Uşaqlar Xalça muzeyində "Sehirli nağıllar aləmi" düşdülər

 

Dünən Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyində "Sehrli nağıllar aləmi" adlı tədbir keçirilib. Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunub.

Tədbiri giriş sözü ilə açan, muzeyin kütləvi işlər üzrə şöbəsinin müdiri Aygün Abbasova belə tədbirlərin keçirilməsinin məqsəd və əhəmiyyətindən danışıb: "Bununla əlaqədar Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi də heç bir zaman körpələri unutmayaraq, onların həm fiziki, həm də intellektual səviyyəsinin inkişafı üçün bir-birindən maraqlı uşaq proqramları və tədbirlər təşkil edib. Bu tədbirlər vasitəsilə onlar həm əylənir, həm də tariximiz, mədəniyyətimiz haqqında məlumatlar almaq şansı qazanırlar. Bu gün muzeyimizdə keçirilən "Sehrli nağıllar aləmi" tədbiri də bu qəbildəndir".

Tədbirin maraqlı və rəngarəng olması üçün 8 saylı orta məktəbin şagirdləri muzey əməkdaşlarının köməkliyi ilə hazırladıqları ekskursiya mətni əsasında tamaşaçılara xalçalarımız haqqında məlumat veriblər. Həmçinin muzeyin uşaq teatrının balaca aktyorlarının ifasında "Qırmızı papaq" nağılından parçalar göstərilib. Uşaqlar milli oyunlarımızdan olan "İpdartma" oyununda iştirak edərək, güclərini sınayıblar. İstedadlı balacalar muzey tərəfindən hazırlanmış "Özün rənglə" nümunələri əsasında xalça elementlərini rəngləyərək, kompyuterdə "Öz xalçanı yarat" proqramında istədikləri xalçanın eskizlərini yaradıblar. Tədbirdə 8 saylı orta məktəb şagirdləri və 25, 130 saylı uşaq bağçasında tərbiyə alan uşaqlar iştirak ediblər.

  

 

Cəfər Mənsimi

 

Həftə içi.- 2011.- 2 iyun.- S. 7.