Hər işdə nümunə olmağı bacaran Əminə xanım

 

"Kür" qəzetinin baş redaktorunun 60 illik yubileyi keçirilib

 

Yevlaxda çıxan "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızının 60 illik yubileyi qeyd edilib.

Tədbiri açan Yevlax ŞİH başçısının birinci müavini Qənimət Qaraşov Ə.Yusifqızının hər kəsə nümunə sayılacaq həyat yolu və yaradıcılığı barədə məlumat verib, onun peşəkar jurnalistlik fəaliyyəti ilə yanaşı, rayonun ictimai işlərindəki aktivliyindən söhbət açıb.

Yubiley tədbirində iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İlham Məmmədov və başqaları çıxış edərək respublikanın əməkdar jurnalisti, "Qızıl qələm", Həsən bəy Zərdabi, Məhsəti Gəncəvi mükafatlarının laureatı, "Tərəqqi" medallı Əminə Yusifqızının jurnalist fəaliyyətindən ətraflı söz açıblar. Onlar yubilyarın baş redaktoru olduğu "Kür" qəzetinin böyük tirajla nəşrinin, tək əyalət qəzetləri içərisində deyil, bütövlükdə ölkənin media məkanında tanınmasının məhz onun əməyi sayəsində mümkün olduğunu söyləyiblər.

Çıxışlarda həmçinin, Ə.Yusifqızı insanlara qayğı ilə yanaşan, onların problemlərinin aradan qaldırılmasına can yandıran insanpərvər və humanist ziyalı kimi təqdim olunub.

Yubiley tədbiri respublikanın tanınmış incəsənət ustalarının ifa etdikləri musiqi nömrələri ilə də yaddaqalan olub.

Sonda çıxış edən Ə.Yusifqızı fəaliyyətinə verilən yüksək dəyərə, haqqında söylənilən qiymətli sözlərə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

 

 

Sevda Zahidqızı

 

Həftə içi.- 2011.- 2 iyun.- S. 7.