Qafqazı birləşdirmək ideyası həmişə olub

 

Musa Qasımlı: "Münaqişələr həllini tapmadan "Qafqaz evi"nin yaradılması mümkün deyil"

 

Bu günlərdə Gürcüstan prezidenti Mixail Saakaşvili Tbilisidə səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşdə bildirdi ki, Cənubi Qafqazda sülh və əminamanlığı gücləndirməyin yeganə yolu bölgə ölkələrini bir bayraq altında birləşdirməkdir. Buna görə də təklif verib ki, Gürcüstan, Azərbaycan və Ermənistanın iştirakı ilə "Qafqaz evi" yaradılsın.

Əlbəttə, onun fikrincə, bu ideya reallaşarkən İran və Rusiya prosesdən tam kənar saxlanılmalıdır. Səbəb kimi isə həmin dövlətlərin tarixən Qafqaz torpaqlarına iddialı olmasını, eləcə də həmişə bu niyyətlərini həyata keçirmək üçün birgə hərəkət etdiklərini göstərib. Təbii ki, Davudoğlu da onun ilk baxımdan əla görünən təklifini dəstəkləyib, amma bunun həyata keçməsi üçün bölgə ölkələrinin razılıq verməsini əsas sayıb. Bəs bölgə ölkələri bu təklifə necə yanaşacaq, ümumiyyətlə, belə bir ideyanı reallaşdırmaq mümkündürmü?

Əvvəla, xatırladaq ki, son yarım il ərzində Gürcüstanın müxtəlif rəsmiləri, xüsusən də inteqrasiya naziri buna bənzər təkliflər səsləndirmişdi. Daha konkret desək, Gürcüstanla Azərbaycanın vahid konfederasiyada birləşməsi təklif edilirdi. İndi isə Ermənistanın da bura daxil olunması məsələnin mahiyyətini bir qədər də dərinləşdirir. Yeri gəlmişkən, xatırladaq ki, hələ ötən əsrin əvvəllərində Qafqaz Seymi yaradılmışdı və indiki üç Qafqaz respublikası həmin qurumda konfederativ əsaslarla birləşmişdi. Hansı ki, sonradan qurum parçalandı və ardıyla da, məlum olduğu kimi, Rusiya tərəfindən işğal olundular.

Tarixçi professor, millət vəkili Musa Qasımlı da bildirdi ki, "Qafqaz evi" ideyası 1918 - 1920-ci illərdə də olub, amma Ermənistanın təcavüzkar siyasətinə görə reallaşmayıb. Buna baxmayaraq, Qafqaz respublikaları bolşeviklər tərəfindən tutulandan sonra bölgədən xaricə mühacirət etmiş qafqazlılar arasında da xeyli müddət müzakirə mövzusu olub: "Hətta Qafqaz Konfederasiyasının yaradılması barədə saziş də imzalanmışdı. Ancaq sonrakı proseslər onun da həyata keçməsinə mane oldu. SSRİ dağılandan sonra bu ideya yenidən ortaya çıxdı", - deyən M.Qasımlı onu da əlavə etdi ki, bu illərdə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev və digər şəxslər də Qafqaz ölkələrinin hansısa birlik şəklində birləşməsinə dair təkliflər səsləndirdilər. Ona görə də müzakirə olan bu ideya Gürcüstan prezidentinin ünvanına yazılmamalıdır: "Azərbaycanın dövlət başçısı İlham Əliyevin Tbilisiyə səfəri zamanı Saakaşvili ona konfederasiya yaratmaq barədə arzusunu bildirmişdi. Özü də Saakaşvili bu təklifi irəli sürəndə ölkəsinin siyasi maraqlarını güdüb" - deyən millət vəkili onu da dedi ki, əslində bu ideya Avropa Birliyinə məxsusdur. Alimin sözünə görə, Avropa Birliyi viza rejiminin, gömrükdən keçidin, ümumiyyətlə, insanların sərbəst hərəkətinin asanlaşdırılmasını tələb edir. Ancaq burada da yeganə əngəl Ermənistanın qonşularından əsassız torpaq və digər sahələrdə iddialarıdır: "Ermənistan bu iddialarından əl çəkməlidir. Qondarma soyqırım tələblərinə görə Türkiyə ilə sərhədləri bağlıdır. O ki qaldı Azərbaycana, torpaqlarımızı işğal edən bir ölkə ilə sərhədləri necə aça bilərik? Bir milyon qaçqınımız illərdir öz dədə-baba torpaqlarından didərgin düşüb, Naxçıvan blokada vəziyyətində qalıb. Əgər Ermənistan tərəfi torpaqlarımızı azad etsə, qaçqınlarımız öz evlərinə qayıtsalar, ümumiyyətlə problemlər tam həll olunsa, yəqin ki, Azərbaycan da sərhədləri açar".

