"Bölgədə Dağlıq Qarabağdan vacib məsələ yoxdur"

 

"Regionda sülhün bərqərar olması baxımından Dağlıq Qarabağ münaqişəsinin həllindən daha vacib məsələ yoxdur", - bu fikirləri dünən jurnalistlərin suallarını cavablandıran ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza səsləndirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həll olunması Azərbaycan xalqına və ümumilikdə regionda yaşayan insanlara stabillik gətirəcək.

Diplomat vurğulayıb ki, ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberqin Azərbaycana səfərində bu məsələ diqqət mərkəzində olacaq. Səfir korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərə də münasibətini açıqlayıb. "Biz ümidvarıq ki, Azərbaycanda bu yaxınlarda təşəbbüs göstərilən korrupsiyaya qarşı mübarizə tədbirləri daha da genişlənəcək və davam edəcək", - deyə Brayza vurğulayıb. M.Brayza ABŞ-ın davam edən dinamik inkişafı daha da artırmaq üçün Azərbaycana kömək etməyə hazır olduğunu bəyan edib. Qeyd edək ki, dünən Azərbaycan-Amerika Ticarət Palatasının iclası keçirilib. Tədbirdə çıxış edən Brayza deyib ki, iclas zamanı təkcə ölkələr arsında enerji sahəsindəki münasibət məsələləri deyil, həm də digər sahələrdə əməkdaşlığın geniş spektri müzakirə olunacaq. "Başlıca məqsədimiz hər bir Azərbaycan vətəndaşının ölkənin dinamik və davamlı inkişafından maksimum istifadə edə bilməsidir", - səfir bildirib. Brayzanın sözlərinə görə, özəl şirkətlərlə dialoqda əsas məqsəd onların iqtisadi inkişafdan maksimum istifadə edə bilmələri üçün yardım göstərilməsi, eləcə də Azərbaycan hökumətilə ölkə əhalisinin firavanlığının yüksəldilməsi sahəsində əməkdaşlığın müzakirə olunmasıdır.

  

 

Azad

 

Həftə içi.- 2011.- 25 fevral.- S. 2.