"Dağlıq Qarabağ münaqişəsi bütün Avropaya təhlükədir"

 

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov avropalıları xəbərdar etdi

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu Avropa təhlükəsizliyi üçün təhdiddir. Trend-in Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Torun şəhərində təşkil edilmiş Beynəlxalq İqtisadi Forumda çıxışı zamanı deyib.

Səfir vurğulayıb ki, Ermənistan Azərbaycan torpaqlarını hələ də işğal altında saxlayır və danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutur.

"Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstəyin bəziləri tərəfindən açıq şəkildə bəyan olunmaması onunla nəticələnir ki, Avropadan olan alim və jurnalistlər Azərbaycanın ərazi bütövlüyünü pozan yazılar yazır və hətta Avropa Parlamenti deputatları işğal altında olan Dağlıq Qarabağa Ermənistandan keçməklə etdikləri səfərləri normal hesab edirlər. Bu cür yazı və səfərlər Azərbaycan Respublikası üçün qəbuledilməzdir və ölkəmizin haqlı qınağına səbəb olur", - Həsənov əlavə edib.

Səfir Həsənov qeyd edib ki, Azərbaycan Avropa İttifaqı, onun digər müvafiq strukturları və Aİ-yə üzv olan ölkələrlə əməkdaşlıq edir.

O bildirib ki, Azərbaycan qanunlarının Avropa standartlarına uyğunlaşdırılması üçün müvafiq Avropa strukturları, o cümlədən Venesiya Komissiyası ilə uğurlu əməkdaşlıq aparılır. Həsənov Azərbaycanın Avropa üçün önəmindən də danışıb. "Azərbaycan öz nefti və qazı ilə Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Ölkəmizdə Aİ-yə inteqrasiya məsələsinə xüsusi önəm verilir, bu baxımdan gələcəkdə vizasız rejimə keçid və açıq bazarlar haqqında düşünülür", - o bildirib. Polşanın Torun şəhərində 3-4 fevral tarixində XVIII İqtisadi Forum təşkil edilib. Artıq 18 ildir ki, hər il təşkil edilən Torun Beynəlxalq İqtisadi Forumu zamanı müxtəlif sahələr üzrə geniş müzakirələr aparılır.

 

 

Həftə içi.- 2011.- 17 fevral.- S. 1-2.