Mübariz İbrahimova həsr edilmiş müsabiqə yekunlaşdı

 

"Kaspi" qəzetinin Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan yazı müsabiqəsi yekunlaşıb. Dünən müsabiqənin nəticələri ilə bağlı Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirildi. Tədbirdə çıxış edən "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli bildirdi ki, əvvəlcədən müəyyən edilmiş şərtlərə əsasən, müsabiqəyə yalnız vətənpərvərlik mövzusunda yazılan və kütləvi informasiya vasitələrində dərc olunmuş hekayə, povest, şeir və publisistik məqalələr qəbul edilib: "Ötən il sentyabrın 6-da elan olunan müsabiqə üçün əsərlərin qəbulu üç aydan artıq davam edib və dekabrın 31-də başa çatıb. Müsabiqəyə ümumilikdə 86 əsər təqdim olunub, onlardan 3-ü şərtlərə müvafiq olmadığı üçün müsabiqədən kənarlaşdırılıb. Müsabiqənin 3 qalibi müəyyənləşdirilib. Qaliblərə birinci yer - 1000 manat, ikinci yer - 500 manat, üçüncü yer - 300 manat və hər biri 200 manat olmaqla 5 həvəsləndirici mükafatın da verilməsi nəzərdə tutulub. Həvəsləndirici mükafatları münsiflər heyəti müsabiqəyə təqdim olunan əsərlərin rəngarəngliyini və çoxluğunu nəzərə alaraq qərara alıb".

Tədbirdə çıxış edən "Kaspi" qəzetinin rəhbəri Sona Vəliyeva bildirdi ki, vətənpərvərlik mövzusu barədə həyəcansız danışmaq mümkün deyil: "Xalq olaraq taleyimizin elə bir mərhələsini yaşayırıq ki, bu mövzu bizim fəaliyyətimizdən qırmızı bir xətt kimi keçir. Ölkə başçısı da dəfələrlə çıxışlarında vurğulayır ki, hər birimiz müharibəyə hazır olmalıyıq və düşünürəm ki, bu mövzunu diqqətdə saxlamaqla vətənpərvərlik ruhunun güclənməsinə imkan yaratmış oluruq. Vuruşmaq, döyüşmək gücə bağlı deyil, ürəyə bağlıdır. Mən bir daha müsabiqəyə təqdim olunan yazılarla tanış olarkən bunun şahidi oldum. Həttə müsabiqənin tələblərinə cavab verməyən yazılarda da bu hiss açıq-aydın görünürdü".

S.Vəliyeva Milli Qəhrəman Mübariz İbrahimovun müdrik gənc olduğunu və onun vətənpərvərliyinin ilahi sirrlə bağlılığını vurğuladı: "Hansısa cavan bir insanın gənc arzularından, istəklərindən vaz keçərək özünü vətən yolunda ölümə atması həqiqətən müqəddəslikdir və düşünürəm ki, həmin şəxs elə göndərilən şəxsdir.

Mən çox istərdim ki, bir daha şəhidimiz olmasın və qəhrəmanlarımız elə sağ ikən o zirvələri fəth etsinlər. İnanıram ki, Mübariz İbrahimov kimi şəhidlərimizin vətən sevgisindən qidalanıb torpaqlarımızı azad edəcək gənclərimiz bu arzumuzu reallaşdıracaqlar".

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə müharibə şəraitində medianın üzərinə düşən vəzifələrdən danışdı: "Tarixi təcrübə göstərir ki, müharibə və iğtişaşlar dövründə media üzərinə daha bir missiya götürür və bu missiya əsasən vətənpərvərlik mövzusuna köklənir. "Kaspi" qəzetinin bu ideyası həqiqətən nümunəvi bir addımdır və buna görə təşkilatçılara minnətdaram. Gələcəkdə bu müsabiqənin ölkə hüdudlarından çıxaraq beynəlxalq müsabiqəyə çevrilməyini istərdim". Tədbirdə çıxış edən KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, millət vəkili Musa Qasımlı və digərləri çıxışlarında vətənpərvərlik mövzusunun ölkə mətbuatında aktual olduğunu dedilər.

Münsiflər Heyəti adından çıxış edən Yunus Oğuz isə müsabiqənin tam obyektiv şəraitdə keçirildiyini, bu cür müsabiqələrin davamlı olmasının vacibliyini vurğuladı.

Tədbirin sonunda qaliblərin adları açıqlandı, onlara diplom və pul mükafatları təqdim olundu.

Beləliklə, müsabiqədə ilk üç yer üzrə qalib gələn yazılar bunlardır:

Hafiz Mirzənin "Qeyrət" hekayəsi;

Zəkurə Quliyevanın "Ermənilərə tarix dərsi" məqaləsi;

Valeh Məhərrəmlinin "Hünər" poeması.

Xüsusi mükafat alanlar:

Oqtay Qorçu "Torpaq üstə, yarpaq üstə, göz üstə" hekayəsi;

İmdad Məmmədli "Qarabağ havaları" şeir;

Mustafa Kəmərli "Mübariz" povesti;

Yusif Kərimov "Təmas xəttində məktublar";

Rahilə Elçin "Milli qəhrəmanın vətən qururu".

Həvəsləndirici mükafat alanlar:

Nigar Vaqifqızı, "Soruşma vətən sənin üçün nə edib" məqaləsi;

Balayar Sadıq, "Hünər simfoniyası" poeması;

Fərid Hüseyn, "Müqəddəs adam haqqında yeddi tezis" məqaləsi;

Rizvan Nəsiboğlu, "Təpədən dırnağa qədər Vətəndir;

Mirdamət Əziz, "Gedək Mübarizin arxasınca biz" şeiri.

 

Fəxri fərman:

Aygül Rəhim, "Azadlıq" hekayəsi (Bakı məktəb liseyi).

 

Qeyd edək ki, müsabiqənin münsiflər heyəti "Kaspi" qəzetinin təsisçisi, şairə, filologiya elmləri namizədi Sona Vəliyeva, xalq şairi Fikrət Qoca, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz və digərlərindən ibarət olub.

  

  

Naibə

 

Həftə içi.- 2011.- 11 fevral.- S. 1, 5.