Kəlbəcərlilərin sosial problemləri həll olunur

 

Rayonun icra başçısı Vidadi Məhərrəmov: "Əsas məqsədimiz insanlarımızı işlə tam təmin etməkdir"

 

Kəlbəcər Azərbaycanın işğal altında olan 11 rayonundan biridir. Bu rayonun əhalisi qaçqın həyatı yaşasa da, çətinliklərə dözür, hətta müxtəlif sahələrdəki inkişafına görə, bir sıra rayonları qabaqlayır.

Bu günlərdə Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadənin ötən ilin yekunlarına dair mətbuat konfransında söylədiklərindən bəlli oldu ki, Kəlbəcər rayonunun təhsil sistemi ötən il ali məktəblərə olan qəbula görə 9-cu yerdədir. Bəlli olduğu kimi Kəlbəcər qaçqınları daha çox ölkənin şimal-qərb ərazisində məskunlaşıb. Rayonun icra hakimiyyəti isə Gəncədə yerləşir. Bu və digər faktları yerində öyrənmək üçün Gəncəyə yollandıq. Müsahibimiz Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Vidadi Məhərrəmov oldu.

Vidadi müəllim bildirdi ki, məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun artırılması problemlərinin həlli dövlət başçısının xususi diqqət yetirdiyi məsələlərdəndir: "İlk olaraq qeyd etmək istərdim ki, 2010-cu il Kəlbəcər rayonunun məcburi köçkün həyatı yaşayan əhalisi üçün də çox uğurlu il oldu. Kəlbəcər rayon İcra hakimiyyəti, rayonun idarə və təşkilatlarının qarşıya qoyulan vəzifələrin vaxtından əvvəl layiqincə yerinə yetirilməsi uğrunda fədəkarlıqla çalışması, məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli fəaliyyətimizin prioritet sahəsi olub. Rayon əhalisinin sayı 800 nəfər artaraq 68516 nəfərə (19210 ailə) çatıb, 6934 nəfər məcburi köçkün üçün inşa edilmiş qəsəbələrdə və hündürmərtəbəli evlərdə, 22884 nəfər fərdi qaydada tikdirdikləri şəxsi evlərində, 38650 nəfər isə hələ də ictimai binalarda, hərbi şəhərciklərdə, məktəblərdə, internatlarda, yol kənarlarında, qəza vəziyyətində olan yarımçıq evlərdə, fermalarda, daxmalarda yaşayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Əlavələr edilməsi haqqında" 3 oktyabr 2007-ci il tarixli 475 saylı Sərəncamı məcburi köçkünlərə göstərilən davamlı dövlət qayğısının və diqqətin əyani təzahürüdür".

 

Ölkə başçısı 3 dəfə məcburi köçkünlərimizlə görüşüb

 

V.Məhərrəmov dedi ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin ardıcıl olaraq həyata keçirilməsinin nəticəsidir ki, 2009-cu ildə Goranboy rayonu EKO qəsəbəsində istifadə müddəti keçmiş dəmir quraşdırma evlərdə yaşayan 596 ailə üçün Veyisli kəndi ərazisində yeni qəsəbə inşa edilib: "2009-cu ilin noyabr ayının 20-də möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən həmin qəsəbənin təntənəli açılışı keçirildi. 2010-cu il fevral ayının 28-də Qəbələ rayonunda müvəqqəti məskunlaşmış 133 məcburi köçkün ailəsi üçün Zarağan qəsəbəsində inşa edilmiş və hər bir şəraiti olan 6 ədəd hündürmərtəbəli yaşayış evlərinin təntənəli açılışı keçirilib. Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonumuzun məcburi köçkünləri ilə görüşüb söhbət edib. Bundan başqa 31 saylı məktəb üçün həmin ərazidə inşa olunan 188 şagird üçün nəzərdə tutulan məktəbin açılışında iştirak edən ölkə başçısı bu sahədə də öz tövsiyələrini verib.

