"Eurovision" qalibləri Moskvadadırlar

 

Rusiya və Ukrayna mətbuatı Azərbaycanın qələbəsindən yazıb

 

Azərbaycanın "Eurovision"da qalib gəlməsi, ifaçılarımızın uğurlu çıxışı hələ də dünya mətbuatının diqqət mərkəzində qalmaqdadır. Hər bir ölkə Eldar və Nigarı "Eurovision" qalibləri kimi dəvət etməkdədir.

Onlar Ukrayna səfərini başa vuraraq artıq Rusiyaya yollanıblar. Bu səbəbdən istər Ukrayna, istərsə də Rusiya mətbuatında Azərbaycanın Avropanın ən nüfuzlu müsabiqəsində iştirak edərək qalib gəlməsinə xüsusi diqqət ayrılmaqdadır. "Eurovision-2011" qaliblərinin Rusiyaya səfəri bu ölkənin mətbuatında geniş işıqlandırılıb. "Exo Moskvı" radiosunda bununla bağlı dərc olunan məqalədə bildirilir ki, bu sensasiyalı qələbədən sonra Eldar və Nigar kimi gənc ifaçıları bütün Avropa tanıdı: "Müsabiqəyə canlı olaraq 100 milyondan artıq insan baxdı. Azərbaycanlılar lirik "Running Scared" balladasını romantik və ürəkdən ifa edərək bütün avropalıların ürəyini fəth etdilər. Bakıda həmyerlilərinin qələbəsini eşidən azərbaycanlılar Bakının küçələrində bayram ab-havası yaratdılar. Gənc ifaçıları isə hava limanında milli qəhrəmanlar kimi qarşıladır. Bu qələbə ifaçılara Avropanın məşhur şirkətləri, o cümlədən dünyada tanınan Universal Music firması ilə müqavilələr bağlamağa imkan verdi. İndi isə onlar "Eurovision"un qalibləri kimi Rusiyaya təşrif buyurublar". Məqalədə bu səfərin Rusiya əhalisinə onların ifalarını 12 balla qiymətləndirdikləri üçün minnətdarlıq xarakteri daşıdığı vurğulanır. Səfər çərçivəsində Eldarla Nigar "Muz-TV" musiqi mükafatlarının təqdim etmə mərasimində iştirak edəcəklər.

Ukrayna mətbuatı da Eldar və Nigar cütlüyünün qələbəsinə böyük yer ayırmaqdadır. "Novin 24" telekanalı qaliblərin bu ölkəyə səfərlərini əlamətdar hadisə kimi təqdim edib. Bildirilib ki, "Ell & Nikki" duetinin müsabiqəyə hazırlığının əsas hissəsi məhz Ukraynada təşkil olunub: "Qələbədən xeyli vaxt keçməsinə baxmayaraq, emossiyalar hələ də onu hiss etdirməkdədir". Daha sonra azərbaycanlı ifaçıların müsahibələri təqdim edilir. "Çox çətin idi. Qələbədən sonra o qədər "biz qalib gəldik" deyə qışqırmışıq ki, hələ də özümüzə gələ bilmirik", - deyə ifaçılarımız bildiriblər. Daha sonra reportajda vurğulanır ki, Azərbaycan qələbəni 4-cü cəhddə əldə etməyi bacardı: "Bu qələbəyə görə Eldar və Nigar ifa etdikləri romantik balladaya minnətdardırlar. Deyirlər ki, insanlarda həqiqi hisslər indi çatışmır. Onlar isə məhz ifaları ilə bunu göstərdilər".

Rusiyanın məşhur "Oreanda" agentliyinin hazırladığı məqalədə də Eldar və Nigarın Moskvaya səfərlərinə geniş yer ayrılıb. Bildirilir ki, bukmeykerlər Azərbaycan ifaçılarını ilk beşlikdə görsələr də, Eldar və Nigarın "Eurovision"da qalib gəlib müsabiqəni Bakıya aparmaları böyük uğur olmaqla yanaşı, həm də bu istiqamətdə görülən işlərin, çəkilən əməyin bəhrəsi idi: "İndi isə Eldarla Nigarın adları "Eurovision"un qızıl kolleksiyasına daxil olub. Onların adları ABBA, Selin Dion, Toto Kutunyo kimi məşhurlarla bir sırada yer almaqdadır".

"Exo Moskvı" radiosu:

"Azərbaycanlılar lirik "Running Scared" balladasını romantik və ürəkdən ifa edərək bütün avropalıların ürəyini fəth etdilər. Bakıda həmyerlilərinin qələbəsini eşidən azərbaycanlılar Bakının küçələrində bayram ab-havası yaratdılar"

"Novin 24" telekanalı:

"Bu qələbəyə görə Eldar və Nigar ifa etdikləri romantik balladaya minnətdardırlar. Deyirlər ki, insanlarda həqiqi hisslər indi çatışmır. Onlar isə məhz ifaları ilə bunu göstərdilər"

 

 

Azad

 

Həftə içi.- 2011.- 3 iyun.- S. 4.