Küçə uşaqlarının hüquqlarını necə qorumalı?

 

Kəmalə Ağazadə: "Onlarla maarifləndirmə işi gücləndirilməlidir"

 

Bu gün ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların cəmiyyətdə özlərinə layiq yer tuta bilmələri istiqamətində demək olar ki, çox iş görülür. Bunlar da hər dəfə kütləvi informasiya vasitələrində əksini tapır. Lakin hələ də insanlarımızın dilində "küçə uşaqları" deyimi qalır.

Bu cür adlandırılan, elə bu cəmiyyətin övladları olan həmin uşaqlar küçələrdə dolaşır. Onları bizdən ayıran amil də ağrılıdır: evsiz-eşiksizdirlər, valideyn qayğısından, valideyn sevgisindən məhrumdurlar. Görəsən, nə vaxtsa küçələrdə salfetka satan, təkər qaraldan, dilənən zavallı uşaqları görmədən gedə biləcəyikmi?!

Təəssüf ki, hələlik bu suala biz birmənalı cavab verə bilmirik. Ancaq bu yöndə çalışan rəsmi qurumlarla yanaşı, konkret işlər görən QHT-lər də var. Onlardan biri də Azərbaycan Uşaqlar Birliyidir. Birliyin sədri Kəmalə Ağazadə ilə söhbətimizdə kimsəsiz uşaqların qaranlıq talelərinə işıq salmağa çalışdıq.

- Kəmalə xanım, son zamanlar bəzi aidiyyəti qurumlar küçə uşaqlarının azaldığını deyir. Ancaq biz müşahidələrimiz zamanı fərqli situasiyanın şahidi oluruq. Paytaxtda hər addımda küçə uşaqlarına rast gəlinir. Rəsmi açıqlamanı bölüşürsünüzmü?

- Ümumiyyətlə, bu gün Azərbaycanda küçə uşaqları dedikdə, valideyn himayəsi olmayan, evi olmayan uşaqlar nəzərdə tutulur. Amma bu bizdə bir qədər fərqlidir. Belə ki, onlar valideyn nəzarətindən kənarda qalan, valideyn məsuliyyətsizliyi ucbatından küçələrə düşən uşaqlardır. Onların küçələrdə çox görünməsi isə mövsümlə əlaqəlidir. Hansı ki, qışda soyuq olduğundan daha çox daldalanacaqlara çəkilirlər. Yayda isə onları küçələrdə daha çox görmək olur. Bu uşaqların azalmasına gəlincə, mən öz təşkilatımızın adından deyə bilərəm ki, bəlkə də biz sırf küçə uşaqlarının problemləri ilə məşğul olan yeganə təşkilatıq. Belə ki, onların küçəyə düşmələrinin səbəblərini araşdırırıq, onları təhsilə cəlb edirik, sənədlərinin düzəlməsinə kömək edirik, əgər ailə münaqişəsi nəticəsində küçələrə düşübsə, onların ailələrini tapırıq. Ümumilikdə isə onların azalması üçün profilaktik tədbirlər həyata keçiririk.

- Hazırda həmin uşaqlarla bağlı ən böyük problem dedikdə nə nəzərdə tutulur?

- Onların əsas problemləri şəxsiyyəti təsdiqləyən doğum şəhadətnamələrinin olmaması, təhsildən yayınmaları, həmçinin ailə münaqişəsi zəminində küçəyə düşən uşaqlarda pis vərdişlərə qurşanmaq kimi hallar da çox müşahidə olunur. Lakin biz QHT olaraq təbii ki, bu problemlərin aradan qaldırılması istiqamətində Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq quraraq xeyli iş görürük ki, problemlər öz müsbət həllini tapsın.

- Bildiyimizə görə, onların əksəriyyəti bölgələrdən gələndir, bu, belədirmi? Belədirsə, səbəb nədir?

- Bunun ən başlıca səbəblərindən biri odur ki, paytaxt olduğuna görə ailədaxili münaqişə zəminində bəzi problemlər yaşayan qadınlar uşaqlarını da götürüb Bakıya üz tuturlar. Onlar elə düşünürlər ki, bütün problemlərin həlli elə buradadır. Amma təbii ki, vəziyyət onların düşündüyü qədər sadə olmur. Belə ki, qalmağa yer tapa bilmədiklərinə görə əksər valideynin uşağı küçəyə düşür. Bu səbəbdən də xeyli maarifləndirmə tədbirləri aparılmalıdır ki, onlar hüquqlarını bilsinlər. Məsələn, ünvanlı sosial yardım almaq üçün hara müraciət olunmalıdır, onlara qarşı zorakılıq halları baş verərkən nə etməlidirlər, bu kimi məsələlərdə məlumatlı olsunlar.

- Monitorinq aparmısınızmı, bu uşaqlar daha çox hansı bölgələrdən gəlirlər?

- Ümumilikdə götürəndə, demək olar ki, bütün bölgələrdən var. Şimal və Cənub bölgələrindən gələnlərin sayı isə çoxluq təşkil edir. Əslində Qərb bölgəsindən gələnlər də az deyil, ona görə də ümumi deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikasından başqa, bütün bölgələrdən gələnlər çoxluq təşkil edir.

