Bu elin Əhməd adlı oğlu vardı

 

"Azərbaycan bayraqlı" şəhidin ölümündən 18 il ötür

 

Bizim kəndimiz Naxçıvanın ən aran kəndlərindən biridi. Yayda 40 dərəcə istidə daldalanmağa əvvəllər kölgə tapmaq olmurdu. Qışda da kömür peçinin kənarında islanmış corablarımızı qurudardıq. Amma bütün bunlarla yanaşı, nənələrimizin bizlərə danışdığı əfsanələr, nağıllar bizləri bu yayın istisində, qışın soyuğunda çəkdiyimiz çətinlikləri unutmağımıza ən böyük töhfə idi. Bəlkə bu nağılların, əfsanələrin verdiyi güc qüdrət idi ki, kəndimizin say-seçmə oğulları vətənə məhəbbət, ailəyə sədaqət ruhunda, qəhrəman, ləyaqətli türk kişisi kimi böyüyürdülər.

Elə Süliddin əmi ilə Firənginaz bibi övladlarını bu ruhda tərbiyə edən valideynlərdən idi. Odur ki, onların oğlu Əhməd vətənin keşiyində durmaq çiyinlərində alışıb-yanan ulduzları daşımaq istədi. O bunu bacardı ilk olaraq sənədlərini Cəmşid Naxçıvanski adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə verdi. Əhməd Mehbalıyev artıq hərbi sənətin sirlərini ulu öndərimiz Heydər Əliyevin Azərbaycana bəxş etdiyi bu ali hərbi məktəbdə alacaqdı. C.Naxçıvanski adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirdikdən sonra Əhməd hərbi sirlərə daha da yiyələnmək məqsədilə Kazan Ali Tank Qoşunları Məktəbinə daxil olur. O, oxuduğu illərdə daima SSRİ-nin ən ali hərbi məktəbinin komandirlərinin rəğbətini qazanır, öncül kursantlardan olur. Əhməd ailədə , məktəbdə , dostları arasında da hər zaman seçilən, az danışan kefiyyətə üstünlük verən biri idi.

Əhməd Suliddin oğlu Mehbaliyev 1968-ci il sentyabr ayının 1-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kəndində anadan olub. Gənclik baharının 25-ci ilində ruhunu elinə-obasına, vətəninə bağışladı, Azərbaycan uğrunda qəhrəmanlıq göstərərək şəhid oldu. Buna qədər o, Kiyevdə, Moskvada SSRİ-nin tank qoşunları diviziyalarında xidmət edirdi. Onun hərbidə yüksəlişi sürətlə gedirdi. Artıq adından-sanından xidmət etdiyi diviziyalarda daha çox bəhs olunurdu. Amma Əhməd bu ad-sanı, durmadan davam edən yüksəlişdən imtina etdi, ölkəsinə döndü. Çünki Azərbaycan alovlar içərisində idi. Dağlıq Qarabağda erməni yaraqlıları xalqımıza qarşı divan tuturdular. Qızlarımızın, gəlinlərimizin namusunun namərd qonşularımız tərəfindən ləkələnməsinə göz yummaq olmazdı. Əhməd durmadı o yad ellərdə, Azərbaycana qayıtdı. Onun özünəməxsus devizi vardı: "Vətəni darda olan kişi yad ellərdə yaşaya bilməz". Əhməd bir təcrübəli tankist kimi ilk döyüşə Şuşadan başladı. Şuşanın müdafiəsi uğrunda mərd qəhrəmancasına döyüşdü, düşməni Azərbaycanın yenilməz qalası Şuşaya buraxmadı. İstifadəsində olduğu tankı ilə hər dəfə düşmənin hərbi texnikasını sıradan çıxardanda, gözlərində yaranan göz yaşları sevincinin ən yüksək anı idi Əhmədin. Sonralar o, rota komandiri kimi Laçın, Qubadlı, Kəlbəcər, Tərtər... bölgələrində gedən ağır döyüşlərdə iştirak etdi. Vətənin hər qarış torpağını canından əziz bilən Əhməd Suliddin oğlu iki il düşmənlə üzbəüz dayanmaqdan qorxmadı. Amma sən saydığını say, gör fələk sayır. Əhməd bizim qəhrəman şəhid qardaşlarımız kimi ölümün üstünə dik getdi. 25 iyun 1993-cü il Əhmədin son döyüşü oldu. O, düşmənlə açıq döyüşdə qəhrəmancasına şəhid oldu.

