İnsan hüqüqlarının orta məktəblərdə tədrisi

 

Aidiyyatı qurumlar bu istiqamətdə təbliğat işləri aparırlar

 

Azərbaycanda insan hüquqlarının qorunması və bu istiqamətdə maarifləndirmə işlərinin həyata keçirilməsi yönündə mütəmadi olaraq zəruri tədbirlər görülür. Qeyd edək ki, aidiyyatı orqanlar bu işləri Milli Fəaliyyət Planına uyğun mərhələli şəkildə həyata keçirirlər.

Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov adıçəkilən qurumun insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planına uyğun olaraq mütəmadi tədbirlər həyata keçirildiyini bildirir.

 

"Hər şey tərbiyədən başlanır"

 

Onun sözlərinə görə, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işlərinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə təkan verir: "Təbii ki, insanların şəxsiyyət kimi formalaşmasında əsas sütun tərbiyədir. Yəni, hansısa fərdin kamil vətəndaş olaraq cəmiyyətdə seçilməsi onun tərbiyəsindən birbaşa asılıdır. Əgər valideyn öz uşağına lap körpəlik illərindən düzgün formada tərbiyə verirsə və bu iş sonradan məktəbdə davam etdirilirsə, onun faydasını cəmiyyət gec-tez görəcək. Amma həm valideynlər, həm də müəllimlər uşaqları tərbiyə edərkən unutmamalıdırlar ki, tərbiyənin mükəmməl və tam olması üçün insan hüquq və azadlıqlarının aşılanması da zəruridir. Etiraf etmək lazımdır ki, son illər Milli Fəaliyyət Planına uyğun olaraq bu məsələ Təhsil Nazirliyinin mütəmadi diqqətindədir və bir sıra təşkilatlarla bərabər məktəblilər arasında müxtəlif olimpiadalar, müsabiqələr keçirilir. Məsələn, biz UNİSEF-lə, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi, o cümlədən yerli QHT-dən Tərəqqi Təşkilatı, Ümidli Gələcək Gənclər Birliyi və digərləri ilə əməkdaşlıq edirik".

A.İbrahimov sözügedən qurumlarla birgə əməkdaşlığın mütəmadi xarakter daşıdığını vurğulayır: "Məsələn, cari dərs ilində Ümidli Gələcək Gənclər Birliyi ilə birgə "Heç bir uşağı nəzərdən qaçırmayaq!" layihəsi çərçivəsində müxtəlif müsabiqələr keçirilib. Eyni zamanda, ümumtəhsil məktəbləri arasında "Mən hüquqlarımı necə dərk edirəm" adlı respublika müsabiqəsi təşkil olunub. Bundan başqa UNİSEF-lə birgə "Uşaq hüquqları Konvensiyası" mövzusunda rəsm və plakat müsabiqəsi keçirilib".

Şöbə müdiri həmçinin bu istiqamətdə müvafiq işlərin internat məktəblərində də aparıldığını vurğuladı: "Valideyn himayəsindən məhrum olmuş uşaqların bu yöndə maariflənməsinə daha çox ehtiyac var. Düzdür, belə uşaqlara internatlarda kifayət qədər qayğı ilə yanaşılır və onların düzgün tərbiyəsi istiqamətində lazımi işlər həyata keçirilir. Lakin bu uşaqlar valideyn himayəsindən məhrum olduğundan ata-ana sevgisinin nə olduğunu dərk etmirlər. Bu baxımdan Təhsil Nazirliyi digər ictimai və beynəlxalq təşkilatlarla bərabər həmin tədris müəssisələrində zəruri işlər görür. Elə bununla bağlı internat məktəblərinin şagirdləri arasında "İnsan hüqüqları və sən" mövzusunda rəsm və inşa müsabiqəsi keçirilib".

 

"Görülən işlər daha da təkmilləşdirilir"

 

