"Azərbaycan çox xoşuma gəldi"

 

Fuad Namsoy: "Yaxın gələcəkdə Azərbaycan bələdiyyələri ilə əməkdaşlıq etmək niyyətindəyik"

 

ŞKTC-nin Lapta bələdiyyəsinin sədri Fuad Namsoyla "Həftə içi"ndə söhbət

 

Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanıtmaq məqsədilə Bakıda keçirilən sərgidə iştirak edən kıprıslı nümayəndələr arasında Lapta bələdiyyəsinin sədri Fuad Namsoyu görəndə, çox sevindik.

Çünki bu qardaş ölkədə əhalinin sosial rifahının yüksəldilməsi məsələsində bələdiyyələrin əməyi çox böyükdür. Nəzərə alsaq ki, burada adambaşına düşən milli gəlir Azərbaycanla müqayisədə dəfələrlə yüksəkdir və bu uğurun qazanılmasında bələdiyyələrin də rolu var, deməli, bu əziz qonaqla fikir alış-verişi etmək oxucularımızın da marağına uyğundur. Ona görə də kıprıslı bələdiyyə sədri ilə ayaqüstü söhbət etdik. Ulusal Birlik Partiyasının üzvü olan F.Namsoy söhbətimizin başlanğıcında Şimali Kiprdə insanların sosial güzarının yüksək səviyyədə olduğunu dedi. Bildirdi ki, bunu ŞKTC-yə yolu düşən hər bir kəs öz gözləri ilə görə bilər:

"Artıq beşinci dəfədir ki, bələdiyyə sədri seçilirəm, bu isə ümumilikdə 18 il deməkdir. İndiki sədrlik müddətim isə 2 il sonra başa çatacaq və bununla da bələdiyyə sədrliyində işlədiyim müddət 20 il olacaq: "Sədri olduğum Lapta bələdiyyəsinə bağlı 14 kənd var. Ən əsası odur ki, bölgəmiz böyük potensiala malik təbii və tarixi sərvətlərlə zəngindir. Laptanın turizm potensialı çox böyükdür. Orada çox sayda yüksək səviyyəli, müasir xidmətləri ilə turistlərin qulluğunda duran hotellər mövcuddur. Ümumiyyətlə, Lapta sakinlərinin əsas iş və qazanc yeri məhz turizm sektorudur", - deyən F.Namsoy əlavə etdi ki, Lapta coğrafi baxımdan dağla dənizin arasında yerləşir. Buna görə də Lapta dünyanın çox nadir təbii gözəlliyə malik bölgələrindən biri adlandırıla bilər. Maraqlıdır ki, Bakıda Şimali Kiprin turizm potensialının tanıdılmasına dair tədbir keçirilirdi və təbii ki, ora gələnlər də əsasən turizm bölməsinin əməkdaşlarıdır. O zaman bələdiyyə sədrinin səfərinin məqsədi nədir? F.Namsoy bildirdi ki, yuxarıda söylədiyi kimi, Lapta turizm bölgəsidir, insanların əsas gəliri bu sahədəndir: "Bələdiyyə olaraq həmişə turizm sektorunun nümayəndələri ilə, hotelçilərlə əməkdaşlıq edirik. Ona görə də həmişə yeni proqramlar üzərində işləyirik, düşünürük nə edək ki, daha böyük uğurlar qazanaq. Elə Azərbaycanda keçirilən sərgiyə də bu məqsədlə gəlmişik", - deyən bələdiyyə sədri bildirdi ki, Azərbaycanda böyük tikinti - quruculuq işləri görülür. Bu mənada istəyirdi ki, həmin proseslərin canlı şahidi olsun: "Hazırda Azərbaycandan Şimali Kipr Türk Cümhuriyyətinə həftədə iki dəfə səfərlər təşkil olunur. Ölkələrimiz arasında əlaqələr əvvəlki illərlə müqayisədə daha çox inkişaf edib. Özü də bu inkişaf həm turizm, həm də iqtisadiyyatın digər sahələrində özünü göstərir. Ümumiyyətlə, Azərbaycan mənim çox xoşuma gəldi".