2010-cu ilin 10 noyabrı məcburi köçkünlərimizin həyatında ən unudulmaz tarixi hadisəyə çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının birinci xanımı, millət vəkili Mehriban xanım Əliyeva Yevlax rayonu Yevlax şəhərində 612 məcburi köçkün ailə üçün inşa edilmiş 10 ədəd hündürmərtəbəli yaşayış evlərinin və 30 saylı məktəb üçün tikilmiş 440 şagird yerlik məktəbin, 50 yerlik uşaq bağçasının, mədəniyyət evinin açılışı mərasimində iştirak edərək, mənzilə köçmüş məcburi köçkün Qəzənfər Musayevin ailəsi ilə görüşüb söhbət etdi, məcburi köçkünlərin qarşısında çıxış etdi.

Ümumiyyətlə, son bir il ərzində Kəlbəcər rayonuna böyük qayğı və diqqət yetirən ölkə başçısı cənab İlham Əliyev 3 dəfə məcburi köçkünlərimizlə görüşüb. Onun tükənməz qayğısının nəticəsidir ki, bir ildə 973 məcburi köçkün ailə yeni evlərə köçürülüb. Bu tükənməz qayğı və diqqətə görə Kəlbəcər camaatı adından prezidentimiz cənab İlham Əliyevə bir daha minnətdaram".

 

"Problemlərimiz mərhələli olaraq həll edilir"

 

Vidadi müəllim eyni zamanda onlara kömək edən digər şəxslər barəsində də söhbət açdı. Dedi ki, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri, millət vəkili cənab Cavid Qurbanovun qayğı və diqqəti nəticəsində Şəmkir şəhərində 143 məcburi köçkün ailənin müvəqqəti məskunlaşdığı peşə liseyinin 3 binasının dam örtüyü yenidən qurulub, əsas korpusun dam örtüyü təmir edilib: "Həmin binanın daxilində təmir işləri aparıldı, məcburi köçkünlərin xeyir-şər mərasimlərini keçirməsi üçün nəzərdə tutulmuş bina əsaslı təmir edilərək, hər cür qab-qacaq və avadanlıqlarla təmin edildi. Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin 2, 3, 4, 5 saylı yataqxanaları, Qocalar evi və Gəncə Dövlət Universitetinin 2, 3 saylı yataqxanalarının ərazisində yerləşən xeyir-şər yerləri əsaslı təmir olunub. Tərtər şəhərində, Bərdə rayonu Zümürxan və Lənbərən kəndlərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə 150 yerlik tutumu olan xeyir-şər mağarları verilib, hər cür qab-qacaq və avadanlıqlarla təmin edilib".

 

Məcburi köçkünlərin su və işıq problemləri həllini tapıb

 

Gəncə şəhəri Gülüstan qəsəbəsində və Avtomobil zavodunun ətrafında müvəqqəti məskunlaşmış ailələr üçün 6 yerdə su artezian quyusu qazılaraq istifadəyə verilib. Gəncə şəhəri Gülüstan qəsəbəsi Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanası ətrafında və Samux rayonu ərazisində yerləşən su quyularını işə salmaq üçün 2 ədəd yeni su nasosu alınaraq istifadəyə verilib. Bunu da Kəlbəcər rayon icra hakimiyyətinin başçısı V.Mərrəmov deyir. Onun sözlərinə görə, məcburi köçkün ailələrinin enerji təchizatını yaxşılaşdırmaq məqsədi ilə Gəncə şəhəri Gülüstan qəsəbəsində Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanası ətrafında və Göygöl rayon "Murovdağ" məcburi köçkün qəsəbəsində işıq problemi həll edilib, 2 ədəd yeni elektrik transfarmatoru alınaraq işə salınıb: "Elektrik xətlərini təmir etmək məqsədi ilə 7500 metr uzunluğunda elektrik naqili alınaraq məcburi köçkünlərin istifadəsinə verilib. 250 evə qaz sayğacı, 765 evə smart tipli elektrik sayğacı qoyulub. Məcburi köçkünlərin yaşadıqları və uzun müddət təmir olunmayan ictimai binaların təmir edilməsi ilə bağlı xeyli işlər görülməkdədir. Belə ki, Tərtər şəhərində peşə məktəbinin və uşaq bağçasının, Gəncə şəhərində 25 və 48 saylı uşaq bağçalarının, Humanitar Kollecin yataqxanasının, 4 saylı internatın, 38 saylı hərbi şəhərcikdə 7 ədəd fin tipli yaşayış evlərinin, mehmanxana binasının dam örtüyü əsaslı təmir olunaraq, binaların daxilində təmir işləri aparılaraq kanalizasiya, su və elektrik xətləri bərpa edilib".

