Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

 

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Qeyd edək ki, 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyası uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflərini səsləndirərək iyunun 1-ni Uşaqların Müdafiə Günü elan edib. 1950-ci ildə BMT-nin xətti ilə dünyanın 51 ölkəsində bu münasibətlə silsilə tədbirlər keçirilib. Bundan sonra hər il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Uşaqların hüquqlarının müdafiəsi ilə bağlı BMT Baş Məclisi 1989-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Konvensiyası" müvafiq qətnaməsilə ilə qəbul edib. Azərbaycan bu Konvensiyanı Milli Məclisin 1992-ci il 21 iyul tarixli, 236 nömrəli qərarına əsasən ratifikasiya edib. Dünyanın əksər ölkələrində olduğu kimi, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda da hər il qeyd edilirbununla bağlı bir sıra tədbirlər nəzərdə tutulub. Belə ki, bu gün Dənizkənarı Bulvar İdarəsinin uşaqlara hədiyyəsi var. Hər il iyunun 1-i uşaqlar üçün müxtəlif əyləncəli tədbirlər təşkil edən Milli Park bu dəfə onları tamam fərqli bir şəkildə sevindirmək niyyətindədir. Söhbət bütün uşaqların ən çox sevdiyi əyləncə olan atraksionlardan gedir. Yəni balacalar indiyədək bulvarda görüb-arzuladıqları bütün atraksionlara minə biləcəklər. Amma bunun üçün onların valideynləri hansısa ödəniş etməli olmayacaq. Çünki bütün atraksionlar pulsuz xidmət göstərəcək.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, aksiya səhər saat 9-dan 12-yə qədər baş tutacaq: "Bütün uşaqları bulvara səsləyirik. Bəli qiymətlərindən asılı olmayaraq bütün uşaqları çağırırıq. Bu aksiya 15 yaşına qədər olan uşaqlara aiddir. Bu da bizim balacalara 1 iyun hədiyyəmiz olacaq".

Yeri gəlmişkən, bayram münasibətilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də uşaqlar üçün hədiyyə hazırlayıb. İdarənin mətbuat xidmətindən verilən məlumatda qeyd edilir ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar İçərişəhərdə "açıq qapı" günü təşkil ediləcək və uşaqların girişi pulsuz olacaq: "Tarixi irsimizlə yaxından tanış olmaq üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı dini-memarlıq kompleksi və digər abidələrə və muzeylərə balaca ziyarətçilərimizi dəvət edirik". 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şirvanşahlar Sarayı Kompleksində "Xoşbəxt nəsil" adlı ədəbi-musiqili sərgi də keçiriləcək. Şirvanşahlar Sarayı Kompleksinin həyətlərində təşkil olunacaq sərgidə DA-ART Təsviri İncəsənət Mərkəzinin üzvləri olan uşaqların çəkdikləri 200-ə yaxın müxtəlif mövzulu rəsm əsərləri nümayiş etdiriləcək. Sərgi Azərbaycan Dövlət Uşaq Filarmoniyası, M.Maqomayev adına 26 nömrəli Uşaq Musiqi Məktəbi, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı ilə müşayiət olunacaq. Konsert zamanı bu qədim məkanda klassik əsərlər, xalq musiqisi və caz musiqisi səslənəcək. Qeyd edək ki, saat 17:00-da baş tutacaq sərgiyə hər kəs dəvətlidir.

 

 

Sevinc

 

Həftə içi.- 2011.- 1 iyun.- S. 6.