"Qardaş, dost deyə-deyə bir də baxıb görərik
ki, münasibətlər
artıq soyuqlaşıb"
Toğrul İsmayıl:
"Türkiyə ilə işləmək Rusiya ilə
çalışmaqdan daha vacibdir"
Türkiyənin TOBB İqtisadiyyat
və Texnologiyalar Universitetinin (Ankara) azərbaycanlı professoru,
politoloq Toğrul İsmayılın "Həftə
içi"nə eksklüziv müsahibəsi
Dağlıq
Qarabağ məsələsinin sülh yolu həlli istiqamətində
aparılan danışıqların səmərəsizliyi
getdikcə uşaqdan böyüyədək hər bir azərbaycanlı
üçün artıq reallığa çevrilməkdədir.
Qardaş
Türkiyə dövləti və ictimaiyyəti də bu
problemin həlli istiqamətində aparılan
danışıqlarda Azərbaycanın yanında olduğunu dəfələrlə
bəyan edib. Problemin həlli perspektivləri, prosesdə
Türkiyənin rolu, son zamanlar bu ölkədə baş verən
siyasi olaylar barədə "Həftə içi"nə
müsahibəsində Türkiyənin TOBB İqtisadiyyat və
Texnologiyalar Universitetinin (Ankara) professoru, politoloq Toğrul
İsmayıl aydınlıq gətirməyə
çalışdı.
-
Danışıqlar uzun müddətdir davam etsə də, hələ
bir nəticə yoxdur. Nəticənin əldə olunması
da çətindir. Xüsusilə tərəfləri bir məsələdə
ortaq məxrəcə gətirmək çox çətindir.
Bunun səbəbi də əslində sadədir.
Azərbaycan
öz torpaqlarından vaz keçmək istəmir. Ermənistan
da hazırkı vəziyyətdə daha üstün mövqedə
görünür. Təkcə Qarabağ yox, onun ətrafındakı
əraziləri də işğal edib. Bazarlığa gedərsə,
ortada arqumenti var. Bu nöqteyi-nəzərdən Azərbaycanın
az imkanları mövcuddur. Digər tərəfdən, işin
arxasında Rusiyanın dayanması heç kimə sirr deyil. Bu
ölkənin Ermənistandan forpost kimi istifadə etməsi məsələni
daha da çətinləşdirir. Danışıqların
yaxın zamanlar nəticə vermə ehtimalı yoxdur. Rusiya
istəyərsə, bu məsələ həll oluna bilər. Moskva
hələ də bu məsələdə ciddi geopolitik dəyişiklik
etmək niyyətində deyil. Xüsusilə 2008-ci ilin
avqustunda gürcü-rus müharibəsindən sonra
Rusiyanın bölgədəki aqressiv xarici siyasəti bir daha
onu sübut etdi ki, o bölgədən çəkilmək istəmir,
burada öz mövqeyini qoruyub saxlamağa
çalışacaq. Bunun alternativi də Azərbaycanın
Türkiyə və ABŞ vasitəsilə bölgədə
Rusiyanı sıxışdıra biləcək tədbirlər
görməsidir. Hazırkı şərtlərdə bunun
mümkün olması inandırıcı deyil. Çünki
Azərbaycanın Rusiya ilə iqtisadi
bağlılığı var. Danışıqlar prosesi hələ
davam edəcək.
Məsələnin
dalana dirənməsinin başqa bir əsas səbəbi də
problemin beynəlxalq müstəviyə
çıxmasıdır. Belə olduqda Azərbaycanın
problemi silahlı müdaxilə ilə həll etmə
imkanları da azalır. Beynəlxalq oyun gedir və burada
oyunçular çoxdur. Həmin oyunçuların diqtə
etdiyi şərtlərlə yaxşı oynamaq
lazımdır. Bəzən Qarabağ məsələsi daxili
propoqandanın alətinə çevrilir və beynəlxalq aləmə
yanlış informasiya ötürülür. Beynəlxalq
hüququn gətirdiyi yeni anlayışlar var. Bu
anlayışlar içərisində de-fakto dövlətlər
də yer tutur. Bu nöqteyi-nəzərdən
baxdığımız zaman Dağlıq Qarabağ məsələsi
tamam fərqli bir müstəviyə çıxır. Millətlərin
öz müqəddəratını təyin etmə haqqı
başqa bir versiyanı üzə çıxarır. Azərbaycan
tərəfi bu məsələni ciddi işləyərək
beynəlxalq ictimaiyyət önünə yeni konseptual
yanaşma qoymalıdır. Sadəcə, "Biz Qarabağda
yaşayan ermənilərə yüksək statuslu muxtariyyət
verəcəyik" sözü ilə iş bitməz.
- Yeni konseptual yanaşma deyəndə
nəyi nəzərdə tutursunuz?
