Füzulidə yer altında şəhər yatır

 

Füzuli rayonunda yeraltı şəhərin tapılması ilə bağlı qəzetimizin ötən saylarında məlumat vermişdik. Bir neçə gün öncə rayonun ərazisində olanda qazıntı işləri ilə yaxından tanış olduq. Həqiqətən də, həmin ərazi tarixi abidələrlə zəngindir. Şəhərcik Füzuli rayonunun Horadiz qəsəbəsinə yaxın ərazidə olan Babı kəndində yerləşir. Abidə kəndin qədim qəbiristanlığında, hündür bir ərazidə aşkarlanıb.

Qazıntı gedən yerdə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya-Etnoqrafiya İnstitutunun İlk Orta Əsrlər Arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədovla görüşdük. A.Məmmədov "Həftə içi"nə qazıntı işləri ilə bağlı məlumat verdi: "Müəyyən yerlərdə çuxurlar əmələ gəlib. Abidənin müəyyən hissələri, xüsusən yeraltı hamam, hücrələrin qalıqları, məscid binasının və yeraltı yolun bir hissəsi aşkarlanıb. İlkin olaraq əraziyə baxış keçirildi. Məlum oldu ki, adıçəkilən ərazidə doğrudan da orta əsrlər dövrünə aid olan, xüsusən XIII-XIV əsrlərə məxsus böyük bir xanəgah olub. Həmin xanəgah əsasən məsciddən, türbədən, hücrələrdən, eyni zamanda yardımçı binalardan ibarətdir. İlkin olaraq belə anlaşılır ki, burada olan məscidlərdə yalnız ibadət edilməyib, həm də məscid-mədrəsə kimi istifadə olunub. Məscidin ayrı-ayrı otaqları var. Hücrələrin məscid binasına yaxın ərazidə yerləşməsi və onların bir neçə nəfər üçün nəzərdə tutulması, yüklərin boşaldılması üçün yaxınlıqda yerlərin olmaması onu göstərir ki, kənardan gələn şagirdlər mollaxanada, mədrəsədə qalırlarmış. Yeraltı hamam kompleksi isə 23-24 sm qalınlıqda kərpiclə hörülüb. Burada kaşılar var ki, XIII-XIV əsrə məxsus hamam kompleksinə aiddir. Hamam özü də bir neçə otaqdan ibarət olmaqla yerin tam alt hissəsində yerləşir. Hamamın kanalizasiya xətləri var ki, o da iri boruya çıxır. Ümumiyyətlə, vaxtilə xanəgahın yaxınlığından Araz çayı axdığından, digər tərəfdən xanəgah Araz çayının yaratdığı yarğanla əhatə olunduğundan, bu hissədə müdafiə işi asan olub".

 

Şəhər kompleksi 10 hektardan artıq sahəni əhatə edir

 

Arif müəllim XIII əsrdə belə bir abidənin tikilməsini Ərdəbildə və Cənubi Azərbaycanda baş verən hadisələrlə izah edib: "XIII əsrdə Şeyx Səfiyyəddin sufi təriqətini yaymağa başlayır. Bununla bağlı ətraf ərazilərdə, o cümlədən görünür ki, Füzuli rayonunun Babı kəndi ərazisində bu təriqəti, həm də İslam dinini yaymaq məqsədilə təbliğat işləri aparılıb. Oradan keçən ticarət yolunun da Ərdəbilə doğru istiqamətlənməsi həmin xanəgahın məhz göstərilən ərazidə tikilməsini şərtləndirib. Belə ki, xanəgahlar ticarət yollarının üstündə yerləşir, hörmətli adamların qəbirləri üzərində tikilir və gələcəkdə də bu xanəgahların böyüməsi nəticəsində şəhərlər əmələ gəlirdi. Xanəgahın yerləşdiyi əraziyə ümumi baxış keçirən zaman hiss olunur ki, şəhərcik təxminən 10 hektardan artıq bir sahəni əhatə edirböyük bir şəhər kompleksidir. Bu da qala divarları ilə əhatə olunub. Şəhərin adının nə olması barədə heç bir fikir söyləmək mümkün deyil. Ancaq bir şey məlumdur ki, ümumiyyətlə, orta əsr müəllifləri Qarabağda orta əsrlər dövründə bir neçə iri şəhərlərin adlarını çəkiblər ki, bu adlar indiyə kimi hələ də heç kəsə məlum deyil. Ola bilsin ki, tapılan bu abidə orada gedən arxeoloji qazıntılar bitdikdə, həm də elmi faktların araşdırılması sonucunda belə bir şəhərin olduğunu tam təsdiqləməyə imkan verəcək, həmin şəhərin adının müəyyənləşdirilməsində bizə yardımçı olacaq".