Artıq xeyli müddətdir ki, Azərbaycanda da ictimai həyatda mühim rol oynayan bələdiyyələr müəyyən təcrübə toplayıblar. Maraqlıdır, F.Namsoy azərbaycanlı həmkarları ilə görüşüb, müzakirələr apardımı? Qonaq təəssüf hissi ilə "yox" dedi. Bildirdi ki, Azərbaycana Kıprıs Hotelçilər Birliyinin təşkilatçılığı ilə gəldiyindən və vaxtı çox az olduğundan, Azərbaycan bələdiyyələrindən hər hansı biri ilə görüşməyi planlaşdırmayıb. "İnşallah, yaxın gələcəkdə Azərbaycan bələdiyyələri ilə əməkdaşlıq etmək niyyətindəyik. Məhz bu proqramlar çərçivəsində Azərbaycanın hansısa şəhərinin bələdiyyə başçısını ölkəmizə - Laptaya dəvət edərək, əlaqələrin inkişafı yollarını araşdıracağıq".

Bir maraqlı məqam da var: indi müxtəlif ölkələrin bələdiyyə orqanları arasında əməkdaşlığın ən bariz və geniş yayılmış göstəricisi budur ki, qarşılıqlı olaraq hərə öz ərazisində hansısa parka, küçəyə və sair obyektə qarşı tərəfi əks etdirən ad verir. Bəs bu məsələ Lapta və onun gələcəkdə dost seçəcəyi Azərbaycan bələdiyyələri arasında necə həll olunacaq? F.Namsoy burada çətin bir problem olmadığını dedi. Onun sözlərinə görə, qardaşlaşacaqları bələdiyyə qurumu ilə bu məsələni asanlıqla yoluna qoyacaqlar: "Əsas məsələ Azərbaycanda hansı şəhərin bələdiyyəsi ilə əlaqə qurmağımızdır. Bunun üçün ölkəmizin Bakıdakı təmsilçiliyinin vasitəsilə iş aparacağıq, özümüzə tərəfmüqabil tapandan sonra mütəmadi qarşılıqlı səfərlər təşkil edəcəyik. Əlbəttə, bizim əlaqələrimiz həm də bütövlükdə Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan xalqlarını biri-birilərinə tanıtmaq yönümündə vasitə olacaq".

Kıprıslı müsahibimiz bələdiyyənin fəaliyyəti üçün lazım olan maddi gəlirdən söz açdı. Bildirdi ki, Lapta bələdiyyəsinin ərazisində yerləşən bütün turist obyektləri onlara aylıq rüsum verir. "Digər vergiləri də nəzərə alsaq, bələdiyyəmizin hesabında xeyli vəsait cəmlənir. Sonradan həmin pulla Laptada layihələr həyata keçiririk. Yəni yollar çəkirik, bağları-parkları təmir edirik, mədəniyyət-məişət obyektləri tikirik və sair. Buna baxmayaraq, bəzən elə böyük və çox vəsait tələb edən layihələrimiz ola bilər ki, bunun üçün hökumətdən kömək istəyirik. Əgər müsbət cavab verilərsə, həyata keçiririk". F.Namsoy istəyimiz əsasında Azərbaycan və ŞKTC-dəki sosial vəziyyəti də müqayisə etməyə çalışdı. Bildirdi ki, Azərbaycanda bir neçə gündür səfərdədir və buna görə də insanların sosial durumunu öyrənə bilməyib. Buna baxmayaraq, Kıprıs vətəndaşlarının vəziyyəti barədə məlumat verə bilər. Onun sözlərinə görə, Kıprısda insanların sosial tələbatı daha yaxşı ödənilib. Yəni insanlar yüksək maaş alır, iş yerləri var, eyni zamanda, adamlar işdən sonra lazimi qaydada istirahətlərini də təmin edə bilirlər. Əsasən də hüquqlarını qorumaqda və davranışlarında çox sərbəstdirlər. Buna baxmayaraq, Kıprısda ən aşağı əməkhaqqının ayda 600 avro olduğunu dilə gətirən bələdiyyə sədri əlavə etdi ki, ölkə bazarındakı qiymətlər nəzərə alınarsa, bu qədər maaş yetərli deyil. Ona görə də onlar insanların daha çox gəlir götürməsini təmin etmək üçün müəyyən layihələr həyata keçirirlər. Eyni zamanda, dövlət də hər ay ümumi gəlirlərinin 8,5 faizini bələdiyyələrin hesabına köçürür ki, vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün xərcləsinlər. Bütün bunlarla yanaşı, bələdiyyə sədri Azərbaycanda da ilk görünüşdən insanların pis yaşamadıqlarını və sosial sahədə sürətli tərəqqi olduğunu vurğuladı.

  

  

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2011.- 3 may.- S. 4.