Azərbaycan mediası qadın

 

Jurnalistikadakı xanımlar kişi həmkarlarının onlara qısqanclıqla yanaşdıqlarını deyirlər

 

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar bayramıdır. Qeyd edək ki, hazırda Azərbaycan əhalisinin 4 milyon 602 min nəfərini təşkil edən qadınların əksəriyyəti təhsil, səhiyyə sektoru ilə yanaşı, həm jurnalistikada çalışır. Bayram ərəfəsində Azərbaycan mətbuatının aparıcı xanım jurnalistləri bizimlə fikirlərini bölüşüblər.

"Azerbaydjanskie İzvestiya" qəzetinin baş redaktoru Gülnarə Hüseynova: "Azərbaycan jurnalistikasında qadınların rolu həmişə yüksək olub. Xanımlar jurnalistika sahəsində fədakarlıq göstəriblər. Bu mənada onlar cəmiyyətə nümunə olublar. Amma etiraf etmək lazımdır ki, qadınların fəallığına baxmayaraq, hansısa yüksək postda əyləşməsində müəyyən problem var. Bunun əsas səbəbi isə kişilər tərəfindən xanımların hüquqlarının pozulması, fəal qadınların sıxışdırılmasıdır. Hesab edirəm ki, jurnalistikadakı kişilər xanımları sıxışdırmasalar, onda bu sahənin zərif cinsinin nümayəndələri daha böyük uğurlara nail ola bilərlər".

"Azərbaycan" nəşriyyatının baş direktor müavini Bəsti Şahbazqızı: "Hazırda Azərbaycan jurnalistikasında çalışanların əksəriyyəti xanımdır. Bu da onu göstərir ki, qadınlarımız digər sahələrdə olduğu kimi jurnalistikada da fəaldırlar. Eyni zamanda, son illər Azərbaycan qadınlarının ictimai-siyasi fəallığı da artıb. Milli Məclisdə, yerli özünüidarəetmə orqanlarında təmsil olunan xanımların sayı çoxalıb. Yəni, qadınlara hansısa sahədə, eləcə jurnalistikada uğur qazanmaq üçün heç bir məhdudiyyət yoxdur. Sadəcə, xanımlardan fəallıq dinamika tələb olunub".

"Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay: "Təxminən 100 il bundan əvvəl Azərbaycanda "İşıq" adlı qəzet nəşr edilib. Həmin mətbu orqanın baş redaktoru isə Xədicə Əlibəyova olub. Deməli, hələ o dövrdə Azərbaycan qadını cəmiyyətdə savadı, biliyi, mübarizliyi ilə seçilib öz hüquqları uğrunda vuruşub. Savadlı qadın isə savadlı ana, yaxşı tərbiyəçi deməkdir. Təbii ki, belə xanımların yetişdirdiyi övlad cəmiyyət üçün həmişə yararlı vətəndaş olur. Bu baxımdan xanımlarımızın savadlı olması, ictimaiyyətdə fəallıq göstərməsi çox zəruridir. Amma o gündən bu günə çox sular axıb, vəziyyət xeyli fərqlidir, mətbuata verilən azadlıq KİV- xaos yaradıb, kimin-kim olduğu bilinmir. Məhz belə bir şəraitdə jurnalistikada qadınlarımızın təşkilatlanması çox vacibdir. Axı, xanımların missiyası həm ətrafda səliqə-sahman yaratmaqdır. Bu mənada indi qadınların jurnalistika sahəsində səliqə-sahman yaratmasına ciddi ehtiyac var".

"Azərbaycan qadını" jurnalının redaksiya assistenti müəllifi Laura Cəbrayıllı: "Bu gün qadınları cəmiyyətin bütün təbəqələrində işlərində görürük. Onların arasında böyük alim, yazıçı, rəssam, həkim qadınlarımız var. Elə "dördüncü hakimiyyət"də qədər öz yolu, məqsədi, oxucusu olan istedadlı qadınlar tanıyırıq. Onlarsız jurnalistikanı, yaradıcılığı təsəvvür etmək adamın heç ağlına gəlmir. Çoxları dilimizdə cəmi beş hərfdən ibarət olan sözlə yanaşı, gücsüz bir məxluq deməkdən özünü saxlaya bilmir, amma qadınlar heç vaxt gücsüz olmayıb. Anaya xüsusən Azərbaycan anasına kim gücsüz deyə bilər? Zərurət yarananda, onların köməyinə ehtiyac hissi olanda qadınların qədər güclü olduğu üzə çıxır. Şübhəsiz ki, qadınlar cəmiyyətdə getdikcə daha fəal mövqe tuturlar. Onların müxtəlif vəzifələrdə təmsil olunmasında bu fəallıq özünü istər-istəməz büruzə verəcək verir . Əlbəttə, qadınlar, xüsusən Azərbaycan qadınları ailəyə, yeni nəslin təlim-tərbiyəsinə daha çox diqqət yetirirlər. Amma qadınların ən gözəl xüsusiyyəti budur ki, onlar çalışmaqdan yorulmur, işin çoxluğundan qorxmurlar. Yəqin elə ona görə ən "işli-güclü" dinamik sahə olan jurnalistikada qadınların sayı belə çoxdur".