A.İbrahimov öz açıqlamasında orta məktəblərdə insan hüquqları mövzusunda həyata keçirilən təbliğatın təkmilləşdirilməsi məqsədilə müəllimlər arasında da müvafiq işlər aparıldığını söyləyir: "Məsələn, cari ildə "Uşaq haqları və onların tədrisi" adlı təlim vəsaitinin məktəblərdə təkmilləşdirilməsi məqsədilə müəllimlər üçün treninqlər təşkil olunub. Eyni zamanda, respublikanın ümumtəhsil məktəblərində "Uşaq hüquqları Konvensiyası uşaqların gözü ilə" rəsm müsabiqəsi də keçirilib. Digər tərəfdən 2006-2007-ci illərdə çap olunmuş 1-4-cü siniflər üçün "Uşaq hüquqlarının tədrisi" və 1-4-cü siniflər üçün "Sosial fənlər üçün tədris vəsaiti", "Fəal təlim" və digər vəsaitlər təkmilləşdirilərək insan hüquqlarının interaktiv üsulla keçilmə metodikası göstərilib. Bu istiqamətdə işlər davamlı olaraq aparılır və bütün vəsaitlər beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilir. Məsələn, 2008-2009-cu tədris ilindən etibarən məktəblərdə "Uşaq haqları üzrə tanışlıq və biliklərin uşaqdan-uşağa ötürülməsi üsulları" adlı vəsaitin tətbiqinə başlanılıb. Bununla bağlı 300 nəfərə yaxın müəllim treninqlərdən keçirilib. Digər tərəfdən Təhsil və Tərəqqi İctimai Birliyi ilə birlikdə reallaşdırılan "İnsan hüquqlarının tədrisi" layihəsi çərçivəsində Bakının 23, 32, 45, 47, 58 nömrəli məktəblərində müəllimlər üçün dəyirmi masalar da təşkil olunub. Eyni zamanda, "Uşaq hüquqları Konvensiyası və onun ümumtəhsil məktəblərində tədrisi" adlı vəsaitdən istifadə edən pedaqoqlara da müvafiq bilgilər verilib. UNİSEF və "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi" ilə bərabər də bir sıra layihələr həyata keçirilib. Belə tədbirlərdən biri respublikanın bəzi məktəblərində və uşaq evlərində keçirilib və Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqlara təhsil xidmətinin göstərilməsi haqqında müvafiq tədqiqat aparılıb. Həmin tədqiqatın nəticəsi əsasında hesabat da hazırlanıb. Hazırda bu istiqamətdə tədqiqatlar yenə də davam etdirilir".

 

"Sağlamlıq hüquqlarına da diqqət yetirilir"

 

Şöbə müdiri vurğulayır ki, gənclərin sağlamlığının müdafiəsi və bu yöndə maarifləndirmə işlərinin aparılması üçün Təhsil Nazirliyi UNİSEF-lə birgə xüsusi proqram da hazırlayıb: "Gənclər arasında QİÇS-ə qarşı mübarizə istiqamətində zəruri məlumatların təbliği üçün tədqiqat planı var. Eyni zamanda, layihə çərçivəsində məktəblərdə həyati bacarıqlara əsaslanan təhsil üzrə fakültativ kursların təşkilinə nail olunub. Bu kurslar 1-4, 5-9 və 10-11 siniflər arasında keçirilir. Həmçinin "Həyati bacarıqlara əsaslanan təhsil -tədris vəsaiti" və "Həyati bacarıqlara əsaslanan tədris kursunun proqramı" üzrə hər cilddən 50 min ədəd olmaqla nəşr edilərək pulsuz olaraq məktəblərə paylanıb. Hazırda 846 məktəbdə sözügedən proqram tədris olunur. Bununla bağlı 3254 müəllim treninqlər vasitəsilə təlimatlandırılıb. Tədbirlər çərçivəsində məktəblilər arasında vətəndaşlıq hisslərinin formalaşması və uşaqların hüquqlarının qorunması məqsədilə 38 ümumtəhsil məktəbinin 3-4, 7-8 sinif şagirdlərinin iştirakı ilə canlı hüquq proqramı həyata keçirilib. Məsələn, ötən tədris ilində bu proqrama daha 10 məktəb qoşulub. Layihə indi də davam etdirilir".

A.İbrahimov uşaq hüquqları üzrə beynəlxalq sənədlərin Azərbaycan dilinə tərcümə etdirilməsi istiqamətində də zəruri işlər görüldüyünü önə çəkir: "Məsələn, artıq Uşaq Hüquqları üzrə Beynəlxalq Konvensiya Azərbaycan dilinə tərcümə edilərək orta məktəblərə paylanılıb və bu sənədin öyrənilməsi təşkil olunub".

 

"Biz daima mənəvi hüquqları qorumaqla məşğuluq"

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva da Azərbaycanda insan hüquqlarının təbliği yönündə mütəmadi iş apardıqlarını bildirir: "Ümumiyyətlə, bu məsələ bizim qurumun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Yəni, Mədəniyyət və Turizm Nazirliyi daima yaradıcı insanların mənəvi hüquqlarının qorunması yönündə zəruri tədbirlər görür. Eyni zamanda, qeyri-maddi mədəni irsimizin qorunması istiqamətində də müvafiq tədbirlər davam etdirilir. Bundan başqa Mədəniyyət və İncəsənət Universitetində, habelə Rəssamlıq Akademiyasında, ayrı-ayrı sərgi salonlarında insan hüquqları ilə bağlı rəsm sərgiləri keçirilir. Məsələn, biz bu yaxınlarda Xocalı faciəsi haqqında rəsm müsabiqəsi təşkil etmişdik. Təbii ki, belə tədbirlərin həyata keçirilməsində əsas məqsəd erməni təcavüzkarları tərəfindən Azərbaycan xalqının hüquqlarının pozulması məsələsinin dünya ictimaiyyətinə çatdırılmasıdır".

 

 

Sevinc

 

Həftə içi.- 2011.- 4 mart.- S. 5.