Millət vəkilləri korrupsiyadan danışdılar

 

Milli Məclisin yaz sessiyasının növbəti iclası öz işinə başladı

 

İclasda ilk növbədə cari məsələlər müzakirə olunub. Cari məsələlər zamanı millət vəkilləri ölkədə korrupsiya ilə bağlı aparılan mübarizə tədbirlərinə toxunublar. Məsələ ilə bağlı ilk çıxış edən millət vəkili Asim Mollazadə bildirib ki, Milli Məclis də korrupsiya ilə bağlı mübarizədə sistemli islahatlar həyata keçirilməsinə öz töhfəsini verə bilər .Onun sözlərinə görə, ölkədə təhsil sistemində də islahatlar həyata keçirilməli, müvafiq qanunvericilik bazası yaradılmalıdır: " Biz ötən parlamentdə Təhsil haqqında qanunu qəbul etdik. Buna baxmayaraq ölkədə ali təhsil və orta peşə təhsili ilə bağlı islahatlar keçirməyə ehtiyac var. Bu gün Azərbaycan müəlliminin məvacibi onun cəmiyyətdə ki, hörmətini təmin edə bilmir. Hələ də Sovet sistemindən bizə miras qalan müəllimlərin aşağı əmək haqqı imkan vermir ki, yüksək peşəkar səviyyəyə malik olan insanları məktəb sisteminə cəlb edə bilək. Zənnimcə tezliklə biz orta təhsil ilə bağlı müvafiq qanun qəbul etməliyik ki bu sahədə ciddi islahatlar həyata keçirilsin. Bu istiqamətdə parlamentdə ciddi işlər görülməlidir. Eləcə də səhiyyə sistemində. Belə çıxır ki, Azərbaycan həkimlərinin hamısı rüşvətxordur? Belə deyil axı. Azərbaycan tibbi sığorta sistemindən bəhrələnə bilmir.

Mənə elə gəlir ki, sığortanın səhiyyə sistemində mövcudluğu üçün Milli Məclis öz töhfəsini verməlidir. Qanunvericilikdə zəruri islahatlar həyata keçirə bilsək onda korrupsiya ilə bağlı aparılan mübarizə çox ciddi nəticə verə bilər".

Millət vəkili İqbal Ağazadə isə vurğuladı ki, bununla da cəmiyyət bu işin kompaniya xarakterli olmadığını və bunun doğrudan da cəmiyyətdə demokratikləşməyə, korrupsiya və rüşvətxorluğun azaldılmasına və bütövlükdə neqativ halların aradan qaldırılmasına xidmət etdiyinə əmin olmalıdır: "Bilirsiniz ki, komissiyanın tərkibində cəmiyyətin müxtəlif sferalarından nümayəndələr var, lakin çox təəssüf ki, orada parlamentdəki müxalifətin, o cümlədən də ictimai-siyasi təşkilatların və QHT-lərin nümayəndələri yoxdur. Hesab edirəm ki, ictimai nəzarət mexanizmi bu tərkibdə daha effektli ola bilər".

Daha sonra mövzu ilə bağlı söz alan millət vəkili Fazil Mustafa da bu təkliflə razılaşdı. "Korrupsiya ilə mübarizə sahəsində atılan addımlar və prezidentin çıxışları əhali tərəfindən müsbət qarşılanır". Bu sözləri isə millət vəkili Qüdrət Həsənquliyev bildirdi. Millət vəkilinin sözlərinə görə, MM-də bu sahədə fəaliyyət göstərən dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə müzakirənin aparılmasına da ehtiyac var. Q.Həsənquliyev, həmçinin vəkil Osman Kazımovun Vəkillər Kollegiyasının üzvlüyündən kənarlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə də danışdı. O, spikerdən tanınmış vəkilin hüquqlarının müdafiəsinə kömək etməyi xahiş etdi. Millət vəkili Qənirə Paşayeva da çıxış etdi. O, sonradan dünyasını dəyişmiş müharibə əlillərinin ailələrinin mənzillə təmin olunması ilə bağlı müvafiq qanunvericiliyə əlavələrin gələn həftə Sosial Siyasət komitəsinin iclasında müzakirə olunacağını vurğuladı. Deputat, şəhid övladlarının imtiyazlarından 18 yaşından sonra da istifadə etmə imkanlarının artırılmasının vacibliyini, bununla bağlı qanunvericiliyə dəyişikliklərin edilməsini təklif etdi.

Millət vəkili Fərəc Quliyev Milli Məclisdə Qarabağla bağlı qapalı dinləmələrin keçirilməsini təklif etdi.

Sabir Rüstəmxanlı isə qeyd etdi ki, BMT-nin Bakıdakı nümayəndəliyi İrandan gələn azərbaycanlılara qarşı süni maneələr yaradır. İrandan gələn azərbaycanlılar burada problemlərlə üzləşirlər.

Spiker Oqtay Əsədov isə dedi ki, dövlət başçısı ölkədə islahatların keçirilməsi barədə fikirlərini açıqlayıb və bu sahədə islahatlar davam etdiriləcək.

 

 

Nahid Canbaxışlı

 

Həftə içi.- 2011.- 12-14 fevral.- S. 1, 6.