Varşavada "Azərbaycan günü" silsilə tədbirlərə start verilib

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının  20-ci ildönümü ilə əlaqədar Polşadakı səfirliyimiz Varşavada "Azərbaycan günü" silsilə tədbirlərinin keçirilməsinə start verib. Səfirliyin Avropa Diplomatik Akademiyasında keçirdiyi tədbirdə akademiyanın 200-ə yaxın tələbə və müəllim heyəti iştirak edib.

Bu barədə məlumatı Azərbaycanın Varşavadakı səfirliyi yayıb. Tədbir Azərbaycan haqqında filmin nümayişi ilə başlanıb. Filmin nümayişindən sonra Akademiyanın rektoru xanım Katajına Pisarska Azərbaycan haqqında məruzə edib. Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov "Azərbaycan günü" tədbirini açaraq, ilk olaraq, 26 fevral tarixinin Azərbaycanda Xocalı soyqırımı qurbanlarının anım günü olduğunu bildirib. H.Həsənov qətliam haqqında qonaqlara ətraflı məlumat verib və bu hadisənin erməni hərbi birləşmələri və sabiq SSRİ-nin 366-cı alayı tərəfindən dinc əhaliyə, bəşəriyyətə qarşı törədilmiş cinayət kimi dəyərləndirib. Daha sonra səfir Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Tədbir çərçivəsində səfirlik tərəfindən polyak dilində nəşr edilmiş kitablardan ibarət guşə yaradılıb. Guşədə təqdim olunmuş kitablar iştirakçıların ixtiyarına verilib.

  

 

Vüsal

 

Həftə içi.- 2011.- 2 mart.- S. 1.