Yarıməsrlik ticarət mərkəzi

 

"Mərkəzi Univermaq"ın 50 yaşı tamam oldu

 

Azərbaycanda müxtəlif sahələr üzrə böyük təcrübələrə malik, illərin zəhməti ilə formalaşan bir çox ticarət mərkəzi mövcuddur. Amma bu mərkəzlərin içərisində dünyada tanınan, marka olaraq qəbul edilən mərkəzləri barmaqla saymaq olar. Dünya markasına çevrilən ticarət mərkəzlərindən biri artıq 50 illiyi qeyd olunan, hər birimizin "MUM" kimi tanıdığımız " Mərkəzi Univermaq" ASC-dir.

Bu ticarət mərkəzi düz 50 ildir həm paytaxt sakinlərinin, həm də ölkəmizə gələn qonaqların ilk ziyarət etdiyi və alış-veriş həyata keçirdiyi bir məkana çevrilib. Dünyanın öndə gələn aparıcı firmaları məhz bu mərkəzlə əməkdaşlıq edirlər. Çünki onlar "MUM"da gedən ticari prosesdən məlumatlıdırlar, eyni zamanda "Mərkəzi Univermaq"ın rəhbərliyində təmsil olunan insanların səmimi münasibətini gözəl bilirlər. Elə bütün bu dediklərimizin səbəbidir ki, dünyanın öndəgedən firmaları istehsal etdikləri məhsulların "Mərkəzi Univermaq"da satışa çıxarılması üçün rəqabət aparmaqdan belə çəkinmirlər.

Bakının mərkəzində 1961-ci ildən fəaliyyət göstərən "Mərkəzi Univermaq" bir neçə onillik ərzində nəinki Azərbaycan, həmçinin Qafqazın və Orta Asiyanın ən iri ticarət mərkəzlərindən biri olmaqla müştərilərinin böyük etibarını və rəğbətini qazanıb.

"Mərkəzi Univermaq"ın İdarə Heyətinin sədri Sabir Abdullayev yubiley öncəsi bizimlə söhbətində bildirdi ki, bu univermağın hüquqi varisi olan "Mərkəzi Univermaq" ASC ticarətdə yeni imkanlar arayaraq geniş xidmət spektrı yaradıb, daxili imkanlardan və potensialından maksimum istifadə edib, dövlət tərəfindən qarşıya qoyulan öhdəliklərini yerinə yetirə bilib: "Mərkəzi Univermaq" ASC beynəlxalq aləmdə də tanınır, dünyanın sayılıb-seçilən, bir markaya çevrilən müəssisələri cərgəsində layiqli yer tutur. Bu səbəbdən mərkəzimiz beynəlxalq assosiasiyaların, biznes mərkəzlərinin və menecment klublarının yüksək mükafatlarına layiq görülüb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikada həyata keçirilən mütərəqqi iqtisadi, sosial islahatlar və sahibkarlığa göstərilən qayğı "Mərkəzi Univermaq" ASC-nin işçi kollektivi üçün əhəmiyyətli şəkildə imkan yaradıb. "Mərkəzi Univermaq" ASC gələcəkdə də Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə öz töhfəsini verəcək".

14 fevral 2011-ci il bu ticarət mərkəzinin yaradılmasının və fəaliyyətinin 50 illik yubileyinin keçirildiyi gün kimi tarixə düşdü. 50 ildir "MUM"un kollektivi özlərinin sevgi və nəvazişləri, insanlara göstərdikləri yüksək səviyyəli xidmətləri ilə alıcıların sevgisini qazanıb.

İnsanlara bəxş edilən sevginin nəticəsidir ki, haqqında söhbət açdığımız ticarət mərkəzi 50 illik şərəfli bir tarixi yol keçə bilib. Sevgi verə bildikləri üçün həm Bakı sakinləri, həm də qonaqlar üçün sevimli ünvana çevriliblər.

Biz də "Həftə içi" qəzeti olaraq, "Mərkəzi Univermaq" ASC-nin kollektivini, başda rəhbərlik olmaqla, təbrik edirik. Gün o gün olsun ki, "Mərkəzi Univermaq" dünyanın bir çox paytaxtında özünün törəmə mərkəzlərini yaratsın.

Bütün sevgilər, yubileylər, mükafatlar sizin olsun.

50 illik yubileyiniz mübarək!

 

 

Həftə içi.- 2011.- 15 fevral.- S. 2.