılın məzmunu hansı səviyyədədir? Bunu araşdırmağa çalışdıq...

Ən sevimli dozanqurdu

Əvvəlcə bu məşhur və başıbəlalı nağılın qısa da olsa tarixinə nəzər salaq. Uşaq ədəbiyyatının ən gözəl nümunələrini yaradan şair Abdulla Şaiq bu nağılı 1910-cu ildə qələmə alıb. Əsər mənzum nağıl formasındadır. Nağılın qəhrəmanı isə balaca və şirin dozanqurdudur. Nağılın adı ilk versiyada "Pıs-pısa xanım" olsa da, sonradan "Tıq-tıq xanım" kimi məşhurlaşıb. "Pıs-pısa xanım və Siçan bəy" cizgi filmi isə 1974-cü ildə Abdulla Şaiqin "Tıq-tıq xanım" nağılının motivləri əsasında çəkilib. Filmin janrı qısametrajlı musiqili uşaq cizgi filmidir. Cəmi 10 dəqiqəlik cizgi filminin ssenari müəllifi isə Nataliya Şneyer və İntiqam Qasımzadədir. Quruluşçu rejissorlar Ağanağı Axundov, Məsud Pənahi, quruluşçu rəssam Məsud Pənahi, bəstəkar Ramiz Mirişlidir. Filmdə səslənən mahnıların sözləri isə Ramiz Rövşənə aiddir. Filmin redaktoru Ədhəm Qulubəyov, Multiplikasiya Rəssamı Viken, Bondardır. Filmi səsləndirənlər isə Arif Babayev, Rafiq Qasımov, Dadaş Kazımov (çoban), Zemfira İsmayılova (pıspısa xanım), Ağaxan Salmanovdur (canavar). 10 dəqiqəlik rəngli filmdə hər bir adamın dostunun olması, dost qazanması və dostluq etməyi bacarması aşılanır.

"Bir daş əndərəcik", yoxsa "bir lopa palçıq"?

Təəssüfləndirici haldır ki, ən çox "aşınma"ya məruz qalan uşaq nağıllarından biri elə məhz "Tıq-tıq xanım"dır. Azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş "Uşaq nağılları" kitabında sözügedən nağılın necə təsvir edildiyini təsəvvür edə bilməzsiniz. Bu kitabda nağıl ilkin versiyasından fərqli olaraq nəzm yox, nəsrlə yazılıb. Əvvəlcə kitabdakı şəkillər haqqında məlumat verim. Belə ki, hələ oxumağı bacarmayan uşağın beyninə ilk həkk olan şeyin şəkil olduğunu nəzərə alsaq, artıq onda bu nağıl haqqında yaranan fikirləri təsəvvür etmək olar. Tıq-tıq xanımı hamımız ilk dəfə cizgi filmində görmüşük və hamımızın yadında o elə bu cizgi filmindəki kimi saçı uzun suray xanım, boynu uzun Buray xanım kimi qalıb. Ancaq bu şəkillərdəki "Tıq-tıq xanım" daha çox zənci rəqqasə qızlara bənzəyir. Müasir xanımın saçları da qısadır. Siçan bəy isə başında araxçınla təsvir olunub. Nağılın məzmununa da nəzər salaq. Tıq-tıq xanımın gölə düşüb boğulma səhnəsi orijinal versiyada aşağıdakı kimi qeyd edilir:

"Bir kiçik gölməçəyə

Yetişincə, nə gördü:

Tıq-tıq xanım çuxurda

Boğulur, əl-qol atır.

Gah çıxır su üzünə,

Gah birdən-birə batır.

Bunu gördü, Siçanın

Dərdi başından aşdı

Yüyürdü, öz dostuna

Belə şirin dil açdı?

- Əlini mənə bəstərəcik!

- Yox, mən səndən küstərəcik...

- Küstərəcik ha, küstərəcik,

Bir daş üstündən əndərəcik!

Daşı vurdu başına,

Bir az qəmləndi... yenə

Toy noğulu yeməkçin

Qayıtdı xan evinə".

Ancaq müasir versiyada bu sözlər belə təqdim olunur: "Tıq-tıq xanım gölə düşüb boğulur. Tez gəlsin xilas etsin. Atlılar xan evinə yetişib, əhvalatı toya gələnlərə söylədilər. Siçan bunu eşidib özünü gölə yetirdi. Suda boğulan Tıq-tıq xanıma əl uzadıb dedi:

- Əlini mənə bəstərəcik.

Tıq-tıq xanım əsəbi halda dedi:

- Get, mən səndən küsdərəcik.

