Gəncədəki Səbiskar məzarlığı məhv olmaq üzrədir

 

Tarixi abidə Səfəvilər dövrünün yadigarıdır

 

Gəncə şəhər sakinlərinin verdiyi məlumata görə, qədim paytaxtın yeganə qədim qəbiristanlığı olan Səbiskar məzarlığı artıq məhv olmaq üzrədir. Orada qəbirlər baxımsızlıqdan daha çox, təbii amillər və insanların müdaxiləsi üzündən dağılır. Belə ki, 2009-cu ildə rəsmi qadağa qoyulmasına baxmayaraq, həmin məzarlıqda hələ də dəfn aparılır. Bu da köhnə qəbirlərin dağıdılması, onların yerlərində yeni qəbirlərin qazılması və mərhumların orada basdırılması hesabına başa gəlir. Bu səbəbdən də köhnə qəbirlərin sahibləri əzizlərinin məzarlarını tapa bilmirlər. Məlumatda o da qeyd olunur ki, qəbirlərə qənim kəsilənlər köhnə, uzun illərdir kimsə tərəfindən ziyarət olunmadığı aydın görünən qəbirləri hədəfə alırlar. Üzərinə ot-zibil yığıb yandırır, torpaqla basdırılır, başdaşları ağır alətlə vurulub dağıdılır bununla da Gəncə tarixinin bu əvəzsiz nümunələri məhv edilir.

Bu gün Səbiskar qəbiristanlığında sakinlər öz əzizlərinin qəbirlərini axtarıb tapmaqda çətinlik çəkdikləri kimi orada gəzib-dolaşmaq da müşkülə çevrilib. Hər tərəfi ot-alaq basıb. Hətta yay aylarında ilan, əqrəb, kərtənkələ və s. sürünənlərə rast gəlinir. Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Əhaliyə Xidmət Şöbəsinin rəisi Ələddin Hüseynov deyir ki, onların işi dəfn haqqını alıb, ölünü basdıranacandır. Qəbirlərin mühafizəsi, onların ətrafının abadlaşdırılması ölü sahiblərinin vəzifəsinə daxildir: "Elə qəbirlər var ki, 200-dən artıq yaşı var, dəfndən sonra yəqin ki, üstünə gəlib-getmirlər, yəni ona baxmayıblar, ona görə də dağılıb. Dəfn qurtardı, ondan sonra qəbir ölü sahibinin ixtiyarındadır, yəni biz xidməti yalnız dəfn üzrə göstəririk. Qəbiristanlığa gələnlər qəbirlərin arasındakı alaq otlarını, müxtəlif zibilləri ortalığa atırlar, bizim fəhlələr onları təmizləməklə məşğul olurlar. Ancaq qəbirlərin bizə dəxli yoxdur, ola bilsin dağıla da bilər".

Yaşı Səfəvilər dövrünə aid olan bu qəbiristanlıqdakı qəbirlər hələ tam araşdırılmadığından alimlər onun qorunmasını vacib sayırlar. Bu məzarlar etnoqrafik xüsusiyyətlər baxımından, həmçinin epitafiya elmi - yəni qəbir daşlarının üzərindəki nəqqaşlıq, daş yonma, həkkaklıq və sair bu kimi məzarüstü nümunələri ilə də qiymətlidir. Oradakı 30-a yaxın qədim sərdabə də var ki, onlar da şəhər memarlığının ayrılmaz hissəsi hesab edilir. Bu səbəbdən də Gəncə Regional Elmi Mərkəzin elmi məsələlər üzrə müdir müavini Samir Pişnamazzadə Səbiskar qəbiristanlığında baş verənləri yolverilməz hal sayır: "Bu məzarlıqda Gəncənin çox böyük şəxsiyyətləri uyuyur. Elələri var ki, son 70 ildə, xüsusilə də Stalin repressiyaları dövründə basdırılıb və onların yiyəsi yoxdur. Amma bu o demək deyil ki, həmin qəbiri dağıtmaq, yoxa çıxartmaq, onun yerində yenisini qazdırmaq başqasını dəfn etmək olar. Şübhəsiz, bu, qadağandır, elə bir şey etmək qətiyyən olmaz. Ona görəbu məsələylə ciddi məşğul olmaq lazımdır".

    

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2011.- 14 iyun.- S. 8.