"Çoxları elə bilir mən xalq artistiyəm"

 

Səidə Quliyeva: "Valideynlərimin mənə verdikləri gözəl ad var, o bəsimdir"...

 

"Mədəniyyət" səhifəmizin növbəti qonağı Milli Dram Teatrının aktrisası, Azərbaycanın əməkdar artisti Səidə Quliyevadır. Onunla "Aramızda qalsın" teleserialının növbəti seriyasının çəklişi zamanı "Xəzər" TV-də görüşdük. Söhbətimizə Səidə xanım başladı, uşaqlıq illərindən danışmaqla:

- Bakı şəhərində anadan olmuşam. Təhsilimi 199 saylı orta ümumtəhsil məktəbində almışam. Bu məktəbi yüksək qiymətlərlə bitirmişəm. Uşaqlıq illərim maraqlı keçib. Çox şükürlər olsun ki, keçmişimə nəzər salarkən həyatımda keşməkeşli, çətin günlərim olmayıb. Biz ailədə 5 uşaq olmuşuq. Nənəm tək qalmasın deyə, uşaqlıqdan onun yanında böyümüşəm. Nənəm tamamilə fərqli bir sahədə işləyirdi. Amma o dövrün insanları mədəniyyət və incəsənət ilə çox maraqlanırdılar. Məhz buna görə də, nənəm teatrsevər bir xanım idi. Kiçik yaşlarımda onunla teatra çox gedərdik. Demək olar ki, uşaqlığım teatrlarda keçib. Beləliklə məndə teatr sahəsinə həvəs yarandı. Aktrisa olmaq istəyirdim. Amma atam bu istəyimə qarşı çıxırdı. O, qızı Səidəni aktrisa kimi görmək istəmirdi. Amma bir müddət keçəndən sonra razılıq verdi. Beləliklə sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim. 1978-ci ildə bu institutun "dram kino aktyoru" fakültəsini bitirdim. Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, atam sonralar bu sənəti seçməyimə görə mənimlə fəxr edirdi. Yeri gəlmişkən, bu sənətə məndə maraq yaratdığına görə, nənəmə öz dərin təşəkkürlərimi çatdırıram.

- Səidə xanım, bəs səhnəyə ilk gəlişinizi necə xatırlayırsınız?

- Mən səhnəyə ilk gəlişimi çox gözəl xatırlayıram. Sanki, səhnəyə bu gün gəlmişəm. 1978-ci ilin sentyabrın 1-dən Akademik Milli Dram Teatrının aktrisasıyam. Artıq 33-cü ildir bu sənətdəyəm. Yaddımdadır, Milli Dram Teatrında məni Tofiq Kazımov qəbul etdi. İlk rolum 1979-cu ildə rejissor Ə.Quliyevin hazırladığı Vilyam Şekspirin "Heç nədən hay-küy" komediyasında "Hero" olub.

- Etiraf edim ki, kiçik yaşlarımdan telekanallarda izlədiyim kimisiniz. Sanki heç dəyişməmisiniz...

- Əzizim minnətdaram. Xoş sözlərin üçün təşəkkürlər. İnanırsan, bayram günü bunu eşitmək mənim üçün ən böyük sevincdir... (İkimizdə gülürük)

- Gözəllikdən danışmışkən, gözəlliyi on sayıb, onun doqquzunu donla bağlayanlara haqq qazandırırsınız?..

- Hardasa bu ifadə ilə razıyam. Amma mənim fikrimcə, bunun üzərinə əhval-ruhiyyəni gəlmək lazımdır. Çünki xanımların gözəlliyi özlərinin ətrafdakı insanların əhval-ruhiyyəsi abu-havasından daha çox asılıdır...

- Səhv etmirəmsə, ötən il mətbuata müsahibələrinizin birində romantik insan olduğunuzu, bu cəhətin çox köməyinizə çatdığını qeyd etmişdiniz...