 

"Ərazi vaxtilə hərbi əməliyyat meydanı olub"

 

Ərazidə arxeoloji qazıntıların aparılmasının vacib olduğunu söyləyən A.Məmmədov buranın hərbi əməliyyatların meydanı olduğunu da önə çəkdi: "Abidənin bir tərəfi dağıntılara məruz qalıb. Eyni zamanda, bu ərazi Azərbaycanın işğal altında olan torpaqlarının yaxınlığında yerləşir və digər tərəfdən İranla həmsərhəddir. Həm cənubi-şimali Azərbaycanla mədəni əlaqələri, vahid mədəni irsin öyrənilməsi, həm də Qarabağda olan orta əsrlər dövrünə aid ən yaxşı abidə kompleksi kimi bu abidənin öyrənilməsini olduqca vacib sayıram. Bu gün orada qazıntı işlərinin getməsi gələcəkdə Qarabağ ərazisində ən böyük turizm mərkəzinin yaradılması ilə nəticələnə bilər. Bu da bizim XII-XIII əsrdə nə qədər böyük abidələrimizin, şəhərlərimizin, mədəniyyətimizin mövcud olduğunu dünyaya yaymaq üçün vacib amil sayılmalıdır".

 

"Qazıntıya başlamaq üçün vəsait lazımdır"

 

Arif müəllim onu da dedi ki, dedikləri ilkin mülahizələrdir, ancaq qazıntı işləri aparıldıqdan sonra daha zəngin fikirlər söyləmək olar: "Ola bilsin ki, qazıntılar gedəndən sonra aşağı mədəni qatlardan daha qədim dövrlərə, erkən orta əsrlər dövrünə, antik dövrə aid olan hansısa təbəqələr aşkarlana bilər. Bundan əlavə, abidənin yanında XIV əsrə aid olan qoç heykəllər var ki, onların da XIV-XV əsrlərdə Azərbaycanda mövcud olan QaraqoyunluAğqoyunlu hakimiyyəti dövrünə təsadüf etdiyini söyləmək olar. Ərazidə həmçinin çoxlu sayda qəbir abidəsi var və hazırda onların da tədqiqinə ehtiyac duyulur. Məscidin, yeraltı hamamın, hücrələrin XIII-XIV əsrə məxsus olduğunu mən özüm də qəbul edirəm. Lakin orada Şeyx Baba Yaqubi türbəsi var ki, onun XIII-XIV əsrə məxsus olduğunu deməyə əldə əsasımız yoxdur. Baxmayaraq ki, onun üzərində Məşədi xanım Nemət tərəfindən XIII-XIV əsrə məxsus olduğu qeyd edilib. Ola bilsin ki, həmin kompleksin olduğu bir yerdə Şeyx Baba Yaqubinin balaca bir qəbir abidəsi olub, sonralar Babilər dövründə həmin abidə onların mərkəzlərindən birinə çevrildiyindən, orada türbə tikilib. Qeyd etmək yerinə düşər ki, məscidin, hücrələrin, hamam kompleksinin tikilməsi sufilik təriqəti ilə bağlıdır.  

Şəhərin tamamilə torpaq altında qalması ilə bağlı da müəyyən fikirlər söylənilə bilər. Lakin tam dəqiqləşməsi üçün mütləq arxeoloji qazıntılar getməlidir. Bu işlərə vəsait ayrılarsa, bu ilin sentyabr ayından başlaya bilərik. Lakin ArxeologiyaEtnoqrafiya İnstitutu abidələrə vəsaiti illik plan əsasında ayırdığından, 2011-ci ilin fərdi planında Füzuli rayonunun Babı kəndində arxeoloji qazıntıların aparılması nəzərdə tutulmayıb. Ancaq Mədəniyyət və Turizm Nazirliyiyaxud da bizim Elm Fondu kimi imkanlı təşkilatlarımız var ki, onların köməkliyi ilə bu layihəni həyata keçirə bilərik. Hazırda bizim arxeoloji qazıntı qrupumuz Gəncə ərazisində qazıntı işləri aparır. Çox istərdik ki, kömək olunsunbiz müəyyənləşdirdiyimiz vaxtda Füzuli rayonunda qazıntı işlərinə start verək. Burada yatmış bir şəhər var. Sadəcə, onu oyatmaq lazımdır".

  

 

Pərvin İsmayılova

 

Həftə içi.- 2011.- 27 iyul.-S. 4.