Valideyn sevgisindən məhrum olanlar...

 

Dövlət qayğısı nə qədər çox olsa da, ata-ana sevgisini əvəz etmir

 

Bu gün səhərin bir daha doğan ağuşuna fərqli hisslərlə açıram gözümü. Havanın soyuqluğu belə, içimdəki qığılcımı söndürə bilmir. Bəlkə də ilk dəfə gedəcəyim məkanın təsiridir emosiyalarımı bu qədər cuşa gətirən.

Düşünürəm, görəsən, bu insanların düşündüyüm və bəlkə də ağlıma belə gətirə bilmədiyim, amma istəsəm də, istəməsəm də gözlərindəki o məsum ifadələri görməyə, onlarla qarşılaşmağa hazırammı?! Bildiyim bir şey var ki, hətta ən soyuqqanlı insanın belə, ürəyini mum kimi əridir, o günahsız körpələrin olduğu yerin duyğulandırıcı anları. Deyirlər ki, ata-ana tərbiyəsini, valideyn sevgisini və qayğısını ala bilməyən uşaqlara bütün bunları gecə-gündüz verir. Bəlkə də elə bu səbəbdəndir ki, həmin balaca fidanlar gündüzün işıqlı qollarından, gecənin səssiz, mehriban ağuşundan alırlar ana qoxusunu, ana istisini, onun qayğısını, sevgisini, nəvazişini. Yəqin buna görədir ki, onlar həyatın üzünə daim kədərli, qəmgin baxışlarla tamaşa edirlər. Baxdıqları hər nöqtədə bəlkə də bir nisgil, bir ah qoyurlar məsum körpələr.

Yəqin ki, oxucular üçün bu dəfə üz tutacağım məkan artıq məlumdur. Budur, artıq içimdə fırtınalar qoparan məkanda - uşaq evindəyəm. Vaxtın necə gəlib keçdiyini anlamadan gəlib çatdım. Darvazadan keçirəm və çoxlu uşağın mənə tərəf baxdığını hiss edirəm. Bir anlıq uşaqlıq günlərim gözlərim qarşısında canlanır. Gəldiyim yeri vaxtilə, balaca yaşlarımda olduğum uşaq bağçasına bənzədirəm, lakin elə deyilmiş. Bura uşaq bağçası yox, uşaq evidir. Valideynləri tərəfindən tərk edilmiş uşaqların evi! Yolumuza davam etməzdən öncə diqqətinizə çatdırım ki, baş çəkdiyim 2 nömrəli Uşaq Evində olan uşaqlar da, digər həmyaşıdları kimi, valideyn qayğısından məhrum olsalar da, dövlətin daim nəzarətindədirlər.

 

Onlar daim dövlətin diqqətindədirlər

 

Son zamanlar insan hüquqlarının qorunması istiqamətində nəzərəçarpacaq xeyli iş görülür. Bunlardan ən ümdəsi isə kimsəsiz uşaqlara göstərilən diqqətdir. Bu istiqamətdə görülən işlərdən ağızdolusu danışmaq olar. Belə ki, respublikamız bir sıra sənədlərə qoşulmaqla ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində tədbirlər həyata keçirib. 2009-cu il 18 mart tarixində Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi məqsədilə keçirilmiş ümumxalq səsverməsi (referendum) nəticəsində konstitusiyanın 17-ci maddəsinə valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqların dövlətin himayəsində olması, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək, o cümlədən 15 yaşına çatmayan uşaqların işə götürülməsinin qadağan edilməsi, uşaq hüquqlarının həyata keçirilməsinə dövlətin nəzarət etməsi ilə bağlı mühüm müddəalar daxil edilib. Bu da təbii ki, ölkəmizdə müxtəlif qrup uşaqların hüquqlarının müdafiəsinə və təminatına zəmanət verir. Heydər Əliyev Fondu tərəfindən məktəblərin, uşaq evləri və bağçaların inşası, onların yenidən müasir tələblərə uyğun şəkildə qurulması, həmçinin digər sahələrdə də görülən işlər, gerçəkləşdirilən layihələr, proqramlar isə özünün uğurlu nəticələri ilə hamıda böyük sevinc və razılıq hissi oyadıb. Bu sahədə görülən ən mühüm tədbirlərdən biri də, əlbəttə ki, uşaq evlərinə göstərilən qayğıdır.

 

"Burada gələcəyin ən qabiliyyətli şəxsləri yetişir"

 