 

İşsizlik tədricən aradan qaldırılır

 

2010-cu ildə məcburi köçkünlərin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılması, işsizlərin işə düzəldilməsi sahəsində müəyyən addımlar atıldığını deyən rayon icra başçısı ötən il 74, son 7 ildə daxili imkanlar hesabına 700 iş yeri yaradıldığını dedi: "Rayon məşğulluq mərkəzi tərəfindən 62 nəfər işə düzəlib, 8 nəfərə işsizlik müavinəti təyin edilib. "Azəryolservis" ASC-nin köməyi ilə 60 nəfər, Nəqliyyat Nazirliyinin xətti ilə 14 nəfər işlə təmin edilib".

Vidadi müəllim onu da qeyd etdi ki, öndə duran məsələ məcburi köçkünlərin tam işlə təmin edilməsidir: "Bununla da yoxsulluq səviyyəsində olan insanların sayını minimum həddə endirməyə nail ola bilərik. İndi ölkəmizdə gedən sürətli sosial-iqtisadi inkişaf işləmək arzusunda olan bütün şəxslərə işləmək üçün imkan yaradır. Sadəcə olaraq insanlar ələbaxımlığa birdəfəlik son qoymalı, öz əməyi, zəhməti ilə yaşamalıdır".

 

26 abuturiyent 500-600-dən yuxarı bal toplayıb

 

Vidadi müəllim təhsil sahəsindəki uğurları xüsusilə vurğuladı: "Təhsil millətimizin gələcəyidir. Əgər təhsilimiz varsa demək biz də varıq. Ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın Kəlbəcərdə təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına göstərdiyi tükənməz qayğı və diqqət ildən-ilə daha da artır. Bu da təbiidir ki, bizi daha da ruhlandırır.

Rayon üzrə 114 ümumi təhsil məktəbində, o cümlədən 95 orta, 19 əsas məktəbdə 2009/2010-cu dərs ilində 10432 şagirdin təlim-tərbiyəsi ilə 2500 nəfərdən çox müəllim məşğul olub.

Dərs ilinin yekunlarında da nəaliyyətlər az deyil. XI sinfi bitirən 666 nəfər məzundan 562-i (84,4 %) test imtahanları verərək attestat alıb. Onlardan 337 nəfər (60%) ali məktəblərə qəbul üçün sənəd verib, 145 nəfər ali məktəblərə qəbul olub. Abituriyentlərin 26 nəfərindən çoxu 500-600-dən yuxarı bal toplayıb. 7 nəfərin qiyməti 600 baldan çox olub. Bu illər ərzində məktəblərin maddi-texniki bazası xeyli möhkəmləndirilib. Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Qala qəsəbəsində 19 saylı məktəb üçün 223 şagird yerlik, Abşeron rayonu Masazır qəsəbəsində isə 126 saylı məktəb üçün 240 şagird yerlik, "Azəryolsevris" ASC-nin köməyi ilə Göygöl rayonu Üçtəpə kəndində 115 saylı məktəb üçün əlavə 5 sinif otağı tikilib istifadəyə verilib. Həmçinin daxili imkanlar hesabına 31,102 saylı məktəblər üçün, Dövlət Proqramı çərçivəsində isə 30 saylı məktəb üçün Yevlax şəhərində yeni bina tikilib. Büdcə vəsaiti hesabına 78, 9, 79, 29, 89, 98 saylı məktəblər əsaslı və cari təmir edilib.

30 saylı məktəbin açılışında Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev, 19 və 126 saylı məktəblərin açılışında Heydər Əliyev Fondunun, Prezident Administrasiyasının, Təhsil Nazirliyinin, "Qaçqınkom"un nümayəndələri iştirak edib".

 

 

Pərvin İsmayılova

 

Həftə içi.- 2011.- 1 mart.- S. 5.