Siçan üç dəfə əl uzatdı, Tıq-tıq xanım da eyni cavabı verdi. Axırda siçan bərk qəzəbləndi, bir parça palçığı götürüb Tıq-tıq xanımın başına çırpdı və getdi". Hər iki versiyadan sonra yəqin ki, heç bir şərhə eytiyac yoxdur.

Özünə "ər" axtaran Tıq-tıq xanım

Başıbəlalı Tıq-tıq xanımın başına gələn problemlər təkcə bununla yekunlaşmır. Nağılın orijinal versiyasını bəyənməyib yeni versiya yaradanlar olduğu kimi, cizgi filminə də əl gəzdirənlər olub. Belə ki, uşaqlıqdan indiyə qədər dillər əzbəri olan "Çərə gedirəm, çürə gedirəm. Sənə nə var hara gedirəm? Özümə dost axtarıram" və nağılın orijinal versiyasında "Ömürlər çox gödəkdir, bu çöllərdə yalqızam, mənə yoldaş gərəkdir" sözləri yeni çəkilmiş "Tıq-tıq xanım" cizgi filmində təhrif edilərək "özümə ər axtarıram" sözləri ilə əvəz olunub. Ancaq Abdulla Şaiqin Tıq-tıq xanımı özünə ər deyil, yoldaş, dost axtarırdı.

Onu da qeyd edək ki, cizgi filmin yeni versiyası ilk dəfə "ATV" telekanalında, bir müddət sonra isə "Xəzər" televiziyasında yayımlanıb. Lakin "ANS" kanalında verilişlərin birində "Tıq-tıq xanım"ın yeni versiyası ictimai müzakirəyə çıxarılaraq tənqid olunmuşdu. Tənqidi fikirlərlə və bir növ ictimai qınaqla zəngin olan bu verilişdən sonra cizgi filmin yeni versiyası nümayişdən yığışdırıldı. Ancaq bu da hələ son deyildi...

"Seksi Tıq-tıq xanım" rəzaləti

Bu mövzu ilə bağlı araşdırma apararkən məni həqiqətən də xəyal qırıqlığına uğradan bir neçə fakta da rast gəldik. Düzü, bu mövzu ilə bağlı belə bir versiyanın olduğundan xəbərsiz idim. Belə ki, dünyanın ən böyük internet portalı olan "YouTube"da "Tıq-tıq xanım" cizgi filminin əxlaqa zidd versiyası da yerləşdirilib. "Seksi Tıq-tıq xanım" adı ilə sayta yerləşdirilən bu videoçarx təəssüflər olsun ki, filmin orijinal versiyasından da çox izlənilib. Filmdə görüntülərə heç bir müdaxilə edilməsə də, mətnin səsləndirilməsinə söyüş və kobud ifadələr əlavə edilib. Onu da qeyd edək ki, bu versiya yerli dizaynerlər tərəfindən hazırlanıb və adıçəkilən portala yerləşdirilib.

DİQQƏT! Cizgi filmləri uşaqlar üçündür

"Azanfilm" animasiya filmləri studiyasının bədii rəhbəri, "Tıq-tıq xanım" cizgi filmində əməyi keçən şəxslərdən biri, cizgi filmin rəssam assistenti Elçin Hami Axundovun fikirlərini də öyrəndik. Elçin Axundov lentə alınan hər bir cizgi filmdə istənilən fikir, söz və səhnələr nəzərə alınmalıdır: "Bu cizgi film çəkilməzdən əvvəl bir neçə versiya verildi. Onlar arasında "özümə dost axtarıram" da vardı, "ər axtarıram" da. Biz birinci versiyanı seçdik və filmi də ona əsasən lentə aldıq".

Elçin Axundov heç də cizgi filmlərinə qatılan yeni müasirliyin əleyhinə olmadığını bildirdi: "Dörv dəyişir və cizgi filmlərində də bu tip dəyişiklikləri göstərmək pis qarşılanmamalıdır. Düzdür, cizgi filmi uşaqlar üçün nəzərdə tutulduğundan daha diqqətli olmaq lazımdır. Mən heç bir yenilik və dəyişikliyin əleyhinə deyiləm. Tıq-tıq xanımı yeni ampulada görmək uşaqlar üçün də həm gülməli, həm də maraqlı olar. Ancaq bu yenilik abartılmamalı və hər bir tamaşaçı auditoriyası nəzərə alınmalıdır".

Nigar İxtiyarqızı

 

Həftə içi.- 2011.- 7 dekabr.- S.8.