71 saylı Ağdam köçkün məktəbi

 

Direktor Səlim Əzimov: "İllərdir məktəbimiz TQDK-nın ən yaxşıları siyahısındadır"

 

Köçkün məktəblərində təhsilin vəziyyəti və onlara göstərilən qayğı ilə maraqlandıq. Bu səbəbdən də yolumuzu 71 saylı Ağdam köçkün məktəbindən saldıq. Adıçəkilən təhsil ocağı Bakı şəhər 34 saylı Texniki Yaradıcılıq Mərkəzinin binasında məskunlaşıb.

Şagirdlərin təhsil alması üçün həmin məktəbdə hər cür şərait yaradılıb. Təmir edilmiş, istilik sistemi və məktəb avadanlıqları ilə təchiz olunmuş otaqlarda dərslər keçirilir. Məktəbdə nizam-intizam və davamiyyət yüksəkdir. Göstəricilərə görə adıçəkilən məktəb nəinki rayon, hətta respublikamızda da ən qabaqcıl təhsil ocaqlarından biridir. Məktəbin müəllimlər otağında divardan asılmış bir lövhə diqqətimi cəlb etdi. Heç bir təhsil ocağında belə bir lövhə olmayıb. Həmin lövhədə məktəb haqqında ümumi məlumat verilir. Həmçinin fənn kabinetləri, fənn birləşmələri, kurikulum, məktəbin illər üzrə uğurları, məzun prezident təqaüdçüləri, məzun deputatlar, müəllim və şagirdlərin sayı, ilin müəllimi, müasir dərslərin tipləri, dərsə verilən tələblər, məktəbdaxili qiymətləndirmə və sairə gösrərilib.

Hər il olduğu kimi, 2009-2010-cu tədris ilində də bu təhsil ocağının göstərişləri yüksək olub. Belə ki, 12 məzundan 7-si ali təhsil ocağına qəbul olunub. Günay Qasımova adlı məzun 630 balla Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olduğuna görə Ağdam RİH tərəfindən fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb. Məktəbi bitirən 14 məzun magistraturada təhsil alır. Bundan başqa, 2 məzun Türkiyədə, 2 məzun ABŞ-da təhsilini davam etdirir, 1 məzun isə prezident təqaüdçüsüdür. Digər 1 məzun isə Ağdam rayonunu yüksək səviyyədə təmin etməklə Uşaq Parlamentinə deputat seçilib.

Məktəbin direktoru, Qabaqcıl Maarif Xadimi, respublikanın, tanınmış nüfuzlu ziyalısı və müəllimi Səlim Əzimov bildirdi ki, keçən dövr ərzində 11-ci sinfi bitirən 410 məzundan 229 nəfəri ali məktəbə qəbul olub. Bununla da 2001-2008-ci illərdə məktəb Tələbə Qəbulu Dövlət Komissiyasının yaxşı məktəblər siyahısına daxil edilib. "Təhsil islahatları ilə əlaqədar uğurlarımız çoxdur. Fənn kurikulumlarının tətbiqi ilə əlaqədar olaraq məktəbin I-III siniflərində dərslər yüksək keyfiyyətlə tədris olunur. Sinif müəllimləri Gülbəniz Tağıyeva, Alimə Novruzova ustalıqla şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olurdu. 20 nəfər müəllim son 5 ildə ixtisasartırma kursundan keçərək öz ixtisaslarını yenidən təkmilləşdiriblər".

S.Əzimov məktəb şagirdlərinin idmana böyük həvəs göstərdiyini və bu sahədə olan uğurlardan da danışdı: "Gənc idmançılarımız respublika və beynəlxalq idman yarışlarında uğurla çıxış edirlər. Şagirdimiz Faiq İsmayılov keçirilən respublika, MDB və beynəlxalq miqyaslı yarışlarda çıxış edərək həmişə 1-ci və 2-ci yeri tutub. Bu günə kimi həmin yarışlarda 19 qızıl və 8 gümüş medala layiq görülüb. Həmişə qələbə ilə qayıdıb. Bu yaxınlarda Respublika yığma komandasının tərkibində Faiq İran İslam Respublikasında keçiriləcək beynəlxalq yarışa qatılacaq".

Müsahibim onu da vurğuladı ki, bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən keçirilən IX-XI siniflərarası test-sınaq imtahanında məktəbləri uğurla çıxış edib. Şagirdlər yüksək bal qiymətləri ilə öz biliklərini bir daha nümayiş etdiriblər: "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə ilə bağlı məktəbdə geniş tədbirlər planı hazırlanıb. Həmin plana uyğun olaraq "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda məktəbdaxili inşa-yazı müsabiqələrinə başlanılıb. Onu da qeyd edim ki, Xoçalı soyqırım, ilə bağlı məktəb şagirdlərinin yüksək səviyyədə hazırladıqları ədəbi-bədii kompozisiya çox təsirli olduğuna görə "İTV"də yayımlandı".

2010-2011-ci tədris ili üçün ibtidai siniflərdə bütün fənlər üzrə, V-XI siniflərdə isə ana dili, riyaziyyat, çoğrafiya, ədəbiyyat, tarix, biologiya, kimya, əmək təlimi, ingilis dili fənləri üzrə açıq dərslər keçirilir. Dərsdən sonra fənn müəlliminin bilik və təcrübəsi müzakirə edilir. Nəticədə fənn müəlliminə bu sahədə metodik göstərişlər verilir.

  

  

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 17 mart.- S. 5.