-
Bunun yanında orada yaşayan ermənilərin təminatı
məsələsi də qoyulmalıdır. Qarabağ hadisələri
zamanı ermənilər tərəfindən türklərə
qarşı soyqırımı siyasəti həyata
keçirilib, dinc əhali qətlə yetirilib. Həmin hadisələrin
şahidləri yaşadıqları dönəmdə bu
cür məsələlərin işlənməsi olduqca
çətindir. Amma işlənməsi lazım olan məsələdir.
Biz, ağır da olsa, bəzi işlərdə düzgün
taktikadan istifadə etməliyik. Ermənilər münaqişəni
tez unuda bilərlər. Bizim onlara qarşı hansısa cinayət
əməllərimiz olmayıb. Sumqayıt hadisələri isə
Rusiya xüsusi xidmət orqanlarının təşkil etdiyi
ssenari əsasında həyata keçirilib. Bu nöqteyi-nəzərdən
Azərbaycan türklərinin ermənilərin törətdikləri
cinayət əməllərini unutması olduqca çətin
olacaq. Xocalı soyqırımı, ondan əvvəl və
sonra çox ciddi cinayət faktları var. Ermənistandan 300
minə yaxın Azərbaycan türkünün öz ata-baba
yurdundan faciəvi şəkildə qovulması, yollarda ölməsi
faktları mövcuddur.
- Belə olan təqdirdə
çıxış yolu müharibə qalır? Azərbaycan
müharibəyə başlayarsa
- Mən
açığı müharibə sözünə
qarşıyam. Birincisi müharibəni kimə qarşı edəcəyik?
Əgər Ermənistan bizim torpaqları işğal etdiyini rəsmən
qəbul edirsə, onda müharibəni başlayaq. Amma Ermənistan
deyir ki, Azərbaycan torpaqlarını işğal etməyib.
Bu məsələ Dağlıq Qarabağ erməniləri ilə
Azərbaycana aiddir. Qarabağda yaşayan ermənilər isə
Azərbaycanın vətəndaşlarıdır. Dünya
ictimaiyyəti tərəfindən də bu belə də qəbul
olunur. O zaman Azərbaycan öz vətəndaşlarına
qarşı necə müharibə elan edəcək? Bu
dünya ictimaiyyətinə hansı formada
çatdırılacaq? Ermənistan və Rusiya KV-nin "Azərbaycan
müharibəyə başlayacaq" deməsi bizim əleyhimizə
işləyir. Birincisi biz müharibə aparmırıq.
İkincisi öz torpaqlarımızı
işğalçıdan və ya oradakı quldur dəstələrindən
azad etməliyik. Yəni Azərbaycan Qarabağda antiterror əməliyyatı
aparmasını elan edəcək. Ya Ermənistan etiraf edəcək
ki, Azərbaycanın torpaqlarını işğal edib, ya da
işğal etmədiyini deməyibsə, biz antiterror əməliyyatı
aparacağıq. Necə ki, Rusiya Şimali Qafqazda, Amerika
İraqda və digər yerlərdə bunu həyata
keçirir. Biz də Qarabağda həyata keçirə bilərik.
Bilirsiniz ki, Türkiyə bu haqlardan istifadə edərək
Şimali İraqa qədər girə bildi. Bu beynəlxalq
hüquq tərəfindən qəbul olunmuş normativdir.
- Dediyiniz kimi, Azərbaycan antiterror
əməliyyatına başlayarsa, o zaman Rusiyanın
mövqeyi necə olacaq? Açıq şəkildə Ermənistana
silahlı dəstək verəcəkmi?
-
İlk növbədə Yuxarı Qarabağ ətrafındakı
ərazilərin təmizlənməsinə qarşı kimsə
sizə etiraz edə bilməz. Bunu əvvəlcədən
yaxşı işləmək lazımdır. Biz bir yandan ermənilərə
yüksək status veririk və digər tərəfdən təbliğat
aparırıq ki, Azərbaycanın bir düşməni varsa,
o da ermənilərdir, onda heç kim bizə inanmayacaq. Bu səhv
təbliğat mexanizmidir. Birincisi, Azərbaycan xalqının
düşməni yoxdur. Bizi özlərinə düşmən
sayanlar və torpağımıza göz dikənlər var. Yuxarı
Qarabağda ermənilər necə yaşayırlarsa, Qərbi
Azərbaycandan qovulmuş 300 minə yaxın azərbaycanlı
da öz ata-baba yurdlarında yaşamalı və onların
qayıtmasını tələb etməyimiz zəruridir. Çünki
1948-ci ildə sovet ittifaqının nazirlər komitəsinin qərarı
ilə oradakı soydaşlarımız Azərbaycana, Orta
Asiyaya sürgünə göndərilib.
- Bu gün Türkiyənin Ermənistana
təzyiq imkanları nə qədərdir?
- Hər
halda Türkiyənin Ermənistana təzyiq imkanları var,
amma Rusiyanınkı qədər deyil. Türkiyə Ermənistana
təzyiqdən daha çox Rusiya ilə münasibətlərdə
erməni məsələsini gündəmə gətirməlidir.