- Elədir. Mən çox romantik bir insanam. Əsasən əhval-ruhiyyəmi bunun üzərində qururam. Təbiət ilə çox təmasda oluram. Təbiətin möcüzələrinə sevinirəm. Bundan da zövq alıram...

- Maraqlıdır, bu sənətə gəlib məşhur olmağınızda kimin haqqı daha çoxdur?

- Bu səviyyəyə gəlib çatmağıma görə sənət müəllimlərim olan Tofiq Kazımova, Adil İsgəndərova, Əzizağa Quliyevə və bir neçə rejissora minnətdaram...

- Deyilənə görə, aktyor və aktrisalar üçün, onların oynadıqları rollar övladları kimidir. Bu fikir ilə razısınız?

- Razıyam. Həqiqətən də belədir. Əsər bizə verilən zaman quru bir material olur. Amma ona abu-havanı vermək isə biz aktyor və aktrisaların öhdəsinə düşür. Hər hansı tamaşanın hazırlanmasında zəhmətimiz, əziyyətimiz olduqca çoxdur. Elə bütün bunlara görə də rollar bizim övladlarımız kimidir. Onları biri-birindən ayırmaq olmur...

- Övladlardan söz düşmüşkən, sizin üçün ailə nə deməkdir. Ümumiyyətlə, siz ailənizi nə vaxtsa sənətə qurban verə bilərsiniz?..

- Mənim sənətim bir peşədir. Şəxsi həyat ilə sənəti qarışıq salmaq qətiyyən olmaz. Bu gün özümü ailəsiz təsəvvür edə bilmərəm. Ailə mənim üçün hər bir şeydir...

- Sizə zəng edib müsahibə götürmək istədiyimi bildirən zaman vaxtınızın az olmasından şikayətləndiniz. Tamaşalar, çəkilişlər, ailə və s... Bunların hamısını bir yerdə necə çatdırırsınız?

- Həqiqətən də mənim vaxtım yoxdur. İstirahətə də çox az vaxtım qalır. Azərbaycanda aktyorların istirahəti demək olar yox səviyyəsindədir. Bu da sağlamlığa çox pis təsir edir. Uğur düsturuma gəlincə, onu deyə bilərəm ki, həyatda çox şanslı bir insanam. Görünür Uca Tanrı məni çox istəyir...

- Yeri gəlmişkən, mütəxəssislər hesab edir ki, aktyorun sosial vəziyyəti həmişə zamandan geri qalır. Sosial, yaradıcılıq sıxıntıları və s. Razısınız bu iddia ilə?

- Düzdür. Mən sırf sənətlə məşğul olan bir insan kimi deyərdim ki, Azərbaycanda aktyorların yaşam tərzi çox aşağı səviyyədədir. Şükürlər olsun ki, çəkilişlər var. Amma bu da o dərəcədə deyil. Biz aktrisaların qazancı çox aşağı səviyyədədir...

- Maddi durumunuzu necə tənzimləyə bilirsiniz?

- Mən başımdan yuxarı atdanmağa heç vaxt cəhd etməmişəm. Heç bunu sevmirəm də! Hər zaman çalışmışam ki, ayağımı yorğanıma görə uzadım. Bir sözlə, bəzilərindən fərqli olaraq kifayətlənən insanlardanam...

- Keçmişinizə nəzər salarkən, bu günə kimi sizi utandıran, peşman olduğunuz hər hansı bir hərəkətiniz varmı? Bir sözlə, keçmişinizin silinməyən səhvi...

- Xeyr, belə günlərim ümumiyyətlə olmayıb. Sadəcə, xırda səhvlərim ola bilər. Məişətdə, işdə və s. Bu da təbii bir haldır. Tam əminliklə deyə bilərəm ki, bu günə qədər heç kəsin qəlbinə dəyməmişəm. Həmişə çalışmışam insanlarla ünsiyyətim zamanı səmimi olum və heç kimin qəlbinə dəyən bir hərəkət etməyim...

