Ramazan - günahların bağışlandığı ay

 

   Oruc niyyət edib, dan yeri ağarandan gün batıncayadək Allah rizası üçün yemək-içməkdən və şəhvət doğuran işlərdən uzaq durmaq deməkdir

 

   Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası el arasında "orucluq" ayı adlandırılan Ramazan ayının girməsinə dair fətva verdi.

   Beləliklə, iyulun 31-i niyyət gecəsidir, avqustun 1-i isə artıq müsəlmanlar oruclu olacaqlar. Yəni hər bir mömin bir ay ərzində Allah rizası üçün oruc tutaraq, Yaradandan günahlarının bağışlanmasını, onu doğru yola yönləndirməsini istəyəcək.

   "Oruc nədir" sualına daha geniş mənada cavab tapmaq üçün böyük türk-islam alimlərinin Qurani-Kərimə əsaslanaraq buyurduqlarına nəzər saldıq. Oruc niyyət edib, dan yeri ağarandan (imsaqdan etibarən) Günəş batıncayadək Allah rizası üçün yeməmək, içmək və şəhvət doğuran işlərdən uzaq durmaq deməkdir.

   Orucun hökmü nədir? Ramazanda oruc tutmaq fərz bir ibadətdir, Qurani-Kərimdə və Sünnətdə müsəlmanlar qarşısında qoyulan müqəddəs tələbdir. Bəs orucun fərz olmasının şərti nədir? Ramazan orucunu tutmağın fərz olması üçün müsəlman olmaqla yanaşı, yetkinlik yaşına çatmaq da şərtdir.

  

   Ancaq 8 -10 yaşından etibarən uşaqların tədricən bu ibadətə alışdırılması vacibdir və hətta savabdır. Yeri gəlmişkən, bilməyənlər üçün xatırladaq ki, Ramazan ayında oruc tutmaq müsəlmanlara Mədinəyə hicrət ediləndən ilyarım sonra fərz qılınıb. Sual yaranır: kimlər oruc tutmalıdır? Çünki bəzən kimlərinsə xəstə vəziyyətdə, yol üstə, ümumiyyətlə, çox çətin şərtlər altında oruc tutduğunu görürük və hiss edirik ki, onlar sanki bunu etməyə məcburdurlar? Oruc tutmaq aşağıdakı vəziyyətdə məcbur deyil:

   1. İnsan çox qocaldıqda. Çünki bu vəziyyətdə insan fiziki baxımdan qüvvəsiz, taqətsiz olur. Amma belə şəxslər əvəzində hər oruc günü üçün fidyə verməlidirlər. Fidyə isə bir gün ərzində səhər və axşam yeməyi zamanı bir acın qarnını doydurmaq deməkdir. Hətta bu şəxsin fidyə verməyə maddi gücü çatmırsa, o, sadəcə Allaha dua və səcdə edərsə, yetər. Onu da deyək ki, belə insanlar sonradan özlərində qüvvə toplaya bilərlərsə, onlar hətta fidyə vermiş olsalar belə, qəza oruclarını tutmalıdırlar. Yeri gəlmişkən, sağalmaq ümidi olmayan xroniki xəstələr də dinin qoyduğu bu şərtlərdən yararlana bilər.

   2. Xəstə olarsa. Xəstə insan oruc tutduğu təqdirdə çox əziyyət çəkməsindən, həyatının təhlükəyə düşməsindən, xəstəliyinin şiddətlənməsindən və ya müddətinin uzanmasından narahat olarsa, oruc tutmamalıdır. Hətta tutubsa, onu poza bilər. Sağaldıqdan sonra isə əvəzini qəza orucu tutmaqla çıxmalıdır. Amma onu da nəzərə alaq ki, yersiz narahatlıqla orucu pozmaq bağışlanmaz günahdır. Ona görə də xəstələndiyini düşünən insan sağlam olduğunu dəqiqləşdirmək üçün həkim müayinəsindən keçərək oruc tutarsa, yaxşıdır. Xəstəliyə dair hədislərdən birini sitat göstərək. Bir gün biri Məhəmməd salavatullahdan soruşur: "Ya Rəsulallah, gözlərim ağrıyır, ona görə də oruclu olsam da, gözlərimə sürmə çəkirəm. Bu orucumu batil edirmi? Məhəmməd salavatullah ona "Xeyr, sağlamlığının qayğısına qal" cavabını verir.

