"ATƏT-in hesabatı Ermənistanın təcavüzkar siyasətini sübut edən sənəddir"

 

Ermənistana təzyiqlər edilməlidir ki, Azərbaycanın torpaqlarından çıxsın

 

ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı Ermənistanın təcavüzkar siyasətini sübut edən növbəti beynəlxalq sənəddir. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında bildirib.

"ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşmanın aparılmasını bir daha təsdiqləyir" - Səfərov əlavə edib.

O bildirib ki, artıq işğalçı Ermənistan beynəlxalq hüquqa zidd addımlarını dünya ictimaiyyətindən gizlədə bilmir. Onun sözlərinə görə, bu hesabat Ermənistanın təcavüzkar siyasətini sübut edən növbəti beynəlxalq sənəddir.

"Hesabatda bildirilir ki, işğal olunmuş ərazilərdə məskunlaşdırılmış insanların şəxsiyyətini təsdiq edən heç bir sənəd yoxdur. Bu faktın özü qanunsuz məskunlaşmanı əyani şəkildə təsdiqləyir. Artıq Ermənistanın işğalçı mahiyyəti bir daha təsdiqləndi. Beynəlxalq birlik bundan sonra işğalçı Ermənistana qarşı təzyiqlər etməlidir ki, Azərbaycanın torpaqlarından çıxsın. İnsanlar öz doğma torpaqlarına qayıtmaq istəyir və bu, belə də olacaq" - Səfərov vurğulayıb.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının müraciəti əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə 7-12 oktyabr 2010-cu il tarixlərində sahə qiymətləndirmə missiyasını (SQM) həyata keçiriblər.

 

 

Həftə içi.- 2011.- 29 mart .- S. 4.