- Deyirlər ki, insan daşdan-daşa dəyərək möhkəmlənir. Daşdan-daşa dəyən günləriniz çox olub?

- İnsanın kamilləşməsi üçün zaman lazımdır. Bəzən elə günlər olur ki, keçmişə nəzər salarkən "Bunu niyə etmədim?", "Gərək edərdim" sözlərini deyib təəssüflənirəm. Sizə bir söz deyim. Mən yaşa dolduqca son illər özümdə çox şeylər hiss etdim. Əvəllər kiçik bir hadisəyə münasibət bildirən zaman emosiyalara qapanırdım. Amma indi isə tam əksinə. Ağıllı düşünməyə başlayıram. Çox qəribədir ki, insanlar arasında "Kaş indiki ağlım onda olardı" ifadəsi dəb halını alıb. Amma bu düzgün ifadə deyil. Çünki insanı mühit, zaman tərbiyə edir...

- Bu günə qədər həyatda aldığınız ən böyük dərs kimi nəyi hesab edirsiniz?

- İnsanın həyatında belə günlər çox olur. Onu qeyd edim ki, kiçik yaşlarında insanın daha çox dostu olur. Amma zaman keçdikcə bunlar bir-iki olur. Baxın, bunun özü də həyatın verdiyi bir dərsdir. Yenə də deyirəm, illər, zaman özü hər şeyi istər-istəməz axarına salır...

- Belə bir deyim var ki, məşhurluq ölənə qədər mübarizə deməkdir. Belə çıxır ki, məşhurluq başa bəladır?

- Hardasa bu fikri mən də bölüşürəm. İstədiyimiz yerə çıxmaqda çətinlik çəkirik. Gərək harasa gedən zaman özünə fikir verəsən, hər zaman formada olmağı bacarasan.

- Əvvəllər tez-tez aktyorlar arasında ayrı-seçkilik müşahidə olunurdu. İndi də belədir?

- Güya indi yoxdur ki?! İndi də var. Deyərdim ki, hazırda bu daha qabarıq şəkildə özünü büruzə verir. Bu gün çox vaxt dünən sənətə gələn uşaq ilə sənin aranda yerlə-göy qədər böyük fərq qoyurlar. Hətta elə olur cılız bir istedada malik olan insan süni şəkildə göylərə qalxır. Mən bunun tamamilə əleyhinəyəm...

- 2000-ci ildə "Əməkdar artist" adına layiq görüldünüz. Artıq bu hadisədən 11 il keçir. Maraqlıdır, bəs bu günə qədər niyə "Xalq artisti" adına layiq görülməmisiniz?

- Çox insanlar elə bilir ki, mən xalq artistiyəm. 2000-ci ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən bu ada layiq görülmüşdüm. Bundan başqa heç bir fəxri adım yoxdur. Mən hərdən evdə deyirəm ki, valideynlərimin mənə verdikləri gözəl bir ad var. O mənə bəsdir... (Gülür)

- Səhv etmirəmsə "Adam ol" filmini yaradıcılığınızda qara nöqtə kimi sayırsınız?..

- Düzdür. Mən tərəf müqabillərimin çox güclü olduğuna inanıb bu kinoya çəkilmək qərarına gəlmişdim. Bir sözlə aldandım. Sonra nəticəsini görən zaman isə bu filmi yaradıcılığımda qara nöqtə kimi saydım...

- Bir sıra insan bu sənətin çətinliklərinə dözməyib, meydanı tərk edib. Nə vaxtsa sizdə də belə fikirlər ola bilərmi?

- Çox istedadlı insan belə bir addımı ata bilməz. Əgər kimsə sənətin çətinliklərinə dözməyib bu sənət meydanını tərk edirsə, mən belələrini istedadsız və bacarıqsız bir aktyor hesab edirəm...

 

  

Cəfər Mənsimi

 

Həftə içi.- 2011.- 30 mart.- S. 7.