Bu gün Su çərşənbəsidir

 

Novruz çərşənbələrini layiqincə qarşılamaq lazımdır

 

Hər bir xalqın tarixində müxtəlif bayramlar, el şənlikləri olub. Onlardan bəziləri xalqa yad ideologiya ilə bağlı olduğundan zaman keçdikcə unudularaq yaddaşlardan silinib. Yalnız o bayramlar əsrlərin sınağından keçir ki, onların əsasında humanist milli və bəşəri ideyalar durur. Xalqımızın qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi belə bayramlardan biri Novruz bayramıdır. Bu bayram yeni ilin başlanğıcı hesab olunur və bolluq, bərəkət, firavanlığın əzəli rəmzi kimi məna daşıyır.

Televiziya işçisi, pedaqoq Yusif Günaydın da Novruz bayramının tarix boyu müxtəlif təhriflərə, təqib və yasaqlara məruz qaldığını deyir: "Ötən əsrin 30-cu illərində Novruz ənənələrini nəinki xalqın məişətindən, etnik şüurundan belə, silmək məqsədilə sovet hakimiyyəti müxtəlif tədbirlərə əl atırdı. Bu məqsədlə rayon partiya komitələri tərəfindən beynəlmiləl tərkibli xüsusi komissiyalar yaradılırdı ki, belə komissiyaların da vəzifəsi bayramqabağı əhali arasında Novruzun keçmişin qalığı kimi mövhumat mücəssiməsi olduğu və yeni sovet adamının mənəvi-əxlaqi simasına heç cür yaraşmadığı yöndə təbliğat aparmaq idi. Əsasən ermənilər və rusların öncül mövqe tutduğu bu komissiyalar təkcə təbliğat aparmaqla öz missiyalarını bitmiş hesab etmirdi. Bayram axşamı bütün kəndi qapı-qapı gəzib, süfrəsində şam yandıran, ocağında plov bişirilən evlərin sahiblərini qeydiyyata alıb, cəzalandırmaq üçün onların adlarını raykoma ötürərdilər".

Y.Günaydının sözlərinə görə, ötən əsrin 60-cı illərinin sonunda mərhum Şıxəli Qurbanovun səyləri ilə bərpa olunan xalqımızın sevimli bayramı müstəqillik dövründə tam bəraət qazansa da, çağdaş toplumda, özəlliklə də gənclərimiz arasında bu qədim bayramın mənşəyi, onun ictimai məzmunu, tarixi-fəlsəfi kökləri haqda dolğun təsəvvür və dərin məlumat yoxdur. Pedaqoq bu bayramın genezisi, onun tarixi mənşəyini belə izah edir: "Martın 22-nin gecə ilə gündüzün tənləşdiyi qutsal bir gün kimi etiqadlandırılması eramızdan əvvəl III minilliyə bağlanır. Yazın bu xoş günündə çevrədə işığın və hərarətin artması, suların axışması, torpağın oyanması, yəni tarla işləri və əkinçilik üçün münbit şəraitin meydana çıxması bu günün, yəni martın 22-nin özünəməxsus bir kultunun yaranmasına səbəb olub".

Amma hələ bayramı qarşılayana qədər insana, təbiətə həyat verən 4 ünsürün - Su, Od, Yel və Torpağın adı ilə bağlı çərşənbələri qeyd etməliyik. Bunun üçün də hər çərşənbəni özünəməxsus adətləri ilə qarşılamalıyıq. Ələlxüsus da bu cür adətlərimizin sıradan çıxdığı və unudulduğu bir zamanda hər il bunları təkrarlamağa ehtiyac duyulur. Novruz şənlikləri təzə ilin başlanmasına, yəni martın 21-nə dörd həftə qalmış keçirilməyə başlayır. Bu aya "boz ay" da deyirlər. Həmin ayın hər çərşənbəsi təbiətin bir ünsürü ilə əlaqələndirilib və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələr yaranıb. Qeyd edək ki, hələ yazın gəlişinə bir neçə gün qalmış bayrama ciddi tədarük görülür və hamı yazı layiqincə qarşılamağa çalışır. Çünki inanca görə, yeni ili necə qarşılasan, eləcə də yola salarsan.

Çərşənbələrin hərəsinin bir ünsürlə bağlı olması təsadüfi deyil. Əski inamlara görə, bu çərşənbələrin hər birində təbiətin 4 ünsüründən biri "dirilib". Çünki yazın gəlişi məhz bu 4 ünsürlə - Su, Od, Yel, Torpaqla bağlıdır. Bu gün isə Su çərşənbəsidir və bu günün özünəməxsus qaydaları var. Digər Novruz çərşənbələri də daxil olmaqla Su çərşənbəsində öncə tonqal yandırmaq lazımdır. Bundan əlavə, xalqın inancına görə, Su çərşənbəsində süfrəyə su qoymaq lazımdır. Qədim xalq adətlərinə görə, bu gün evdən özgəyə su vermək yaxşı əlamət sayılmır. Yeri gəlmişkən, Novruz çərşənbələrində evdən bərəkət sayılan nemətlər - duz, od, çörək, su vermək olmaz. İnanca görə, kimsə Su çərşənbəsində diləyini axar suya deyərsə, niyyəti hasil olar.

Bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçərək azar-bezarını ona verənlər ilboyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu inanclar, fallar, türkəçarələr, bayatılar var. Məsələn, süfrəyə suyun dağılması aydınlıqdır, yaxud "lal axan sudan keçməzlər" kimi deyimlər indi çoxları üçün aktualdır. Daha bir adətə görə isə Su çərşənbəsinin səhəri alaqaranlıqda bulaq başına gedib gördüyün yuxunu suya danışmaq lazımdır. Bundan başqa, həmin gün bulaq başına gedərək orada yuyunmaq əlaməti ilboyu sağlam olmağa işarədir. Bulaq başında tonqal qalamaq da bu günün adətlərindəndir. Xatırladaq ki, bütün Novruz çərşənbələrində evlərdə artımlı yeməklər - tərkibində düyü, noxud, buğda, yarma və sair kimi bişirəndə artan, çoxalan məhsullardan istifadə etmək lazımdır. Bu el arasında bərəkətə, bolluğa işarədir.

Folklorşünaslar gecə ilə gündüzün tarazlaşdığı bir ərəfədə həyatda hər şeyin yaxşılığa doğru dəyişdiyinə, həmrəylik və dostluğun yaradılmasına, küsülülərin mütləq barışmasına xalqın inandığını söyləyir, bunun həm də insanların həyat səviyyəsinə müsbət təsir göstərdiyini deyirlər.

  

 

Naibə

 

Həftə içi.- 2011.- 22 fevral.- S. 7.