"Gənclərin əksəriyyəti dövlətçilik məsələsində yekdildir"

 

Fuad Muradov: "İstər virtual, istərsə də canlı müzakirələr sağlam rəqabətə söykənməli, gəncləri inkişafa sövq etməlidir"

 

Hər dəfə 2 Fevral - Gənclər günü ərəfəsində və yaxud gənclərlə bağlı hər hansı material hazırladıqda jurnalistlərin üz tutacağı şəxslərdən biri kimi öncə ağıla gələn şəxs Fuad Muradov olur. Bunu Azərbaycan gəncliyinin uğuru və yaxud passivliyi kimi dəyərləndirə bilməsək də, fakt odur ki, bu illər ərzində Fuad Muradov özünü aktiv gənc olaraq sübut edə bilib. Azərbaycanın parlament tarixinə ən gənc deputat kimi düşən Fuad Muradovla əlamətdar gün ərəfəsində görüşüb, Azərbaycan gəncliyinin durumuna, qayğılarına və sabahına yenidən güzgü tutmağa çalışdıq. Doğrudur, müsahibim artıq gənclik yaşından uzaqlaşıb. Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradovla olan söhbətimizi hazırda gəncləri maraqlandıran bir çox məsələlər ətrafında qurduq.

Söhbətə müsahibim özü başladı:

- Azərbaycanda kifayət qədər savadlı, zəngin dünyagörüşünə malik gənclərimiz var. Elə təkcə Gənclər Təşkilatları Milli Şurasında Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsində, problemlərin həll olunmasında özlərini təsdiq etmiş gənclərimiz yetərli qədərdir.

- Amma nədənsə, əlamətdar günlərdə, lazımi məqamlarda üzdə olan gənclər sırasında çox az sima nəzərə çarpır...

- Toxunduğunuz məsələ təkcə Gənclər günü ərəfəsində deyil, tez-tez bizim söhbətimizin prioritet istiqamətini təşkil edir. Təbii ki, biz bütün gənclərin İntiqam Babayev, Fuad Muradov kimi olacağını gözləməməliyik. Amma hər bir gəncin cəmiyyətinə, ölkəsinə xidmət edəcək qədər potensialı və istəyi var. Hərə öz bacardığı səviyyədə bunu həyata keçirir. Məsələn, bizim təkcə son 2 ildə respublikanın bütün rayonlarında, o cümlədən ali təhsil ocaqlarında görüşlərimiz, tədbirlərimiz olub. Məqsədimiz yeni kadrları üzə çıxarmaq və onları ictimaiyyətə təqdim etməkdir. Mən hazırda regionda yaşayan gənclərin aktivliyindən çox razıyam. İstənilən rayonda dövlətçiliyimizin keşiyində duran gənclərimiz çoxdur. Təxminən 10 il bundan əvvəllə müqayisə edəndə görərik ki, regionların sosial-iqtisadi vəziyyəti əvvəlki kimi deyil. Yəni ölkənin inkişafı gənclərin passivliyinin aradan qalxmasına təkan verib. Biz fəaliyyətə başlayanda heç normal şəraitimiz belə yox idi. Kompüterdə növbə ilə işləyirdik. Amma bu gün gənclərin belə problemləri yoxdur bəlkə elə buna görədir ki, gənclərimiz arxayın görünürlər. Mən bunu normal qarşılayıram, çünki zaman dəyişib, ölkədə stabillik var. Yəni gənc artıq həyatını bir neçə il öncədən planlaşdırır çox hallarda onun planında ictimai olmur. Bizə lazım olan odur ki, hər bir halda Azərbaycan gənci öz bilik bacarığını həyata keçirə bilsin. Mən şadam ki, bu gün gənclərlə dövlətçilik məsələsi ətrafında müzakirlər aparırıq. Çünki hələ elə ölkələr var ki, neçə illərdir müstəqilliklərini elan ediblər, amma müstəqil deyillər. Şükürlər olsun ki, bu gün Azərbaycan gənclərinin əksəriyyəti dövlətçilik məsələsində yekdil fikirdədir.

