"Hərbi sahədə əməkdaşlığımız daha da inkişaf etdirilməlidir"

 

Türkiyənin müdafiə naziri Vecdi Gönülün Trend-ə müsahibəsi

 

- Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. 2010-cu il sentyabrın 15-də imzalanmış "Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması" haqqında Birgə Bəyannamə əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoydu.

Türkiyə Azərbaycanın Avroatlantik məkana inteqrasiyası çərçivəsində apardığı işləri də dəstəkləyir. Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlığının olduğu və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır.

Bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində 5000-ə yaxın azərbaycanlı hərbçi təhsil alıb. Hazırda azərbaycanlı hərbçilərin bir qrupu bizim təhsil müəssisələrimizdə təhsillərini davam etdirir. Azərbaycan Silahlı Qüvvələrinin yenidən təşkilinə kömək etmək məqsədilə hər il müəyyən kvotalar daxilində Türkiyədə azərbaycanlı hərbi qulluqçular təhsil alırlar.

Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Türkiyənin keçirdiyi hərbi təlimlərdə müşahidəçi qismində dəvət olunur, həmçinin, iki ölkə arasında ikitərəfli əsasda xüsusi təlimlər də icra edilir. Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər. Bu mənada həm ikitərəfli səviyyədə, həm də NATO ilə əməkdaşlıq çərçivəsində hərbi sahədə əməkdaşlığın davamlı inkişafı bu müttəfiqliyin ayrılmaz hissəsidir.

- Silah və sursat istehsalı, alışı və satışına dair Türkiyə-Azərbaycan arasındakı əməkdaşlıq necədir?

- Dost və qardaş ölkə Azərbaycan ilə müdafiə sənayesi sahəsindəki əməkdaşlıq keçmişdə olduğu kimi, indi də yüksək səviyyədədir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqədar şirkətlər arasında, beynəlxalq müqavilələr çərçivəsində həyata keçirilir.

Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın hüquqi təməldə həyata keçirilməsini təmin etmək məqsədilə iki ölkə arasında 20 sentyabr 2000-ci ildə "Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında" müqavilə imzalandı. Türkiyə və Azərbaycanın müdafiə sənayesi sahəsində əməkdaşlığı yüksək səviyyədə aparılan hərbi dialoq çərçivəsində həyata keçirilir.

ASELSAN tərəfindən Azərbaycan ordusunun müasir avadanlıqlar və texnika ilə təmin edilməsi məqsədilə 1998-ci ildə Azərbaycanda "ASELSAN-Bakı" şirkəti yaradılıb. Şirkət hərbi məhsulların təmiri və texniki dəstəklə yanaşı, mülki məhsulların satışı və digər xidmətlər göstərir.

- İki ölkə arasında hərbi əməkdaşlıq və silah-sursat satışı ilə bağlı qarşıda hansı planlar durur?

- İki dost və qardaş ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaslığın lazımi səviyyədə olmadığını bir daha vurğulamaq istəyirəm. Türkiyə olaraq əməkdaşlıq fəaliyyətinin artırılmasını arzu edirik.

Türkiyədə son illərdə müasir müdafiə sənayesi bazası yaradılıb. Bu çərçivədə aviasiya, zirehli texnika, müdafiə elektronikası, raket sistemləri və ümumi silah sənayesi sahələrində ən son texnologiyaya sahib NATO standartlarına uyğun olan sistemlər istehsal edilir. Bundan başqa, Türkiyədə dost və qardaş ölkələrin tələbatına uyğun olaraq hərbi geyim hazırlanır. Dost və qardaş ölkə Azərbaycanın müdafiə sənayesi və hərbi geyim sahəsində ehtiyaclarının ödənilməsi kimi mövzularda Azərbaycan ilə əməkdaşlığa açıq olduğumuzu da vurğulamaq istərdim.

 

 

Həftə içi.- 2011.- 11 mart.- S. 3.