   3. Yola çıxdıqda: Ramazan ayında ən azı 90 kilometr məsafədə yol qət etməklə səfərə çıxan müsəlman oruc tutmaya bilər. Amma oruclu vəziyyətdə yola çıxarsa, mütləq qaydalara riayət etməli, orucunu pozmamalıdır. Əgər yolun ona verdiyi əziyyətdən dolayısı pozarsa, qəza orucu tutmaqla əvəzini çıxmalıdır. Onu da deyək ki, insan sağlamdırsa və dözümlüdürsə, səfərə çıxarkən də oruc tuta bilər. Hədislərdə bu məsələylə bağlı belə deyilir: bir gün islamın böyük simalarından sayılan Həmzə İbn Əmr peyğəmbər salavatullahdan soruşur: "Ya Rəsulallah, mən səfərə çıxarkən özümdə oruc tutmağa güc tapıram. Bu halda oruc tutsam, günaha batarammı?" Rəsulullah cavab verir: "Bu Allahın sənə verdiyi icazədir. Belə insanlar, nə bəxtəvərdir! Amma bu halda kim oruc tutmaq istəyərsə də, onun günah yoxdur".

   4. Qadınlar hamilə və körpə əmizdirən vəziyyətdə olarkən: bu vəziyyətdə olan qadın oruc tutduğu təqdirdə özünün və ya körpəsinin halsız düşəcəyindən, hansısa formada zərər çəkəcəyindən narahatdırsa, oruc tutması mütləq deyil. Amma sonradan vəziyyəti yüngülləşəndə qəza orucunu tutmalıdır. Hədislərə görə, qadın yalnız körpəsinin ziyan çəkə biləcəyindən narahat olaraq oruc tutmazsa, həm qəza orucunu borclu olur, həm də fidyə verməlidir. Amma yenə də özünü hədsiz narahat görməyən hamilə qadınlar oruclarını tutmalıdırlar. Hətta körpəsini əmzik və ya başqa bir üsulla yedirdə bilən analar da oruc tutarsa, yaxşı olar.

   5. Aybaşı vəziyyətində: bu durumlarda qadının oruc tutması mütləq deyil. Hətta buyrulur ki, hər hansı oruclu qadın özündə belə bir vəziyyət hiss edərsə, təcili orucunu pozmalıdır. Amma imsaqdan əvvəl bu vəziyyətin düzəldiyini görən qadın ertəsi gün oruc tutmağa davam etməlidir.

   6. Şiddətli aclıq və susuzluq yarandıqda: oruclu birisi öz təcrübəsinə əsasən və ya etibarlı bir həkimin tövsiyəsi ilə aclıqdan, yaxud da susuzluqdan həyati təhlükə yaşayırsa, orucunu poza, amma sonradan qəza orucu tuta bilər.

   İnsanlar arasında oruca başlayarkən niyyət etmək müxtəlif cür başa düşülür. Yəni Allah rizası üçün tutulan orucu kimlərsə öz şəxsi arzularının yerinə yetməsi üçün vasitə hesab edir. Əslində isə oruc üçün niyyət tutmaq vacib şərtdir, amma şəxsi maraqlar üçün deyil, yuxarıda qeyd etdiyimiz kimi, Allah rizasına. Niyyət tutmaq hansısa şəxsin oruc tutacağını ürəkdən bilməsi və buna qərar verməsidir. Yəni niyyəti dillə söyləmək şərt deyil. Oruc üçün sahura qalxmaq belə niyyət sayılır. Hər günün orucu ayrı-ayrılıqda bir ibadət olduğundan, hər biri üçün fərqli niyyətlər etmək gərəkdir. Niyyətin vaxtı axşamdan oruc tutulan günün dan yeri ağaran anlarınadəkdir. Amma qəza, vaxtı dəqiqləşməmiş və digər oruclar üçün mütləq imsaqdan əvvəl niyyət etmək fərzdır.