Bəli, 2 saylı Uşaq Evindəyəm. Müşahidələrim davam edir. Yaxınlaşırıq direktorun otağına. Bizi onun müavini qarşılayır - Məxmər Ağayeva. M.Ağayeva ilə söhbətə uşaq evinin yaranmasından başlayırıq: "Bu uşaq evi dövlət tərəfindən 2000-ci ildə yaradılıb. Elə həmin gündən də daim nəzarətdədir. Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban Əliyeva da bura gəlib, uşaqların yaşayışı, ümumi vəziyyəti ilə yaxından tanış olub. Onu da qeyd edim ki, hazırda bizim uşaq evində 126 uşaq var. Buraya qəbul olunan uşaqlar 3 yaşdan yuxarı olmalıdır. Yəni bizdə yaş həddi 3 - 16 yaşdır. Amma onu da nəzərinizə çatdırım ki, elə yeniyetmələr var, 18 yaşı tamam olsa da, getməyə yeri olmadığı üçün burada qalır". Məxmər xanımla söhbətimizə uşaqların gündəlik rejimi, onların gördükləri gündəlik işlərlə bağlı davam edirik: "Məktəblilər yaxınlıqdakı 282 saylı məktəbdə təhsil alırlar. Onların günləri isə belə başlayır: saat 7-də yuxudan dururlar. Saat 8-ə kimi yeməklərini yeyib, hazırlaşıb dərsə gedirlər. İkinci növbədə axşam saat 10-un yarısına kimi təmizlik işlərini görürlər. Uşaqlar boş vaxtlarında müxtəlif məşğələlərdə olurlar. Məsələn, televizora baxırlar, idmanla məşğul olur, oyun oynayırlar. Burada rəqs, ingilis dili, kompyuter, idman, musiqi, bacarıqlı əllər, bədii naxış və başqa dərnəklər var. Hətta "Ağ çiçəklər" adlı rəqs qrupumuz da fəaliyyət göstərir. Hər bazar günü isə valideynlərlə görüş olur. Çünki burada elə uşaqlar var ki, valideynindən yalnız biri var, lakin imkansızlıq üzündən həmin valideyn uşağına baxa bilmir. Belə valideynlər ara-sıra uşaqlarını görməyə gəlirlər". Məxmər Ağayeva onu da bildirdi ki, əsas məqsəd burdakı uşaqların cəmiyyət içinə çıxması, kənardakı insanlarla ünsiyyətdə olmalarıdır: "Biz əsas fikrimizi tərbiyəyə yönəldirik, təhsilə isə məktəb cavabdehdir. Məktəbi bitirənlərdən müxtəlif ali məktəblərdə təhsil alanları var. Buradakı uşaqlar da dərslərindən əlavə müxtəlif məşğələlərdə iştirak edirlər. Burada gələcəyin həkimləri, müəllimləri, hüquqşünasları, rəssamları, rəqqasları, idmançıları və s. yetişir. Hazırda 36 saylı uşaq musiqi məktəbində də 9 uşağımız təhsil alır. Onların gələcəkdə öz bilik və bacarıqları ilə Azərbaycanı dünyada layiqincə təmsil edəcəklərinə, gələcəkdə cəmiyyətin müstəqil, tanınmış, nüfuzlu üzvü kimi formalaşacaqlarına inanıram".

 

Hədiyyələrlə günahını yuyan analar

 

Dünyanın hər bir ölkəsində övladsız olan, həyatı boyunca övlad sevgisi ilə alışıb-yanan valideynlər var. Lakin bununla yanaşı, bir tərəfdə də Allahın bu gözəl nemətinə xor baxıb, aparıb öz körpəsini uşaq evlərinə atan vicdansız ata-analar da var. Hərçənd ki, bəzi uşaqlar kimsəsizlər evinə hər hansı qəza nəticəsində valideynlərini itirdiyi üçün düşüblər, amma bu o qədər də çox deyil. Bu uşaq evində də elə uşaqlar var ki, anası ola-ola bu sevgidən məhrum qalıb. Rizvan da belələrindəndir. Atası və anası ailə münaqişəsi zəminində ayrılıb, atasından heç bir xəbər yoxdur. Anası isə günahını yumaq məqsədilə bir müddət bir neçə hədiyyə ilə gəlib, sonradan isə bunu da tərgidib. Niyə? Bu sualın cavabı insanın ürəyini inanılmaz dərəcədə ağrıdır. O gül qoxulu balasını başqa bir adamla ailə qurduqdan sonra tamamən unudub. Məlum məsələdir, yeni həyat yoldaşı icazə verməyib. Beləsinə "ana" belə deməyə adamln dili gəlmir. Lakin çox təəssüf ki, belə qadınlar çoxluq təşkil edir.

 

"Anamın şilləsi mənə buradakı qayğıdan daha əzizdir"

 

Bu uşaqların fərqli taleləri ürəyimin ən incə yerindən yaralayır məni. Hər uşaq haqqında eşitdikcə, göz yaşlarım biixtiyar süzülür yanaqlarıma. İnana bilmirəm ki, insan doğma balasından özünü, həmin körpədən isə öz sevgisini necə məhrum edə bilər?! Corc da bu evin sakinlərindəndir. Onun yaraşıqlı üzü qədər daxili də gözəldir. Onun da buradakı bəzi uşaqlar kimi anası var. Lakin anası ruhi xəstə olduğundan Corca baxa bilmir. Həssas qəlbli bu uşaq uşaq evindəki qayğıdan nə qədər razı olsa da, anasının isti qucağını diləyir. Corc üçün anasının şilləsi belə burada gördüyü sevgidən üstündür. Bir-birindən fərqli, bir o qədər də ürəkağrıdan taleli uşaqlar çoxdur 2 saylı Uşaq Evində, lakin onları yalnız bir şey birləşdirir. Onlar bu uşaq evinin, həm də elə bu cəmiyyətin uşaqlarıdırlar. Onlar bacı-qardaş kimi mehribandırlar. Çünki həyat hekayələri müxtəlif olsa da, sonda yenə də onları birləşdirən bir nöqtə var - valideyn qayğısından, valideyn sevgisindən məhrumdurlar.

Artıq uşaq evində görüşümüzün son anlarıdır. Bura maraqlı yerdir. Bu uşaqlarla görüşmək nə qədər ağırdırsa, onlardan ayrılmaq daha da ağırdır.

Sağollaşıb çıxarkən beynimdən qarışıq fikirlər, ağlımdan isə insanlara nəsihət vermək keçir. Körpələrinizi - balaca fidanlarınızı çölə atmayın, çünki onlar Allahın bizə verdiyi ən gözəl hədiyyədir. Onlar bizim gələcəyimiz, sabaha olan inamımızdılar. O uşaqların yerində olmaq istərdinizmi? Bir az düşünün... Məncə yox, siz bunu düşünmək belə istəməzsiniz!

  

  

Sevda Zahidqızı

 

Həfət içi.- 2011.- 3 mart.- S. 6.