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova: "Bu gün Azərbaycan jurnalistikasında qadınların fəaliyyətini yüksək qiymətləndirirəm. Elə 8 Mart - Beynəlxalq Qadınlar bayramı ilə bağlı biz xanım jurnalistləri mükafatlandırmağı düşünürük. Amma bir məqamı vurğulayım ki, bu gün jurnalistikada çalışanların əksəriyyəti xanımlar olsa da, kişilər onların hansısa vəzifə tutmasına qısqanclıqla yanaşırlar. Məsələn, Mətbuat Şurasında yalnız bir xanım jurnalistin təmsil olunması, aparıcı telekanal rəhbərlərinin ancaq kişilər olması bunun əyani sübutudur. Bu mənada düşünürəm ki, qadın jurnalistlərə müəyyən qədər imkan yaradılsa, onlar daha böyük uğurlara imza ata bilərlər".

Milli.Az xəbər portalının baş redaktoru Sevda İlhamqızı: "Azərbaycan mediasında qadınların rolu kifayət qədər fəaldır. Media orqanlarının qadın rəhbərləri, fəal xanım jurnalistlər xeyli saydadır. Azərbaycan mətbuatının banisi kişi olsa da, onun həyat yoldaşı Hənifə xanım Həsən bəyin ən yaxın köməkçisi, həmfikiri olub. Ziyalı, savadlı qadınlarımız cəmiyyətin dayaq sütunudur. Sağlam toplumu onlar formalaşdırır, bilikli, dünyagörüşlü gənc nəsli onlar yetişdirirlər. Jurnalistlərin üzərinə eyni missiya düşür. Cəmiyyətin irəli getməsində, gündəlik yaşamında jurnalistlərin rolu əvəzsizdir. Öz təcrübəmdən görürəm ki, qadınlar heç kişi həmkarlarından az görmür, bəzən hamıdan daha çox fədakarlıqlar edirlər. Bu baxımdan düşünürəm ki, mediada qadın aparıcı qüvvədir. O, texniki işlərdən tutmuş ən qaynar nöqtələrdən reportajlara qədər, hər işi bacarır. Amma bu, o demək deyil ki, onlar cəmiyyətin başqa sahələrinə müraciət etsələr, uğursuzluğa düçar olarlar. Axı, ordumuzda, hüquq-mühafizə sistemində, idmanımızda da qadınlar yüksək səviyyədə təmsil olunurlar. Bu baxımdan Azərbaycan xanımına hansısa məhdudiyyət qoyulmasa, o istənilən sahədə özünü doğrultmağa qadirdir".

"Novosti Azerbaydjan" beynəlxalq informasiya agentliyinin baş direktoru Gülnarə Məmmədzadə: "İnformasiya texnologiyaları əsrində qlobal reallıqların sürətlə dəyişdiyi, yüksək peşəkarlıq kriteriyalarının tələb olunduğu bir vaxtda qadınların bu proseslərdəki rolunu fərqləndirmək bir qədər çətindir. Lakin ümumilikdə kommunikasiya sahəsində, genişmiqyaslı siyasi və sosial layihələrə rəhbərlikdə lider qadınların rolu həqiqətən də artıb. Bu, Azərbaycana da aiddir. Təbii ki, həm də müsbət amildir. Çünki məhz qadınlar özlərinin təbii keyfiyyətlərinə arxalanaraq rəhbərlikdə daha çevik metodlar tətbiq edə, mövcud münaqişələri azalda və ətrafda harmoniya yarada bilirlər. Digər tərəfdən qadınların rəhbər postlarda saylarının çox olmaları cəmiyyətin ümumilikdə inkişaf səviyyəsinə də müsbət təsir göstərir. Tolerantlığın səviyyəsini artırır. Konkret nümunələrə nəzər salsaq, qadınların rəhbərlik etdiyi uğurlu layihələri görə bilərik. Bu KİV-ə də aiddir. Düzdür, müasir dünyada belə rəhbər postlarda kəmiyyət baxımından qadınlar kişilərə uduzur. Lakin bu prinsipcə normaldır. Çünki qadınlara hələ də daha çox ana və ailə ocağının qoruyucusu kimi baxırlar. Bu xarakter tək Azərbaycan üçün yox, digər cəmiyyətlər üçün də keçərlidir. Əsas odur ki, cəmiyyətdə lider qadınların formalaşması üçün şərait yaradılsın".

  

 

Sevinc Osmanova

 

Həftə içi.- 2011.- 8-9 mart.- S. 1, 5.