Bu gün Əhmədin ailəsində onun Firənginaz adlı yeganə övladı böyüyür. O, anası Firənginaza o qədər bağlı idi ki, onun adını dünyaya gələn bircə balasına qoymuşdu. Son döyüşə getmədən öncə ailəsi ilə danışmışdı. "Firənginazın yanaqlarından öp" demişdi ömür-gün yoldaşına. 22 iyul 1989-cu il tarixdə ali hərbi məktəbi bitirdiyi üçün leytenant, 26 iyul 1991-ci il tarixdə baş leytenant rütbəsi alan Əhməd Mehbalıyev Azərbaycan Respublikası Prezidentinin 25 iyun 1994-cü il tarixli fərmanı ilə "Azərbaycan Bayrağı" ordeninə layiq görüldü (ölümündən sonra). Əhmədin komandirləri sonuncu döyüş haqqında danışan zaman gözlərində o döyüş səhnəsini anbaan yaşayırlar. Baş leytenant P.Mahmudov Əhmədin sonuncu döyüşü haqqında danışanda bunları dedi: "Bir il idi ki, birlikdə vuruşurduq. Çox komandirlər görmüşdüm, amma tank komandiri Əhməd Mehbalıyev kimi özünü odun-alovun içinə atanı görməmişdim. Elə bil ki, sıravi döyüşçü idi. Dəfələrlə çıxılmaz vəziyyətdə qalan taqımı səriştəsi bacarığı hesabına itkisiz xilas etmişdi. Heç vaxt özünü gözləmirdi. Elə o axırıncı döyüşdə kişi kimi döyüşdü. Ağır yaralansa da, döyüşdən çıxmırdı. Ağdamın Qızıllı-Kəngərli kəndindəki döyüşü daha ağır keçdi. Düşmən həddən artıq güclü texnika ilə hücuma keçmişdi. Əhməd idarə etdiyi tankla bir neçə saat bu hücumun qarşısını ala bilsə , özü barədə düşünmədi ... Sentyabr ayında 25 yaşı tamam olacaqdı, heyf igid bacarıqlı komandirlərimizi çox itirdik...".

Əhməd atasından sonra ağsaqqal bildiyi böyük qardaşı Səttarı da çox sevirdi. Onun məsləhətlərini hər zaman o qədər həssaslıqla dinləyirdi ki, nəyisə unudacağından qorxurdu. Səttar Mehbalıyev (Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili) Əhməd haqqında bunları deyib: "Qardaşım vətən uğrunda şəhid olmaqla özünün torpağa, vətənə, elə bağlı olduğunu göstərdi. Döyüşləri barədə bizə heç bir məlumat verməzdi. Hər dəfə evə dönəndə Şəhidlər Xiyabanına gedər, qərənfil dənizinə batmış məzarları ziyarət edər dərindən köks ötürərdi. Bir dəfə sanki pıçıltı ilə dediyi bir sözü zorla eşitdim. "Burada yatan şəhid balaların ruhu qarşısında sağ qalan hər birimiz borcluyuq. Onlar bizim yolumuzda şəhid olduqları kimi, biz tezliklə qələbə çalmalıyıq..." Elə bil ki, ürəyinə dammışdı".

Artıq 18 ildi ki, şəhidlik zirvəsi Əhmədi bizlərdən ayırıb. Bu ötən 18 il içərisində çox şeylər dəyişsə , çox təəssüflər olsun ki, biz hələ o torpaqlarda deyilik. Amma hər birimiz inanırıq ki, Ali baş komandan İlham Əliyevin əmri ilə Əhmədin neçə-neçə qəhrəman vətən oğlunun qisasını mütləq alacağıq. Ruhun şad olsun Azərbaycan zabiti!

  

 

Nahid Canbaxışlı

 

Həftə içi.- 2011.- 19 iyul.- S. 4.