İmzalanmış protokollar da bunlardan biri idi. Düzdür,
qalmaqallı nəticə oldu. Amma Türkiyə tərəfinin
protokol məsələsində problemləri oldu və həll
etməyə çalışdı. Ermənistanın isə
qondarma erməni soyqırımını gündəmə gətirməsi
onu göstərir ki, bu ölkə təkcə Azərbaycana qarşı
deyil, Türkiyəyə qarşı da aqressiv siyasət
yürüdür və ərazi iddialarının olduğunu
gizlətmir. Ermənistanın bu siyasətinin hələ davam
edəcəyi məlumdur.
- Belə çıxır ki,
müharibə başlayanda Rusiya Ermənistanın yanında
olacaq. Amma Türkiyə Azərbaycanı o səviyyədə
müdafiə etməyəcək
-
Müharibə başlayarsa, ilk öncə beynəlxalq
güclər işə qarışar və Azərbaycan
çox ağır vəziyyətdə qalar. Minsk Qrupunun həmsədrləri
və aparıcı dövlətlər də buna qarşı
çıxacaqlar.
- BMT-nin qətnamələri var
axı
- Azərbaycan
BMT-də lobbiçilik fəaliyyətini gücləndirməlidir
ki, oradakı dövlətlər Ermənistanı
sıxışdırsınlar və həyata keçirsinlər.
- Dünyada baş verən proseslər
onu göstərdi ki, beynəlxalq hüquq deyilən
anlayış sadəcə, böyük dövlətlərin əlində
bir vasitədir. Liviya ilə bağlı qəbul edilən qərarlar
və iki gün sonra bu ölkəyə müdaxilə onu bir
daha təsdiqlədi. Belə olan təqdirdə lobbiçilik
fəaliyyəti hansı səmərə verəcək? Guya
söz sahibi olan dövlətlər bilmir ki, Ermənistan Azərbaycan
torpaqlarını işğal edib?
- Təəssüf
ki, bu gün böyük dövlətlər nə istəyirlərsə,
o da olur. Ona görə də böyük dövlətlərlə
yaxşı oynamaq lazımdır. Azərbaycanın
düzgün oyun oynaması üçün əlində
imkanları var.
- Ermənistanın vəziyyəti
qat-qat pisdir. Bu kontekstdən baxanda Qarabağ məsələsində
iki dövlətin vəziyyəti ilə bağlı necə
müqayisə aparmaq olar?
- Bölgədəki
oyunçu Ermənistan deyil. Onun sahibinə diqqət yetirmək
lazımdır. Tarixə baxanda görürük ki, ermənilərdən
imperialist güclər daim maşa kimi istifadə edərək
oynadıblar. Təəssüf ki, ermənilər də bu cür
siyasətdən yararlanmağa çalışırlar. Amma
onu da bilmək lazımdır ki, türklər bu bölgədə
min illərdir var və var olmaqda da davam edəcək. Ermənilər
də bunu çox gözəl anlayırlar. Onların içərisində
də Ermənistandakı Qarabağ mafiyasına qarşı
olan ağıllı ermənilər var. Onlar bilirlər ki,
yaxşı yaşamaq istəyirlərsə, qonşu xalqlarla
normal əlaqələr qurmaq lazımdır. Ona görə də
Ermənistanı bizə qarşı qoyan güclərlə
münasibətlərimizə aydınlıq gətirmək
lazımdır. Rusiya Cənubi Qafqazda bütün
separatçı gücləri dəstəkləyir. Hakimiyyətdə
olan normal iqtidarlarla işləmir. Köhnə ənənəvi
rus xarici siyasəti hələ də dəyişməyib. Hələ
də bölgədəki dövlətləri öz təsiri
altında olan ərazi kimi görür. Ona görə də
bu məsələ ağırdır. Amma Rusiya ilə işləyərkən
digər ölkələri də unutmaq olmaz. Türkiyə
dostumuzdur, müttəfiqimizdir. Amma Türkiyə ilə
işləmək Rusiya ilə işləməkdən daha
vacibdir. Qardaş, dost deyə-deyə baxarsız ki, münasibətlər
artıq soyuqlaşıb. Çünki Türkiyə və Azərbaycan
ayrı-ayrı dövlətlərdir və hərəsinin
öz maraqları var. Ermənistanla Rusiya arasında hərbi
strateji əməkdaşlığa dair müqavilə var. Azərbaycanla
Türkiyə arasında olan hərbi əməkdaşlığa
dair müqavilədə üçüncü dövlət
hücuma keçərsə, bir-birini müdafiə etmək
anlayışı yoxdur. Birgə müdafiə məsələsinə
isə bir çox məsələ daxildir.
Əli Zülfüqaroğlu
Həftə içi.- 2011.- 17 may.-
S. 1, 4.