   Bu gün yeni nəsilləri bir sual da düşündürür - səhvən, bilmədən bir şey yeyib-içmək və ya yasaq buyrulmuş nəyisə etmək orucu pozurmu? Bildirək ki, imsaq vaxtı olduğu halda "hələ vaxt var" düşüncəsiylə, ya da iftar vaxtı çatmadığı halda, "artıq vaxtdır" deyib bir şey yeyib-içmək orucu birmənalı şəkildə pozur. Dəstəmaz və ya qüsul zamanı ağıza və buruna su qəbul edilərkən cüzi də olsa boğaza su gedərsə, oruc pozulur. Bu halda həmin şəxs pozduğu orucun əvəzini, sadəcə, qəza yolu ilə doldurar. Oruclu olduğunu unudaraq bir şey yeyib-içənin isə orucu pozulmur. Amma bir şərtlə: birdən oruclu olduğu yadına düşsə, təcili yemək-içməyə son qoymalı, ağzındakı loxmanı çıxarmalı, suyu tüpürməli və dişlərini-damağını təmizləməlidir. Bu halda onun orucu batil sayılmır. Yox, xatırladığı təqdirdə də yeməyə davam edərsə, deməli, oruc pozulur.

   Bu yerdə hədislərdən sitat gətirək: bir nəfər peyğəmbər salavatullahdan soruşur: "Ya Rəsulallah, mən oruclu olduğumu unudaraq yedim və içdim, indi nə edim?" Peyğəmbər salavatullah cavab verir: "Əgər unutqanlıq üzündən edibsənsə, deməli, səni Allahın özü yedirib-içirib".

   Hədislərdə peyğəmbər Salavatullahın xanımı həzrəti Ayişə belə bir rəvayət nəql edir: "Bir gün bizə yemək gətirdilər və biz onun dadına baxaraq, bəyəndik. Sonra peyğəmbər salavatullah evə gələndə orucu pozaraq belə bir iş tutduğumuzu, əvəzində isə nə etməli olduğumuzu soruşduq. Peyğəmbər Rəsulallah qısa cavab verdi: əvəzinə başqa bir gün qəza orucu tutun".

   Başqa bir hədisdə isə Məhəmməd salavatullah buyurur: "Kim oruclu olduğunu unudaraq yeyib-içərsə, orucunu mütləq tamamlasın. Düşünməsin ki, o, orucunu pozub. Çünki onu yedirib-içirən Allahdır".

   Hətta oruclu olarkən şəhvət oyadan məsələlərlə məşğul olmağa dair da bir çox hədis mövcuddur. Məsələn, bir gün Məhəmməd salavatullahın yaxınlarından olan Həzrəti Ömər təlaş içində Rəsulallahdan soruşur: "Ey Allahın Rəsulu, bu gün böyük bir günah işlədim, oruclu vəziyyətdə xanımımı öpdüm". Peyğəmbər salavatullah onun sualına sualla cavab verib: "Sən dəstəmaz zamanı ağzını qarqara etdinmi?" Həzrəti Ömər deyib ki, edib. Onda Məhəmməd salavatullah bildirib ki, "Elə olduğu halda narahat olmağına əsas görmürəm". Yəni peyğəmbər salavatullah deyib ki, qarqara üçün ağıza alınan su içmənin başlanğıcıdır, amma onu tüpürməklə içməyə "yox" deyirsən və beləliklə, oruc batil olmur. Öpmək də cinsi əlaqənin başlanğıcıdır, amma heç də bu əlaqə deyil, ona görə də oruc pozulmur.

   Başqa bir hədisə nəzər salaq: bir gənc peyğəmbər Rəsulallaha deyir ki, o, oruclu vəziyyətdə xanımını öpüb. Allahın Rəsulu ona bildirir ki, o, zina işləməyib, ona görə də orucu pozulmayıb.

  

 

   Vüsal Tağıbəyli

 

    Həftə içi.- 2011.- 30 iyul-1 avqust.- S. 7.