Maraqlıdır, lap hər üç Qafqaz respublikası hansısa formada birlik yaratmaq istəsələr, mərkəzi hökumətlərə tabe olmayan separatçı bölgələrin vəziyyəti necə olacaq? Bu həm Qarabağa, həm Abxaziyaya, həm də Cənubi Osetiyaya aiddir. Millət vəkili bildirdi ki, ümumiyyətlə, "Qafqaz evi"nin yaradılması elə sözügedən separatçıların alovlandırdığı münaqişələrin tam həllindən asılıdır.

Saakaşvilinin bu təşəbbüsü Rusiyalı və erməni politoloqlar tərəfindən də qiymətləndirilib. MDB Ölkələri İnstitutunun Ermənistan şöbəsinin rəhbəri Hrant Melik-Şahnazaryan bildirib ki, Gürcüstan prezidenti Qafqaz ölkələrini birləşdirmək istəyinə gəlməzdən əvvəl bölgənin siyasi vəziyyətini düşünməliydi. Onun qənaətincə, nə qədər ki, bölgədə Milli zəmində münaqişələr mövcuddur, Ermənistanla Azərbaycan müharibə vəziyyətindədirlər, Türkiyə sərhədləri açmayıb, "Qafqaz evi"nin yaradılması söhbətinə qayıtmaq gülməlidir. Onun fikrincə, Saakaşvili bu ideyanı ortaya atmaqla özünün və ölkəsinin maraqlarını güdüb, yəni siyasi xal qazanmaq istəyib. Rusiyalı ekspert Andrey Epifantsev isə "Analitika.ru"ya müsahibəsində daha maraqlı fikirlər səsləndirib. Bildirib ki, kimin deməsindən asılı olmayaraq "Qafqaz evi"nin yaradılması iki halda mümkün ola bilər: 1. Hər üç Qafqaz respublikası Rusiya Federasiyasına birləşdiyi təqdirdə, 2. SSRİ yenidən bərpa olunduğu halda. Çünki Şimali Qafqaz respublikaları Rusiyanın subyektləridir.

M.Qasımlı da təsdiqləyir ki, bəli, Şimali Qafqaz ölkələrinin Rusiyadan kənar Saakaşvilinin dediyi ideya ətrafında birləşməsi mümkün deyil. Amma tarixçi alim bu fikrində qalır ki, Qafqaz konfederasiyası məsələsi tarix boyu məhz Şimali Qafqaz xalqlarının nümayəndələri ilə birlikdə müzakirə olunub: "Boris Yeltsinin hakimiyyəti dövründə Kislovodsk ideyası irəli sürülürdü, yəni "Qafqaz dördlüyü" məsələsi gündəmə gəlmişdi. Burada üç Qafqaz respublikası və Rusiyanın əməkdaşlığından söhbət gedirdi. Amma o vaxt Azərbaycan rəhbərliyi bildirdi ki, əməkdaşlığa qarşı deyil, lakin əvvəlcə Ermənistan torpaqları azad etməli, münaqişələr həllini tapmalıdır. Buna görə həmin ideya da söz olaraq qaldı". Millət vəkili sonda onu da bildirdi ki, ümumiyyətlə, münaqişələr həllini tapmadan, Ermənistan qonşu ölkələrə qarşı əsassız iddialarından əl çəkməsə "Qafqaz evi"nin yaradılması mümkün deyil.

  

  

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2011.- 17 fevral.- S. 4.