Bu kitab ermənilərin üzünü açıb göstərir

 

Sabirabad RİH-də Ramiz Mehdiyevin kitabı ilə bağlı elmi-nəzəri konfrans keçirilib

 

Sabirabad rayonunda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş elmi-nəzəri konfrans keçirildi.

Konfransda geniş məruzə ilə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış etdi. O bildirdi ki, bədnam erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş saxta kampaniyasına qarşı mütəşəkkil müqavimət, yalnız ulu öndərimiz Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra mümkün olub: "Ümummilli liderimizin 1998-ci il 26 mart tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı tarixi həqiqətlərin üzə çıxmasına təkan verib. Bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların-soyqırımların adı çəkildiyindən, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri də açıqlanıb".

N.İsmayılov bildirdi ki, 2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən dövlət başçısı cənab İlham Əliyev uydurma erməni təbliğatının beynəlxalq səviyyədə ifşasını, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını ilk gündən mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib: "Ölkəyə rəhbərlik etdiyi son 8 ilə yaxın bir dövrdə milli maraqlara söykənən fəal xarici siyasət yeridərək "Biz müdafiədə deyil, hücumda olmalıyıq", - deyən prezidentimiz İlham Əliyevin tövsiyələrinə adekvat olaraq bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilinə nail olunub. Bu gün erməni diplomatiyasının, təbliğatının uğursuzluğu ortadadır. Bütün səviyyələrdə ifşa olunan, beynəlxalq ictimaiyyətin sərt qınaqları, təzyiqləri ilə üzləşən rəsmi Yerevan xaricdəki erməni diasporu və lobbisinə çirkin təbliğat kampaniyasını genişləndirməyi tövsiyə edir. Elə məhz Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin də "Gorus-2010: Absurd teatrı mövsümü" kitabında erməni rəhbərinin cəfəng siyasi mülahizələri alt-üst edilib. Əsərdə ciddi elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda və tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri barədə geniş məlumat verilərək, həmçinin erməni-daşnak ideoloqlarının rəhbərliyi altında xalqımıza qarşı amansızlıqla həyata keçirilən soyqırımı, terror və deportasiyadan da bəhs edilir".

Kitabda göstərilən tutarlı faktlara əsaslanaraq danışan N.İsmayılov ermənilərin nəinki Cənubi Qafqaza, hətta Ön Asiyaya gəlmə olduqlarını, azərbaycanlılara məxsus yer adlarının ermənilər tərəfindən zaman-zaman dəyişdirildiyini bildirdi. Qeyd olundu ki, kitabda Sarkisyanın Cənubi Qafqazda baş vermiş tarixi-demoqrafik proseslərdə ermənilərin iştirakı barədə uydurmaları müxtəlif statistik hesabatlar əsasında alt-üst edilib. Tədbirdə Rusiya istilasınadək Dağlıq Qarabağ, İrəvan və Naxçıvanda ermənilərin heç bir vaxt üstünlük təşkil etmədikləri kitabda verilən tarixi faktlar və statistik məlumatlarla dinləyicilərin diqqətinə çatdırılaraq, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında həyata keçirdikləri mədəni terrordan da danışıldı. Qeyd edildi ki, ermənilər işğal etdikləri ərazilərdə nəinki dağıntı işləri aparır, hətta tarixi Azərbaycan torpaqlarını müxtəlif terror təşkilatlarının siyasi sığınacaq yerinə çeviriblər: "Ölkəmizin Ermənistan tərəfindən işğal olunan ərazilərində erməni və başqa terror təşkilatlarının fəaliyyət göstərməsi haqqında ilk informasiyalar Avropa Şurası Parlamet Assambleyasının yüksək tribunasından cənab İlham Əliyev tərəfindən səsləndirilib".

İcra başçısı erməni lobbisinə qondarma "Dağlıq Qarabağ Respublikası"nın beynəlxalq aləmdə tanınması istiqamətində səyləri gücləndirməyi tövsiyə edən Sarkisyanın bu istəyinin kitabda göstərildiyi kimi, heç zaman gerçəkləşməyəcəyini qətiyyətlə vurğulayaraq, möhtərəm prezident İlham Əliyevin aşağıdakı bəyanatını səsləndirdi: "Cənab prezident dedi, nə 5 ildən sonra, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə də 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Mən nə qədər prezidentəm, buna yol verməyəcəyəm".

Daha sonra mövzu ətrafında müzakirələr keçirilib. Çıxış edən rayon prokuroru Seyfulla Aslanov "Gorus-2010: Absurd teatrı mövsümü" kitabında ermənilərin məkrli niyyətlərini əks etdirən tarixi faktlardan, H.Z.Tağıyev adına şəhər tam orta məktəbinin müəllimi Afiq Ağayev isə S.Şaumyan başda olmaqla, 1918-ci ilin martında Bakıda törədilən qırğınlardan danışdılar.

Tədbirdə akademik Ramiz Mehdiyevin "Gorus-2010: Absurd teatrı mövsümü" kitabının tarixi saxtalaşdırmaq istəyənlərə tutarlı elmi cavab olduğu dönə-dönə vurğulandı. Buradakı hər bir müddəanın, real faktlara söykənən elmi-nəzəri təhlillərin ziyalılar, xüsusilə, gənclər tərəfindən dərindən öyrənilməsi və geniş ictimaiyyətə çatdırılması tövsiyə edildi.

 

 

Pərvin İsmayılova

 

Həftə içi.- 2011.- 1 iyun.- S. 5.