BMT-nin Lider Qadınlar Şurasının sədri gender bərabərliyi ilə maraqlanıb

 

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova İngiltərə Lordlar Palatasının, Azərbaycan-İngiltərə Dostluq qrupunun üzvü, BMT-nin Lider Qadınlar Şurasının sədri Baronessa Mary Goudieni qəbul edib. Ombudsman Aparatından "Həftə içi"nə verilən məlumata görə, görüşdə qonaq Azərbaycanda insan hüquqları sahəsində həyata keçirilən fəaliyyətlə maraqlanıb. Baronessa M.Goudieyə Ombudsmanın insan hüquqlarının müdafiəsi və təmin olunması üzrə fəaliyyəti, Müvəkkilin mandatı və səlahiyyətləri, təsisatın strukturu ilə bağlı məlumat verilib. Müvəkkil ötən ilin dekabrında "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununa Müvəkkilin milli preventiv mexanizm kimi fəaliyyətinin tənzimlənməsi, eyni zamanda "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə nəzarətin həyata keçirilməsi üzrə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar layihənin Milli Məclisdə birinci oxunuşda qəbul edildiyini bildirib.

Müvəkkil Avropa Birliyinin həyata keçirdiyi layihələrdə, o cümlədən Tvinninq və Şərq tərəfdaşlığı layihələrində təsisatın iştirak etdiyini, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyini diqqətə çatdırıb. E.Süleymanova qonağın ölkəmizdə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi və məişətdə zorakılığa qarşı mübarizə ilə əlaqədar sualını cavablandırıb. O, qadın və kişilər arasında hüquq bərabərliyin təmin edilməsinə önəm verildiyini, qadınların cəmiyyətdə gedən demokratik inkişaf proseslərinə qoşulduğunu, yeni dövrün tələb və xüsusiyyətlərinə uyğun olaraq, qadın hərəkatının geniş vüsət aldığını söyləyib. Görüşdə tənha yaşlıların, o cümlədən ahıl qadınların hüquqlarının müdafiəsi, sağlamlığının qorunması məsələlərinə də toxunulub.

  

 

Əli

 

Həftə içi.- 2011.- 31 mart.- S. 3.