- Qarşıdan həm də rəhbəri olduğunuz Gənclər Təşkilatları Milli Şurasının 15 illik yubileyi gəlir. Buna necə hazırlaşırsınız?

- Ümumi götürəndə 15 il az bir müddət olsa da, gənc bir təşkilat üçün böyük bir hadisədir. Milli Şurada təmsil olunan insanların əksəriyyəti öz yerini tutub, şuradakı fəaliyyətləri onlar üçün bir yol açıb. Eyni zamanda həmin insanlar da şuraya öz töhfələrini veriblər. Bu müddət ərzində çalışdıq ki, rəqabət mühiti yaradaq. İndi bizə rəqib təşkilatların sayı yüzlərcədir və bu bizi daha da ruhlandırır. 15 ildə bir dəfə də olsun yubiley keçirməmişik. İndi isə çox ciddi hazırlaşırıq və belə qərara gəldik ki, Milli Şurada indiyədək çalışan çoxlu insanı bir araya toplayaq. Onlar haqqında film hazırlamışıq. Ayın 4-də "Gülüstan" sarayında geniş bir tədbir keçirmək niyyətindəyik.

- Sizcə, Gənclər Təşkilatları Milli Şurasının özünü təsdiqləməsində yalnız gənc fəalarınmı rolu olub?

- Milli Şuranın özünü bir qurum olaraq təsdiqləməsində həm də gənclərlə işləyən nazirlikdə təmsil olunan insanların rolu böyük olub. Həm Əbülfəz Qarayev, həm də Azad Rəhimovun gənc əhvali-ruhiyyəli şəxslər olması bu sahənin inkişafı ilə nəticələnib. Eyni zamanda ölkə rəhbərliyi tərəfindən bizə daim dəstək olub. Bu bizim üçün çox vacibdir.

- Şurada siyasi partiyalara məxsus təmsilçilər varmı və onlara münasibət necədir?

- Şurada heç bir partiyanın gənclər qolu təmsil olunmur. Bu, şura təsis olunandan belədir.bii ki, hər bir təşkilatın, o cümlədən şuranın öz siyasi fikri var heç kim buna qarşı çıxa bilməz. Bundan başqa, hansısa yeni yaranan təşkilatların da hər hansı siyasi idelogiyaya məxsusuluğunu müsbət qarşılayıram. Onların hansısa siyasi partiyanı təmsil etməsinə etirazım yoxdur. Amma təəssüf ki, bu gün elə gənclər təşkilatı var ki, sağlam ideologiya ilə məşğul olmur onların bəzi fikirlərini bütünlüklə Azərbaycan gəncliyinin adından səsləndirmələrini qəbul etmirəm. Biz Avropanın ən böyük gənclər təşkilatı olan Avropa Gənclər Forumunun üzvüyük orada yeganə müsəlman ölkəsi kimi Azərbaycan təmsil olunur. Ölkəmizlə bağlı bir çox məsələləri bu forumda müzakirə etdiyimiz halda, bəzi gənclər təşkilatı bizim şuradan oraya şikayət edir. Özlərini müxalifət təşkilatlarından sayan bu şəxslər guya bizim onlara işləmək üçün imkan vermədiyimizi deyirlər. Hətta bu bardə yazılar da yazdılar ki, guya bizim şuranı Avropa Forumundan çıxarırlar. Amma biz hazırda forumda Qarabağ məsələsini müzakirəyə hazırlaşırq. Düşünürəm ki, istənilən gənclər təşkilatı rəqabət aparmalıdır bu, labüddür, amma bu rəqabət sağlam olmalıdır.

- Bu il həm Gənclər Təşkilatları Milli Şurasına yeni sədrin seçiləcəyi gözlənilir. Səhv etmirəmsə, siz şuranın dördüncü sədrisiniz. Estafeti kiməsə vemək fikriniz varmı?

- Artıq Milli Şura struktur, vəzifə və məqsədlər baxımından tam formalaşmış bir qurumdur və mən inanıram ki, şura üzvləri ləyaqətli, bacarıqlı insanı sədr seçməklə bu dəfə də yanılmayacaqlar.