- Hazırda təxminən nə qədər uşaqla işləyirsiniz?

- 2005-ci ilin dekabrından 2010-cu ilin dekabrına qədər təşkilatımızda 1002 uşaq qeydiyyatdan keçib. Amma bu o demək deyil ki, onların hamısı küçə uşağıdır. Çünki onların arasında elələri var ki, ailədə münaqişə nəticəsində evdən qaçıblar. Buna görə də biz onların ailələrini tapıb geri qaytarmağa çalışırıq. Bundan başqa, küçədə yaşayan, təhsildən, müəyyən biliklərdən xəbərsiz olan uşaqları təşkilata cəlb edərək onların maarifləndirilməsi istiqamətində işlər görürük, məsələn, insan alverinə qarşı, narkomaniyaya qarşı mübarizə istiqamətində onları bilgiləndiririk.

- Küçə uşaqlarının arasında internatdan çıxanlar da az deyil. Rəsmi qurumların belə təklifi var ki, internatlar ləğv edilsin. Sizcə, belə bir addım problemin çözülməsi yönündə müsbət verə bilər?

- Təbii ki, bu proses tam şəkildə öz əksini tapmazdan əvvəl xeyli tədbir görülməlidir. Bu o qədər də asan iş deyil. Çünki burada uşaqların gələcək taleyindən söz gedir. Əgər həmin uşaqların veriləcəyi ailələr arasında müəyyən maarifləndirmə tədbirləri görülməzsə, proses, təbii ki, öz müsbət həllini tapa bilməz. Onu da deyim ki, bu məsələ hələ uzun müddət davam edəcək, mənə elə gəlir ki, biz buna tam hazır deyilik.

- Uşaqların problemlərinin həlli ilə məşğul olarkən xarici ölkələrin təcrübəsindən istifadə edirsinizmi? Ümumiyyətlə, Avropa ölkələrində bu problem necə yoluna qoyulur?

- Əlbəttə, istifadə edirik. Bu yaxınlarda Astanada kiçik plenar iclaslar keçirilirdi, biz də orada iştirak etdik. Albaniyanın, Makedoniyanın təcrübələri ilə tanış olduq. Təbii ki, gördüyümüz bu modelləri öz işimizdə də tətbiq edərək onlardan yararlanmağa çalışırıq. Həmçinin Azərbaycandakı beynəlxalq təşkilatlarla da əməkdaşlıq edirik. Bunlar Beynəlxalq Miqrasiya Təşkilatı, Açıq Cəmiyyət İnstitutu, Qlobal Fonddur. O ki qaldı Avropa ölkələrinə, orada uşaqlarla işləyən komitələrin əməkdaşlarının sayı çoxdur. Ona görə də bu istiqamətdə tədbirlər də geniş miqyasda həyata keçirilir.

- Hazırda hansı işlə məşğulsunuz?

- Hazırda təşkilatımız 2 layihə həyata keçirir. Yüksək risk qrupuna daxil olan uşaqlar arasında HİV profilaktikası, tibbi müayinələrin təşkili, eyni zamanda psixoloji, hüquqi, tibbi yardımların göstərilməsi. Digər layihə regional layihədir ki, bu, Gürcüstan, Azərbaycan QHT-lərinin birgə hazırladığı baxımsız uşaqların yerinin təşkili, metodiki vəsait, əmək bacarığı olanların vəsaitinin hazırlanmasıdır. Eyni zamanda 3-cü bir layihə gözlənilir ki, bu da həssas qrupa daxil olan uşaqların asudə vaxtının səmərəli keçirilməsi üçün tədbirlər, onların baxımsız şəraitə düşmək səbəblərinin araşdırılması və onlar üçün yay düşərgəsinin təşkilidir. Nəzərinizə çatdırım ki, birinci layihə Açıq Cəmiyyət İnstitutu və Qlobal Fondun Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilir. Yay düşərgələrinin təşkili Açıq Cəmiyyət İnstitutu tərəfindən "Şərq-Şərq" proqramı çərçivəsində bərabərlik alyansı olaraq həyata keçirilir. "Gürcüstan Azərbaycan regional layihəsi" isə Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisi tərəfindən maliyyələşdirilir.

- Sizcə, nə vaxtsa ölkəmizdə küçə uşaqlarına, ümumiyyətlə, rast gəlməmək olacaqmı?..

- Hətta inkişaf etmiş ölkələrdə belə bu problem var və hələ də qalmaqdadır. Ona görə də bu istiqamətdə bütün dünya ölkələri xeyli tədbir görür. Elə ölkələr var ki, bu sahədə artıq inkişaf edib, elələri də var ki, inkişaf etməkdədir. Problemin tamamən aradan qaldırılmasına gəlincə isə bu, mənim ən böyük istəklərimdən biridir. İnanıram ki, cəmiyyətin də köməyi sayəsində bir gün bu problem tamamilə aradan qaldırılacaq.

  

 

Sevda

 

Həftə içi.- 2011.- 18 fevral.- S. 6.