- Namizədliyinizi, yəqin ki, verəcəksiniz?

- Hesab edirəm ki, gənclər üçün bir motivasiya olmalıdır. Onlara yol açmalıyıq. Mən bunu ilk dəfə sizə deyirəm. Ehtiyac olarsa, əgər lazım olarsa, mən böyük məmnuniyyətlə yeni sədrə kömək edə bilərəm.

- Belə çıxır ki, sizin vəzifənizdən getmə ehtimalınız var.

- Bəli.

- Artıq gənclərin problemləri ilə tanışsınz və sədrlikdən getdikdən sonra konkret olaraq daha çox hansı çatışmazlığın aradan qaldırılmasına çalışacaqsınız?

- Hazırda Milli Şurada 70-ə yaxın təşkilat var və biz bilirik ki, bunların hamısı aktiv deyil. Amma bunun səbəbləri var. Bir çox sahələrdə çalışanların əməyi göz önündə olur və ona qiymət verilir. Amma gənclərlə iş elə bir sahədir ki, burada görülən iş sanki o qədər də nəzərə çarpmır. Bu sahədə qiymətləndirmə məsələsində müəyyən problemlər mövcuddur. Biz bu barədə təklif vermək istəyirik. Söhbət təkcə maddiyyatdan getmir, heç olmasa həvəsləndirici bir stimul olmalıdır. Gənclərin asudə vaxtının təşkili ilə bağlı da müəyyən problemlər mövcuddur. Düzdür, hazırda idman-olimpiya kompleksləri tikilir və istənilən şəxs oradan istifadə edə bilər. Azərbaycanda mən çox istərdim ki, paytaxtda gənclər mərkəzi olsun və burada gənclər tədbirlər təşkil etsinlər, disskussiyalar aparsınlar, bir sözlə, gənclərin toplaşmağa bir yeri olsun. Mən bu məsələləri parlamentdə qaldırmağı nəzərdə tutmuşam.

- Gənclərin parlamentdə təmsil olunmaq səviyyəsi sizi qane edirmi? Baxmayraq ki orada təmsil olunanların əksəriyyəti orta yaşlı nəslin nümaynədəsi sayılır.

- Müqayisə etsək, görərik ki, sonuncu parlamentin tərkibi ötən dəfəkilərlə müqayisədə daha cavandır. Yaş nisbəti ilə götürsək, orta yaşın daha gənc olduğunu görərik. Amma gənclərin sayı baxımından azlıq təşkil edir. Düzdür, hamı deputat ola bilməz, amma namizədlik məsələsində istəiyrəm ki, gənclər özlərini sınasınlar.

- Gənclərimiz indi internet şəbəkələrdə daha aktivdirlər. Müxtəlif adlı sosial şəbəkələrdə siyasi qütbləşmənin də olduğu sirr deyil. Buna münasibətiniz?

- Düşünürəm ki, gənclərimizin internetdə aktivliyinin səbəbi sosial şəbəkələrin isifadəçilərinin sayının çox olmasıdır. Ümumiyyətlə isə virtual həyat reallıqdan uzaqdır. Məncə, canlı ünsiyyət istənilən dialoq və fikir mübadiləsi üçün vacib amildir. Bəzən olur ki, mən də hansısa məsələyə fikir bildirəndə nəticədə deyirlər ki, bəlkə görüşüb söhbətləşək. Bu o deməkdir ki, virtual müzakirədə heç də bütün məsələlər həll ounmur. Mən düşünürəm ki, istər virtual, istərsə də canlı müzakirələrin hamısı sağlam rəqabətə söykənməli, gəncləri inkişafa sövq etməlidir. Qarşıdurmaya meyilli çağırışlar, müzakirələr heç kimə, eləcə də gəncliymizə lazım deyil. Amma bu müzakirələrə qarşı deyiləm.

 

 

Naibə Qurbanova

 

Həftə içi.- 2011.- 2 fevral.- S. 1, 3.